E-Qaimə üzrə sübutetmənin təşkili

posted in: Xəbər | 0
birbank biznes

Elektron qaimənin rolu

Ümumiyyətlə, elektron qaimələr, müasir ticarət əlaqələrində mühüm rol oynayır və tərəflər arasında maliyyə əməliyyatlarının rəsmiləşdirilməsində əsas vasitələrdən biridir. Satıcı tərəfindən alıcıya malların satışı və ya xidmətlərin göstərilməsi ilə əlaqədar məlumatlar elektron qaimə əsasında təqdim edilir. Elektron qaimə satıcı tərəfindən alıcıya malın satışı və ya xidmətin göstərilməsi ilə əlaqədar məlumatların elektron şəkildə təqdim edilməsi üçün istifadə olunur. 

Azərbaycan Respublikasının məhkəmə təcrübəsində, müqavilə üzrə malların göndərilməsi, xidmətlərin göstərilməsi və s. kimi faktların necə təsdiq edilməsi, sübutların qiymətləndirilməsi məsələsinə dair məqamlara aydınlıq gətirilmişdir.  Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən,  elektron qaimələrin düzgün şəkildə tərtib edilmiş və göndərilmiş olması, hətta onun ləğv olunmaması və ya tərəflər tərəfindən mübahisələndirilməməsi belə, malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmək kimi qəbul edilmir. 

Elektron qaimənin düzgün tərtib edilməsi və göndərilməsi, onun mübahisələndirilməsi və ləğv edilməsi

Yuxarıda qeyd etdiyimiz kimi elektron qaimələr, satıcı tərəfindən elektron formada hazırlanan və alıcıya göndərilən sənədlərdir ki, bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Elektron qaimələr, müvafiq məlumatları ehtiva etməli və qanunvericilikdə müəyyən edilmiş standartlara uyğun olaraq tərtib edilməlidir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır.  

Elektron qaimələr, səhv məlumatların düzəldilməsi və ya tərəflər arasında yaranmış mübahisələrin həlli məqsədilə ləğv edilə və ya mübahisələndirilə bilər. Ləğv edilmə prosesi, qaimədəki məlumatların yanlış olması və ya əməliyyatın ləğv edilməsi kimi hallarda həyata keçirilir. Mübahisələndirilmə isə, adətən alıcının qaimədə göstərilən məlumatlarla razılaşmaması halında baş verir. 

Elektron qaimə ilə birlikdə qiymətləndirilən sübutlar

Lakin qeyd edildiyi kimi həmin elektron qaimələrin düzgün tərtib edilməsi, mübahisələndirilməməsi və ya ləğv edilməməsi malların göndərilməsi və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Ona görə də malların göndərilməsi və ya xidmətlərin göstərilməsi elektron qaimə ilə bərabər digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmələr tərəfindən elektron qaimə malların göndərilməsi və ya xidmətlərin göstərilməsinin əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınaraq işdəki digər sübutlarla birlikdə qiymətləndirilir. 

Bu sübutlara təhvil-təslim aktlarını, qəbzlər, elektron poçt yazışmaları, “whatsapp” tətbiqi vasitəsilə, o cümlədən əgər digər sosial şəbəkələrdən tərəflər arasında yazışma məqsədi üçün istifadə edilmişdirsə, həmin yazışmalar, bank hesabatları və ödəniş qəbzləri, görüntü və video materiallar, şahid ifadələri, müqavilə və əlavələr və s. aid edilə bilər.  

Nəticə

Beləliklə, məhkəmələr hərtərəfli araşdıraraq, elektron qaimə ilə birlikdə iş üzrə digər sübutlara istinad edərək iddianın əsasını təşkil edən müqavilə üzrə malların göndərilməsi və ya xidmətlərin göstərilməsi faktlarını aydınlaşdırmalıdır. 

Mənbə: Vəkil Pərviz Məmmədov

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

Print Friendly, PDF & Email