Azərbaycanda 1C proqramı qadağan edilə bilərmi?

posted in: Xəbər | 0

Azərbaycanda 1C proqramıRusiya-Ukrayna müharibəsi səbəbilə Rusiya məhsullarına qoyulan qadağa bir qədər əvvəl internet məkanına və onlayn məhsullara da yayılmağa başlayıb.

Bir neçə gün əvvəl «Apple» şirkəti Rusiyanın «Vkontakte» şəbəkəsi ilə bağlı bəzi məhsulları «Appstore»dən çıxarıb.

«Vkontakte» Azərbaycanda aktiv istifadə olunmasa da, Rusiya istehsalı olan bəzi onlayn məhsullar ölkəmizdə, xüsusilə mühasibatlıq kimi ciddi sahələrdə istifadə edilir. Onlardan biri də 1C mühasibatlıq proqramıdır.

Məlum məsələdir ki, son günlər Rusiyaya qarşı sanksiyalar müxtəlif istiqamətlər üzrə tətbiq edilir. Bunların içərisində internet proqramları da ayrıca yer tutur. Rusiya domenli elektron poçt istifadəçilərində olduğu kimi, mühasibatlıq proqramının istifadəçiləri də müəyyən risklərlə üz-üzə qalırlar. Rusiya istehsalı olan 1C proqramı mühasibatlıq sistemində xüsusi yer tutur.

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib ki, «1C» proqramı Azərbaycan mühasibatlıq sistemində ən çox işlənən mühasibatlıq proqramlarından biridir: «Düşünürəm ki, Rusiyanın internetində problemlər yaransa və 1C-nin lisenziyaları, proqrama aid digər məsələlər Cloud üzərində olduğundan burada da problemlər qaçılmaz olacaq. Bu baxımdan monitorinqin aparılması və bizim 1C istifadəçilərinin tədricən milli proqramlara keçməsi doğru olardı».

Ekspertin fikrincə, bununla bağlı dövlət qurumları, o cümlədən, Maliyyə Nazirliyi, sahibkarlıq qurumları şirkətləri məlumatlandırmalı və tapşırıqlar verməlidirlər: «Nəzərə almaq lazımdır ki, həmin proqramın üzərində böyük datalar və hesablamalar var. Sabah təbii ki, müəyyən problemlər ola bilər».

Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, tanınmış ekspert Mehdi Babayev bildirib ki, hazırda 1C Azərbaycanda ən çox istifadə olunan mühasibatlıq proqramıdır:

«Müəssisələrdə avtomatlaşdırılmış uçot sisteminin qurulmasına ehtiyacı ən yüksək səviyyədə yalnız mühasibat proqramları ilə təmin etmək olar. Belə proqramlardan biri də 1C proqramıdır. Başqa proqramlar da vardır, lakin hazırda ölkəmizdə 1C proqramı ən çox istifadə olunandır. Bu proqram müxtəlif dil versiyalarında, çeşidli modullarda, Azərbaycan bazarına ilk daxil olanlardan olduğuna və daha çox təlim keçəni, təklif edəni, satıcısı olduğuna görə hələlik öndə gedir. Ümumilikdə ölkəmizdə mühasibatlıq sahəsində bu proqramdan istifadə 50%-dən çox göstəricini əhatə edir».

Bu proqrama sanksiya qoyulmasına gəlincə, Mehdi Babayevin fikrincə 1C proqramı demək olar ki, Rusiya malı standartından çıxıb, üstəlik onun böyük hissəsi lisenziyasız istifadə edilir.

Ona görə də bu proqramın «pirat» varianlarının çoxalmasının qarşısını almaq mümkün olmayacaq: «Heç də sirr deyil ki, praktikada istifadə olunan mühasibat proqramlarının 70-80 faizi lisenziyasızdır. Yəni aidiyyəti proqramçılar tərəfindən 1C öz rəsmi müəlliflərindən kənar, xəbərsiz lisenziyalaşdırılmadan müstəqil istismar halına gətirilərək istifadə olunur, müştərilərə satılır. Məlumatlara görə hətta 1C-in ən son versiyaları lisenziyadan kənar təqdim olunması halları da vardır».

Ekspert qeyd edib ki, istisna hal kimi xarici investorlar tərəfindən yaradılmış və ya xarici şirkətlərlə bilavasitə mülki-təsərrüfat münasibətlərdə olan şirkətlərdə ola bilsin ki, 1C tətbiqi olmasın və ya əgər tətbiq olunursa ləğv edilsin: “Bu isə çox az ehtimal olunur. 1C-nin lisenziyalı alqı-satqısı Rusiyaya olan sanksiyalara görə azala bilər. Amma ölkəmizdəki təsərrüfat subyektlərinin əksəriyyəti daxili bazarın iştirakçıları olan mikro, kiçik və orta sahibkarlardır və onların da lisenziyasız 1C-nin tətbiqindən kənarlaşdırılması ağlabatan görsənmir».

Ekspert sanksiyalar səbəbindən bu proqramdan imtinanı real saymır: «Şirkətin mühasibatlıq kabinetinə daxil olub «siz nəyə görə 1C istifadə edirsiz» və ya «1C-dən imtina etməsəniz sizinlə əlaqələrimizi saxlayacayıq” kimi təsirlər absurd və çox primitiv yanaşmadır».

Mehdi Babayev hesab edir ki, hələlik 1C mühasibat proqramının Rusiyaya tətbiq olunan sanksiyaların kütləvi təsirinə məruz qalması gözlənilmir: «Əməliyyatları az olan mikro və kiçik sahibkarlıq subyektlərində ixtisaslaşdırılmış mühasibat proqramından istifadə etməmək də olar. Əgər əməliyyatların çeşidi azdırsa, fərdi sahibkardırsa və tək və ya az sayda təsisçisi olan təsərrüfat subyektidirsə mühasibat uçotunu EXCEL faylında (proqramında) da aparmaq olar. Lakin ağır istehsalat prosesləri olan, çoxlu funksional strukturları olan orta və iri sahibkarlıq subyektlərində mühasibat proqramını tətbiq etməklə uçotun avtomatlaşdırılması həyata keçirilməlidir ki, müəssisənin fəaliyyətinin fasiləsizliyi və resurslarına və öhdəliklərinə nəzarət mümkün olsun».

Ekspertin sözlərinə görə, əgər 1C mühasibat proqramından istifadəyə hər hansı qadağalar qoyularsa və ondan istifadə etmək mümkün olmazsa, bazarda olan başqa proqramlardan istifadə etmək lazım gələcək: «MİKRO» (Türkiyə), «Loqo» (Türkiyə), «AzMühasib» (Azərbaycan), «Günəş» (Azərbaycan), «Hesabat» (onlayn proqram), «ERP» (müəssisə resurslarının planlaşdırılması) kimi mühasibatlıq proqramlarından istifadə etmək olar».

Mənbə: fed.az


Aksiz nədir, hansı məqsədlə tətbiq edilir?

posted in: Xəbər | 0

Aksizlərin tətbiq məqsədi

“Aksiz vergisi nədir?” sualı Azərbaycan Respublikası Vergi Məcəlləsinin XII fəslində şərh edilir. Bu fəsildə dolayı vergi növü kimi aksizlərin tətbiq sahəsi, vergi dərəcəsi, vergitutma obyekti, onun təyin olunması kimi digər əsas elementlər əks olunub. Aksiz – müəyyən kateqoriya, adətən yüksək gəlirli istehlak məhsulları üçün (məsələn, alkoqol, tütün, dəbdəbəli mallar, qiymətli metallar) təyin edilən ən çox yayılmış dolayı vergilərdən biridir.

Aksiz vergisi 2023-cü ildə də öz mahiyyətini saxlayıb, yəni əmtəə istehsalçılarından və ya idxalçılardan tutulur, amma müvafiq xərc maddəsi kimi  aksizli malların satış qiymətinə daxil edilir. Alıcıları onu avtomatik, demək olar ki, fərqinə varmadan ödəyir, yəni, faktiki olaraq aksizlərin ödənişini alıcılar həyata keçirir. Bu səbəbdən onu dolayı vergi növünə aid edirlər.

Əlavə dəyər vergisi (ƏDV) eyni prinsiplə tutulur, lakin sonuncunun məbləği alıcının satış nöqtələrində aldığı çekdə görünürsə də, aksiz vergisi ayrıca sətir kimi ayrılmır və bəzən alışın dəyərini nə qədər artırdığını başa düşmək çətindir.

Beləliklə:

  • formal olaraq aksiz vergisini  ödəyiciləri aksizli mal istehsal edən, ya da satışını həyata keçirən müəssisələrdir;
  • faktiki olaraq isə, aksizlər  malın istehlakçıları tərifindən ödənilir,  çünki o, əmtəənin qiymətinə daxil edilir.

Bu vergi növü yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması məqsədilə müəyyən edilir. İqtisadi mahiyyətinə görə aksizlər:

  • bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması;
  • digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir.

Vergilər haqqında daha çox məlumat almaq üçün “Accounting.Az” konsaltinq şirkətinin vergi konsultasiyası xidmətinə müraciət edin


Aksizlər ilk dəfə hansı ölkələrdə tətbiq edilib ? 

Aksiz vergisi 2023-cü ilə qədər keçən dövrdə nəzəri cəhətdən kifayət qədər inkişaf edib. Bəs tətbiqinin ilkin mərhələsində, dolayı vergilərin nəzəri cəhətdən dərk olunmağa başlandığı 17-ci əsrdə maliyyəçilər “Aksziz vergisi nədir?” sualını necə cavablayırdılar? 1666-cı ildə F.Demezon (fransız iqtisadçısı) aksizin vergitutmada əhəmiyyətini belə qeyd edirdi: “…təkcə aksiz bütün vergilərin gətirdiyi qədər və ondan da çox fayda gətirə bilər…”

Vergitutma prosesində mövcud bir sıra problemlər həmişə dövrün fikir sahiblərinin – iqtisadçı, filosof, dövlət xadimlərinin dıqqət mərkəzində olub. Əmək dəyər nəzəriyyəsinin müəllifi, nüfuzlu ingilis iqtisadçısı U.Petti (1623-1687)   vergitutmanın üstünlüklərindən «Vergilər və yığımlar haqqında» traktatında bəhs etmişdi. Xüsusən də aksizlərin üstün cəhətləri barədə aşağıdakıları qeyd edib (şəkil 1):

İngilis iqtisadçısı U.Petti (1623-1687) «Vergilər və yığımlar haqqında» aksiz vergisi haqqında

Vergitutmada nəzəriyyə ilə birlikdə təcrübə də təkmilləşirdi. 1969-cu il Fransada nazir kimi çalışan Abbat Terre dolayı vergiləri daha rahat vergi hesab edir, belə vergilərin diferensiallaşdırılmasını təklif edirdi:  “İlkin tələbat malları (taxıl) vergidən azad olunmalıdır, heyvanlar çox cüzi vergiyə cəlb olunmalıdır, çaxır nisbətən çox, kobud parçalar çox az, zinət əşyaları çox yüksək və s.”

Tarixi mənbələrdə aksizlərin İlk dəfə Fransada, 1345-ci il ildə kral VI Filipp tərəfindən duz, çaxır, araq məhsullarına tətbiq olunduğu qeyd edilir. Maraqlıdır ki, aksiz vergisi 2023-cü ildə də, uzun müddət keçməsinə baxmayaraq, həmin məhsullardan bir çoxuna tətbiq edilməkdədir.

Amma, tarixi mənblərə görə, bu vergi növündən Qədim Romada da istifadə olunub. O dövrdə mövcud olan rüsumlar və vergilər sadə insanlar üçün çətin başa düşülür, ödənişlərin yığılmasında, nəzarətində çətinliklər yaranırdı. Bu vəziyyət əlavə inzibati xərclər olmadan imperiya xəzinəsinin sabit şəkildə doldurulmasına zəmanət verəcək sadə yığımlara ehtiyac yaratdı.

Aksiz vergisi öz adını yığılan verginin mahiyyətindən aldı. Mahiyyətcə bu, əldə edilmiş əmlakın bir hissəsinin pul ifadəsində dövlət tərəfindən alınması idi – “mən özüm üçün götürdüm, bir parça da dövlət üçün kəsdim” (latınca “accido” sözü “kəsmişəm” deməkdir).

Dolayı vergilər Avropada daha çox orta əsrlərdən geniş yayılmağa başladı. Çox vaxt onlar istehlak mallarına yaxud xidmətlərə tətbiq edilirdi. 17-ci əsrin ortalarında İngiltərədə spirtə ilk aksizlər tətbiq edildi.

Təxminən eyni vaxtda Rusiyada məhsulların qiymətini artıran oxşar vergi əlavələri meydana çıxdı. Uzun müddət bu insanların “zövq üçün” aldıqları əmtəələrdən – spirt, tütün, bal, ədviyyatlardan tutulurdu. XX əsrin 90-cı illərdə bu siyahıya şokolad, dəri, xəz, büllur, çini, qiymətli metallar, kürü və balıq delikatesləri də daxil edildi.

Hazırda da geniş şəkildə yığılan bu vergi hər məhsula deyil, müəyyən kateqoriyaya aid edilir. Bu da aksiz vergisini digər vergilərdən fərqləndirir.

Azərbaycanda aksiz vergilərinin tətbiq xüsusiyyətləri hansılardır?

Azərbaycan vergi qanunvericiliyində aksizli malların siyahısı verilib. Aksizi dərəcələri demək olar ki, hər il dəyişir. Bu da təbiidir,  belə ki, dəyişən şəraitə uyğun olaraq ölkə onu  iqtisadi tənzimləmə və fiskal alət kimi istifadə edir.

Aşağıdakı şəkildə aksizin Azərbaycan vergi sistemində tətbiqinin qısa tarixi icmalı verilib (şəkil 2):

Aksiz vergisi Azərbaycan vergi sistemində 01.01.1992-ci ildən tətbiq olunur

Aksiz vergisinin dolayı vergi olması (idxal zamanı ödənilən aksiz istisna olmaqla) onun əvəzləşdirilməsi mexanizmini inkişaf etdirməyə kömək olur. Bu məqsədlə, əlavə dəyər vergisində olduğu kimi, onun da əvəzləşdirməsi mexanizmi işlənib hazırlanmışdır. İstehsalçının aksizli malın istehsalı üçün aldığı xammallara görə ödədiyi aksiz vergisini əvəzləşdirmək hüququ var (Vergi Məcəlləsi, maddə 189). Çünki nəzəri olaraq belə malları  istehsal edən şəxs aksiz vergisi ödəyicisi olsa da, faktiki olaraq o, istehlakçıdan tutulur. Aksizli mallara daxili istehsal üzrə vergi orqanları, idxalına isə gömrük orqanlarına nəzarət edir.   


Kapital Bank ahıllar üçün bilik yarışı təşkil etdi

posted in: Xəbər | 0

Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində növbəti sosial layihəni həyata keçirib. “YAŞA” Mərkəzinin üzvləri komandalar şəklində ənənəvi intellektual oyunda biliklərini sınayıblar. Yarışma məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçirilib.

Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. “Turan” intellektual klubunun təsisçisi Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən mübarizə zamanı “Sərvət” komandası birinci yerə, “Çinar” komandası ikinci yerə, “Uğur” komandası isə üçüncü yerə layiq görüldü.

Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul mükafatları verildi. Tədbirdə çıxış edən “Üçüncü Bahar” Birliyinin İdarə Heyətinin sədri Leyla Ağayeva komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və uğurlar arzuladı.

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya https://www.facebook.com/uchuncubahar, https://www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq

posted in: Xəbər | 0

əmək pensiyasıAzərbaycanda vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.

Mənbə: report.az


1 630 631 632 633 634 635 636 2. 690