Bu şəhər turist vergisi tətbiq etməyə hazırlaşır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

turist vergisiSankt-Peterburq turist vergisi tətbiq etməyə hazırlaşır. Şəhərin maliyyə komitəsinin sədri Aleksey Korabelnikov bu barədə açıqlama verərək bildirmişdir ki, yeni yığım 2019-cu ildən reallaşdırıla bilər: «Bu addımın atılması Rusiya Federasiyasının Vergi Məcəlləsində dəyişiklik olunmasını tələb edir, hazırda Maliyyə Nazirliyi və ölkəmizdə turizmin inkişafı üçün məsuliyyət daşıyan Mədəniyyət Nazirliyi ilə iş aparırıq». Nəzərdə tutulan yığımın detalları hələ müzakirə prosesində olsa da, komitə rəhbəri qeyd etmişdir ki, burada yük biznesin deyil, turistlərin üzərinə düşməlidir: «Bütün hallarda yığımı qonaqlar ödəyəcəklər. Biz öz turizm infrastrukturumuzun əlavə yükünü demirik, söhbət şəhərimizin bizim infrastrukturumuzdan istifadə edən qonaqlarından gedir. Dünya təcrübəsinə uyğun olaraq biz turistlərin öz töhfələrini vermələrini ədalətli hesab edirik».

Qeyd edilmişdir ki, əsas istiqamət kimi Avropa ölkələrinin təcrübəsi götürülmüşdür. Bununla belə, ilk illərdə əhəmiyyətli məbləğdə vergi yığılmayacaq: «Dünyada bu yığımlar müxtəlif şəkillərdədir, haradasa gündəlik 1-2 avro məbləğində müəyyənləşdirilmişdir, haradasa mehmanxanada qalmaq xərclərinin 5 faizini təşkil edir. Belə düşünürəm ki, biz turist vergisi üçün Avropadakı qədər faiz müəyyənləşdirməyəcəyik, məncə, yığımın məbləğinin mehmanxanada qalmaq haqqının 1-2 faizi qədər olması ədalətli ola bilər».

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Statistikaya görə, bu yay futbol üzrə son dünya çempionatı zamanı Rusiyanın şimal paytaxtına – Sankt-Peterburqa 700 min turist gəlmişdi ki, onların da 70 faizdən çoxu əcnəbilər olmuşdur. 2017-ci ildə Peterburq 7,5 milyon turisti  qarşılamışdı ki, onların da yarıya yaxını xarici ölkələrdən gəlmiş qonaqlar idi. Hazırda buraya turistlər daha çox Çindən gəlsə də, son vaxtlar Qərb ölkələrindən gələn turistlərin sayında da artım özünü göstərməkdədir.

Onu da qeyd etmək yerinə düşər ki, 2018-ci il mayın 1-dən Rusiya Federasiyasında kurort yığımlarının tətbiqi haqqında qanun qüvvəyə minmişdir. Qanuna əsasən, kurort yığımının həcmini yerli hakimiyyət orqanları müəyyənləşdirirlər, bu şərtlə ki, gündəlik yığım həcmi 100 rubldan (2,5 manatdan) artıq ola  bilməz. Krımda, eləcə də Altay, Stavropol və Krasnodar diyarlarında kurort infrastrukturundan istifadə edənlər əlavə haqq ödəyirlər. Eksperiment kimi tətbiq edilən bu yığımın müddəti 2023-cü ilə qədər uzadılmışdır.

Mənbə: vergiler.az
Print Friendly, PDF & Email