Torpaq, tikili və avadanlıqların istismara verilməsi

posted in: Xəbər | 0
birbank biznes

Əsas vəsaitlərin daxil olması

Mühasibat uçotu subyektlərinin mülkiyyətinə torpaq, tikili və avadanlıqlar müxtəlif formada daxil olur:

  • haqqı ödənilərək alınır;
  • nizamnamə kapitalı formasında;
  • daxilində yaradılır;
  • əvəzsiz alınır;
  • podratçı quraşdırır;
  • maliyyə icarəsi şəklində.

Belə aktivlər haqqında danışırkən “Əsas vəsaitlər” ifadəsindən də istifadə edəcəyik. Bu anlayışların paralel işlənməsi səbəbi haqqında “Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər” adlı məqalədən oxumaq olar.

16 saylı “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS 16) onların tanınması, qiymətləndirilməsi və uçotu qaydalarını tənzimləyir.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  isə ayrı-ayrı qrup hesabların və subhesabların açılması, müxabirləşmələrin metodoloji əsaslarını müəyyən edir.

Əsas vəsaitlərin istismara verilməsi zamanı müxabirləşmələr

Təcrübədə heç də həmişə əsas vəsait alınan kimi dərhal istismara verilmir. Bəzi hallarda onlar özlərinin istismar vaxtının başlamasını, bəzi hallarda isə əlavə təmir quraşdırma işlərinin bitməsini gözləməli olurlar. Bu cür hallarda torpaq, tikili, avadanlıqlara çəkilmiş məsrəflər onun alış dəyərini artırır. Torpaq, tikili, avadanlıqlar üzrə ilkin qiymətləndirilmə zamanı tətbiq edilən ilkin dəyər metoduna görə tək quraşdırma işləri deyil, gömrük rüsum yığımları da (əgər varsa) ilkin dəyərə təsir edir.

Alış qiymətinin üzərinə gələn məbləğlər mühasibat uçotunun hesablar planının 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabında aparılır.

Əməliyyat üzrə müxabirləşmə belə verilə bilər:

DT  113                          KT  538 (531)             kapitallaşdırılan məbləğ

Yuxarıdakı müxabirləşmədə 538 və 531 nömrəli hesabları qeyd etmişik. Səbəb belədir, bəzi halda mühasiblər torpaq, tikili və avadanlıqları aldığı şirkətlərlə hesablaşmaları, yəni onlara öhdəliklərinin uçotunu:

  • bəzən “Malsatan, podratçılara olan qısa müddətli kreditor borclar”;
  • bəzən isə “Sair qısa müddətli kreditor borclar” hesabında uçota alırlar.

Düzdür, nəticə etibarı ilə hər ikisi kreditor borc olduğu üçün ciddi fərq yoxdur. Lakin məsələn, xidmət sektoruna münasibətdə 531 nömrəli hesab, ticarət sektoruna münasibətdə isə 538 nömrəli hesab daha məqsədəuyğun ola bilər. Çünki birinci sektor adətən mal alışına az ehtiyac duyur, ikinci sektor isə tez-tez satış məqsədi ilə mallar alıb onların uçotunu 531 nömrəli hesabda aparır. Buna görə də, bizcə əsas vəsaitin gündəlik satış üçün alınmış ehtiyatlara qarışmaması baxımından 538 nömrəli hesab daha uyğundur.

Yuxarıda qeyd edilən müxabirləşmə o hala aiddir ki, siz əsas vəsaiti uzunmüddətli maliyyə icarəsi yaxud uzunmüddətli kredit şərtləri ilə almamısınız. Əks halda müxabirləşmə aşağıdakı formada verilməlidir:

DT  113                          KT  431 (434; 435)             kapitallaşdırılan məbləğ

Əgər əsas vəsait təsisçilər tərəfindən mədaxil edilirsə aşağıdakı müxabirləşmə verilə bilər:

DT  113                          KT  301             16000

Əsas vəsait digər təşkilatdan əvəzsiz alınmışdırsa:

DT  113                          KT  611            16000

Torpaq, tikili və avadanlıqların istismara verilməsi üzrə müxabirləşmə nümunələri burada verilib

Torpaq, tikili avadanlıqların istismara verilməsi

Gənc mühasiblərdə bəzən belə bir fikir formalaşır: əsas vəsait ilk alınanda əgər istifadə edilmirsə anbarda saxlanılır, sonradan istifadəyə çıxarılır. Belə fikirlər əsassızdır, təcrübənin azlığından irəli gəlir.

Müəssisədə torpaq, tikili, avadanlıqların, istər istismara verilsin, istər verilməsin, xüsusi saxlanmalı olduqları yer yoxdur. Buna rəhbərlik qərar verir, rəhbərlik də nəzarət edir. Sadəcə mühasib bilməlidir ki, müəssisənin mülkiyyətinə verilmiş, amma hələ istismara verilməmiş əsas vəsaitlər 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” adlı hesabda qeydə alınır.

Əsas vəsaitlərin istismara verilməsi zamanı onların ilkin dəyəri formalaşır və müvafiq müxabirləşmə verilməklə 111 saylı “Torpaq, tikili və avadanlıqlar” adlı hesabda əks etdirilir:

DT  111                          KT  113             kapitallaşdırılan məbləğ

111 və 113-cü hesablara da, bütün digər hesablar kimi, yuxarıda qeyd edilən Qaydalara uyğun subhesab açılıb, hər bir kateqoriya üzrə əsas vəsaitlərlə bağlı əməliyyatların uçotu ayrıca aparıla bilər.

İlkin uçot sənədləri

Bəs əsas vəsaitin nə zaman istismara verilməsin mühasib necə bilsin? Axı o müəssisənin ofisində oturur, istehsal yerində olmur.

İstismara verilmiş torpaq, tikili və avadanlıqların uçotda əks olunması “Əsas vəsaitin istismara qəbul edilməs haqqında AKT”  ilə rəsmiləşdirilir. Hər bir akt kimi, bu akt da 3 nüsxədə tərtib edilir, nüsxələrin biri rəhbərlikdə, digəri baş mühasibdə, üçüncüsü isə istehsalat rəisində qalır.

İşin məhz bu formada təşkil edilərsə, hər bir əsas vəsaitin istismara verilməsi barədə mühasibatlığın məlumatı olacaq.

Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər xüsusi qaydada dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə qəbul olunur və həmin komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib edilir. Tərtib olunmuş aktda:

  • obyektin tam xarakteristikası;
  • texniki göstəricilərə uyğunluğu;
  • tikildiyi və istifadə verildiyi tarix və s. göstərilir.

Yuxarıda qeyd edilənlər önəmli məsələdir, çünki mühasib:

  • əsas vəsaitin 113 yaxud 111-ci hesabda uçota alınmalı olmasını;
  • onun təmirinə çəkilmiş xərclərin birbaş gəlirdən çıxılmasını; yaxud,
  • əsas vəsaitin dəyərinin üzərinə gəlinməli olmasını; eləcə də,
  • ona amortizasiya hesablanmasının başlanğıc tarixini dəqiq bilməlidir.

Qeyd edək ki, istismara verilməmiş əsas vəsaitlər üzrə amortizasiya hesablanmır.

Tərtib olunmuş akt, əlavə edilmiş sənədlərlə birlikdə torpaq, tikili və avadanlıq kimi mədaxil olunması üçün mühasibatlığa təqdim olunur. Mühasibatlıq uyğun uçot işlərini aparmaqla, onlara inventar kartı açır.

İnventar kartları

Mühasibat uçotu subyektində əsas vəsaitlərin obyektlər üzrə analitik uçotunun təşkili üçün inventar kartları açılır. İnventar kartı mühasibat uçotu registridir, özündə:

  • obyektin inventar nömrəsini (kodu);
  • əsas istehsal-texniki göstəricilərini;
  • ilkin dəyəri;
  • amortizasiya normasını;
  • digər lazımi məlumatları əks etdirir.

Əsas vəsait müəssisədən çıxarkən inventar kartı ləğv edilir. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olarsa, analitik uçot inventar kitablarında aparılır.

Torpaq, tikili və avadanlıq obyektlərinin sayı çox olan müəssisələrdə əsas vəsaitlər üzrə mühasib vəzifəsi nəzərdə tutulur. Onun vəzifəsi əsas vəsaitin mədaxili, istismara verilməsi, onlarla bağlı təmir, kapitallaşdırma xərcləri, amortizasiya hesablanması, onların sıradan çıxması, satılması, hər hansı başqa səbəblə silinməsi kimi məsələlərə xüsusi təşkilatı nəzarəti həyata keçirməkdən ibarət olur.

Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Saziş imzalanıb

Print Friendly, PDF & Email