Mühasibat uçotu sistemində ehtiyatlar müəssisənin maliyyə dayanıqlığını və fəaliyyətinin davamlılığını təmin etmək üçün yaradılır. Kapital ehtiyatları – bölüşdürülməmiş mənfəətin və ya digər daxili resursların xüsusi məqsədlərlə ayrılması nəticəsində formalaşan vəsaitlərdir. Bu vəsaitlər risklərin qarşılanması, gələcək zərərlərin kompensasiyası, kapital strukturlarının tənzimlənməsi üçün istifadə olunur. Məqalədə kapital ehtiyatlarının tərkib hissəsi olan 335 saylı “Digər ehtiyat” hesabı araşdırılır, hesab üzrə uçot, tətbiq edilən beynəlxalq standartlar, eləcə də praktiki mühasibat nümunələri təqdim olunur.
33-cü “Kapital ehtiyatları” maddəsinin uçot hesabları
Mühasibatlıqda kapital ehtiyatları üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. Bu qaydalarla müəyyən edilmiş hesablar planında kapital ehtiyatları eyni adlı 33-cü maddəyə aid edilən aşağıdakı hesablar üzrə aparılır:
- 331 saylı “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”;
- 332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat”;
- 333 saylı “Qanunvericilik üzrə ehtiyat”;
- 334 saylı “Nizamnamə üzrə ehtiyat”;
- 335 saylı “Digər ehtiyatlar”.
Bu hesablar kapitalın bir hissəsi olmaqla müəssisənin passivlərində əks olunur və birbaşa mənfəətin idarə olunması və risklərin tənzimlənməsi məqsədi daşıyır. Xüsusilə, 335 saylı hesab konkret məqsədi müəyyən edilməmiş, lakin gələcək ehtimalları nəzərə alan ehtiyatların toplanması üçün nəzərdə tutulur.
Digər ehtiyatların tərkibi və təyinatı
335 saylı “Digər ehtiyatlar” hesabı mühasibat uçotunda müəssisə tərəfindən qanunvericiliklə və ya təsis sənədlərində nəzərdə tutulmamış, müəssisənin öz istəyi ilə yaradılan ehtiyatları əks etdirir. Bu ehtiyatlar çox vaxt qeyri-müəyyən risklərə və ya qeyri-müntəzəm əməliyyatlara qarşı maliyyə buferi kimi istifadə olunur.
Belə ehtiyatların tərkibində aşağıdakılar yer ala bilər:
- fövqəladə hallarla bağlı risklərə qarşı ehtiyatlar;
- gələcək layihələr və innovasiyalar üçün yaradılmış daxili fondlar;
- strateji investisiyalar üçün ayrılmış daxili resurslar;
- kredit və ya valyuta risklərinin yumşaldılması məqsədilə yaradılmış bufer vəsaitlər;
- ictimai layihələrə, sosial məsuliyyət proqramlarına dəstək ehtiyatları.
Bu ehtiyatlar müəssisənin idarəetmə heyətinin qərarı ilə formalaşdırılır və ehtiyac yarandıqda müəyyənləşdirilmiş istiqamətlərdə istifadə olunur.
335 saylı hesabın xüsusiyyətləri və istifadəsi
335 saylı hesab aşağıdakı əsas xüsusiyyətlərə malikdir:
- passiv hesabdır, kapitalın tərkib hissəsi kimi balansda yer alır;
- formalaşması müəssisənin sərbəst qərarına əsasən həyata keçirilir;
- ehtiyatın məqsədi və istifadəsi daxili siyasətlə tənzimlənir;
- müxtəlif ehtiyatlar bu hesab altında qruplaşdırıla bilər;
- müəssisənin risk idarəetməsi və uzunmüddətli sabitliyinə dəstək verir.
Bu hesabın istifadəsi zamanı müəssisə bölüşdürülməmiş mənfəətdən ehtiyatlar ayırmaqla 335 saylı hesabı artırır. Sonradan bu ehtiyatlardan istifadə olunduqda hesab azaldılır.
335 saylı “Digər ehtiyatlar” hesabında uçotun tənzimlənməsi
Tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 31.14-31.16-cı maddələrinə uyğun aparılır. Digər ehtiyatın yaradılması üzrə müxabirləşmələr hesabın krediti üzrə, ehtiyatdan istifadə isə debiti üzrə əks olunur. Əməliyyat müəssisənin qərarı ilə müəyyən edilmiş məbləğ çərçivəsində aparılır.
335 saylı hesab beynəlxalq mühasibat standartları baxımından əsasən aşağıdakı normativ sənədlərlə tənzimlənir:
- MUBS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi” (IAS 1): kapital ehtiyatları ayrıca bölmədə açıqlanmalı, onların növü və mənbəyi göstərilməsin tələb edir;
- MUBS 10 – “Hesabat dövründən sonrakı hadisələr” (IAS 10): hesabatdan sonra baş verən və ehtiyatların yaradılmasına səbəb olan hadisələrin təsviri və uçot mexanizmi izah olunmalıdır;
- MHBS 7 – “Maliyyə alətləri: Məlumatın açıqlanması” (IFRS 7): Maliyyə risklərinin idarə edilməsi çərçivəsində ehtiyatların strukturu barədə şəffaflıq təmin olunması tələb olunur;
- MUBS 37 – “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” (IAS 37) digər ehtiyatların yaradılmasında risklərin, qeyri-müəyyən hadisələrin və şərti zərərlərin nəzərə alınması bu standartın əsas tələbidir.
Bu standartlar ehtiyatların tanınması, ölçülməsi, təqdimatı və açıqlanması məsələlərini əhatə edir və müəssisələrin hesabatlarının şəffaflığını təmin edir.
335 saylı hesabın tətbiqi üzrə praktik nümunələr
Nümunə 1: Gələcək texnoloji avadanlığın alınması üçün ehtiyat yaradılması
“ABC MMC” rəhbərliyi 2024-ci ilin mənfəətindən gələcəkdə texnoloji avadanlıqların alınması üçün 12000 manat, sosial təyinatlı tədbirlər üçün 2000 manat ehtiyat yaratmaq qərarı verir (31.14-ci bəndin tətbiqi).
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Hesabat dövrünün sonuna formalaşan xalis mənfəəti | 801-“Ümuni mənfəəət” | 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” | 100000.00 |
| Gələcək layihələr üçün daxili ehtiyat fondunun yaradılması | 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” | 335 -1– “Digər ehtiyatlar: gələcək layihələr ” | 12000.00
|
| Sosial təyinatlı tədbirlərin maliyələşməsi üçün fondun yaradılması | 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” | 335 -2– “Digər ehtiyatlar: sosial fond ” | 2000.00 |
Nümunə 2: Ehtiyatın istifadə edilməsi
2025-cı ildə bu fondlardan 10.000 manatı avadanlıq alınmasına, 1000.00 manat isə müəssisədə Novruz bayramı şənliyinin keçirimlisinə işçilərin yönəldilir (31.15-ci bəndin tətbiqi).
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Daxili ehtiyat fondu hesabına avadanlığın alınması | 335 -1: “Digər ehtiyatlar” | 538 – “Digər qısamüddətli kreditor borcları” | 10000.00
|
| Alınmış avadanlıq üçün vəsaitin ödənilməsi | 538 – “Digər qısamüddətli kreditor borcları” | 223 – “Bank hesablaşama hesabları” | 10000.00 |
| Novruz bayramı şənlikləri daxili ehtiya fondu hesabına ödənilir | 335 -2: “Digər ehtiyatlar” | 538 – “Digər qısamüddətli kreditor borcları” | 2000.00 |
Nümunə 3: Ehtiyatın geri qaytarılması
“ABC MMC” rəhbərliyi ilin sonunda gələcək layihələr üçün daxili ehtiyat fondunda qalan vəsaiti 343 saylı hesaba qaytarılması qərarını verir (31.16-ci bəndin tətbiqi).
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Digər ehtiyatlar hesabındakı vəsait geri qaytarılır | 335 -1: “Digər ehtiyatlar” | 343 – “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | 2000.00 |
Beləliklə, 335 saylı “Digər ehtiyatlar” hesabı müəssisələrin daxili risklərə qarşı maliyyə buferi yaratmasına və gələcək məqsədlər üçün vəsait toplamasına şərait yaradır. Bu hesab uçot sistemində çeviklik və idarəetmədə strateji qərarların dəstəklənməsi baxımından önəmli rol oynayır. Müəssisələr 335 saylı hesabdan istifadə etməklə maliyyə sabitliyini gücləndirə və investorlar qarşısında etibarlılığını artıra bilər.

