Müasir biznes mühitində müəssisələrin maliyyə vəsaitlərini səmərəli şəkildə yerləşdirməsi onların likvidliyini, rentabelliyini və ümumi maliyyə dayanıqlığını təmin edən əsas amillərdən biridir. Bu baxımdan, qısamüddətli investisiyalar xüsusi aktuallıq kəsb edir. Mühasibat uçotunda belə investisiyaların uçotu üçün nəzərdə tutulan hesablardan biri 234 saylı “Digər qısamüddətli investisiyalar” hesabıdır. Bu məqalədə adıçəkilən hesabın məzmunu, funksiyası, müvafiq beynəlxalq standartlarla əlaqəsi və praktiki tətbiq nümunələri izah olunur.
Maliyyə qoyuluşlarının ödəmə müddətinə görə təsnifatı
Ödəmə müddətinə görə maliyyə investisiyaları əsasən aşağıdakı qruplara bölünür:
- qısamüddətli – 12 ay və ya bir hesabat dövründən artıq olmayan müddətə yerləşdirilən investisiyalardır.
- uzunmüddətli – 12 aydan çox müddətə nəzərdə tutulmuş maliyyə qoyuluşlarıdır.
Qısamüddətli investisiyalar əsasən gəlirlilik baxımından daha az riskli və likvid alətlərə yönəldilir, məsələn: istiqrazlar, depozitlər, səhmlər, investisiya fondlarına vəsait qoyuluşu və s. Bu investisiyaların uçotu mühasibat uçotu subyektləri üçün hesablar planının 23-ci maddəsinə aid hesablarda aparılır.
Hesablar planının 23-cü maddəsi: məzmunu və tərkibi
“Mühasibat uçotu subyektləri üçün hesablar planın”-da “Sair qısamüddətli maliyyə aktivləri” adlanan 23-cü maddə müəssisənin sərbəst vəsaitlərinin müxtəlif investisiya alətlərinə qoyuluşunun, habelə sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlərlə bağlı ümumiləşdirilmiş məlumatların əks olunmasın təmin edir.
Maddənin tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən olunur. Bu tərkibə, qaydaların 25.1 bəndinə əsasən, aşağıdakı hesablar daxildir:
- 231 saylı “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” hesabı;
- 232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” hesabı;
- 233 saylı “Verilmiş qısamüddətli borclar” hesabı;
- 234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı;
- 235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı.
234 saylı hesab, adından da göründüyü kimi, yuxarıdakı konkret kateqoriyalara daxil olmayan, lakin qısamüddətli xarakter daşıyan maliyyə qoyuluşlarının uçotu üçün nəzərdə tutulmuşdur.
Hesabın məzmunu və funksiyası
234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı özündə mühasibat uçotu subyektində FVPL və FVOCI kimi tanınan, törəmə müəssisələrə investisiya qoyuluşları, habelə 231, 232 və 233 saylı hesablara aid edilməyən digər qısamüddətli investisiyaların dövriyyəsi barədə ümumiləşdirilmiş məlumatları əks etdirir. MHBS 9: “Maliyyə alətləri” (IFRS 9)-a görə:
- FVPL (Fair Value Through Profit or Loss) – ədalətli dəyəri mənfəət və ya zərər haqqında hesabatda tanınan investisiya qoyuluşları;
- FVOCI (Fair Value Through Other Comprehensive Income) – ədalətli dəyəri məcmu gəlir haqıında hesabatda tanınan investisiya qoyuluşlarıdır.
Hesabın funksiyalarına aşağıdakılar aid edilə bilər:
- müəssisənin qısa müddətdə gəlir əldə etmək məqsədi ilə etdiyi maliyyə yerləşdirmələrinin mühasibat uçotunda dəqiq əksini təmin etmək;
- maliyyə hesabatlarında real vaxtlı və düzgün məlumatın verilməsinə yardım etmək;
- müəssisənin investisiya siyasətinin təhlili üçün əsas baza rolunu oynamaq.
Yuxarıda qeyd edilənlər nəzərə alıb, deyə bilərik ki, 234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı müəssisələrin likvid və gəlir gətirən aktivlərə yönəlmiş vəsaitlərinin uçotunda mühüm yer tutur.
Qısamüddətli investisiyaların uçotunun tənzimlənməsi
234 saylı hesab üzrə uçot aparılarkən aşağıdakı prinsiplər əsas götürülür:
- ədalətli dəyər üzrə qiymətləndirmə;
- gəlir və zərərin tanınması dövrünün düzgün müəyyən edilməsi;
- investisiya alətlərinin realizəsi zamanı müvafiq gəlir və ya zərərin “maliyyə nəticələri” bölməsində tanınması.
Əgər investisiya satılarsa və ya itirilərsə, bu zaman həmin aktivin balans dəyəri ilə realizə dəyəri arasındakı fərq müvafiq gəlir və ya zərər kimi uçota alınır.
Uçotun tənzimlənməsi “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın aşağıdakı bəndləri əsasında aparılır:
- digər qısamüddətli investisiyaların əldə edilməsi zamanı – 25.18-ci bənd;
- ədalətli dəyərində dəyişiklik olduqda qaydaların 25.19 və 25.20-ci bəndləri;
- satış məqsədi ilə saxlanılan aktivlər hesabına keçirildikdə 25.21-ci bənd;
- digər qısamüddətli investisiyalar satıldıqda – 25.22-ci bənd;
- hesablaşma tarixi metodu tətbiq edildikdə – 25.23-cü bəndi;
- əvvəllər ədalətli dəyərində yaranmış azalma və artma məbləğlərinin ədalətli dəyərdə yaranmış sonrakı dəyişikliklərin tənzimlənməsi – 25.24-cü və 25.25-ci bəndlər;
- debitor borclarının müqabilində əldə etdiyi digər qısamüddətli investisiyalar – 25.26-cı bənd;
- səhmlərin buraxılması ilə mühasibat uçotu subyektinin əldə etdiyi investisiyalar digər qısamüddətli investisiyalar meyarına uyğun gəldikdə – 25.27 bənd.
234 saylı “Digər qısamüddətli investisiyalar” hesab üzrə tənzimləmələr zamanı tətbiq edilən əsas beynəlxalq standart İFRS 9 – “Maliyyə Alətləri” standartıdır. Bu standartın əsas müddəaları aşağıdakılardır:
- maliyyə alətləri ilkin olaraq ədalətli dəyərlə tanınır;
- sonrakı dövrdə investisiya növündən asılı olaraq ya ədalətli dəyər, ya da amortizasiya olunmuş dəyər ilə qiymətləndirilə bilər.
- ədalətli dəyərdəki dəyişikliklər, əgər investisiya ticarət məqsədilə əldə olunubsa, mənfəət və zərər hesabatında tanınmalıdı.
Əlavə olaraq, MHBS 7: “Maliyyə alətləri: Məlumatın açıqlanması” (IFRS 7) ilə tənzimlənmə aparılır və istifadəçilərə risklərin təhlilində kömək edir.
Praktiki situasiya və mühasibat yazılışları
Belə bir nümunəyə baxaq: Müəssisə “ABC” 01.04.2025-ci il tarixində yerli bir investisiya fonduna 10000 manat dəyərində qısamüddətli investisiya yerləşdirmişdir. İyun ayında bu investisiyadan 600 manat faiz gəliri əldə olunmuş, sentyabrda isə fondun payları 11500 manata satılmışdır. Alış, satış və onlar orasında mümkün əməliyyatlar aşağıdakı şərhdə verilib:
İzah və şərhlər
- ilk alış (01.04.2025): investisiya qısa müddətli hesabda uçota alınır, ədalətli dəyəri – alınma dəyərinə bərabər hesab edilir (qaydaların 25.18 bəndi)
- yenidən qiymətləndirmə (15.05.2025): ədalətli dəyər artımı (200 manat) zamanı ədalətli dəyərdən gəlir hesabına qeyd edilir (mənfəət artımı), beynəlxalq standartlara görə gəlir kimi tanınır (qaydaların 25.19 bəndi)
- faiz gəliri (30.06.2025): dövrün sonunda əldə edilən faiz gəliri uçotda əks olunur.
- yeni istiqraz alışı (01.07.2025): daha bir qısa müddətli investisiya alınır.
- ədalətli dəyərin 300 manat azaldılması (15.08.2025): dəyər məcmu investisiya portfelində düşərsə, dəyər azaldığında zərər tanınır (qaydaların 25.20 -ci bəndi) , zərər mənfəət və zərər hesabatına daxil edilir
- satış (30.09.2025): 11500 manat satışdan sonra balansdan çıxarılma (10000+200-300=9900 manat) və gəlirin (1600 manat) tanınması baş verir (qaydaların 25.22-ci bəndi)
Şərhlərə uyğun mühasibat yazılışları cədvəldə əks olunub.
| № | Əməliyyatın adı | Debet hesabı | Kredit hesabı | Məbləğ (AZN) |
| 1 | 01.04.2025: fond paylarının alınması | 234: ”Digər qısamüddətli investisiyalar” | 538: “Digər qısamüddətli kreditor borcları” | 10000 |
| 2 | 05.04.2025: fond payları üçün ödənişin həyata keçirilməsi | 538: “Digər qısamüddətli kreditor borcları” | 223: “Bank hesablaşma hesabları” | 10000 |
| 3 | 15.05.2025: Ədalətli dəyər üzrə yenidən qiymətləndirmə, 200 manat artım | 234: “Digər qısamüddətli investisiyalar “ | 611-2: “Yenidən qiymətləndirilmədən gəlirlər” | 200 |
| 4 | 30.06.2025: Faiz gəliri əldə edilməsi – gəlirin tanınması | 223: “Bank hesablaşma hesabları” | 631-1: “Faiz gəliri” | 600 |
| 5 | 01.07.2025: Qısamüddətli istiqraz alışı üçün vəsait transferi – yeni investisiya əks olunur | 234: ”Digər qısamüddətli investisiyalar” | 223: “Bank hesablaşma hesabları” | 5000 |
| 5 | 15.08.2025: Fond payı üzrə investisiyanın ədalətli dəyərinin azalması | 731-2: “ Yenidən qiymətləndirilmədən xərclər” | 234 – “Digər qısamüddətli investisiyalar” | 300 |
| 6 | 30.09.2025: Fond paylarının satışı | 217: “Digər qısamüddətli debitor borcları” | 234 – “Digər qısamüddətli investisiyalar” | 9900 |
| Aradakı 1600 manat fərq 611 — Maliyyə investisiyalarından gəlirə yazılır | 217: “Digər qısamüddətli debitor borcları” | 601 –“Əsas əməliyyat gəlirləri” | 1600 | |
| Fond paylarının satışından daxilolma | 223: “Bank hesablaşma hesabları” | 217: “Digər qısamüddətli debitor borcları” | 11500 |

