Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu

posted in: Xəbər | 0

Əmək hüququ – milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.

Hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan etibarən əmək hüquq münasibətlərinə daxil olmuş hesab olunur. Tərəflərin həm əmək hüququ, həm də ondan irəli gələn münasibətlər sahəsində hüquq və vəzifələri dövlət hakimiyyət orqanı tərəfindən qəbul edilmiş  normativ aktlar və tərəflərin razılığı ilə müəyyən olunur.

Əcnəbilərin əmək hüququ

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduğu müddətdə  AR vətəndaşları ilə bərabər bütün  əmək hüquqlarından istifadə edə bilər.

Əcnəbi – AR vətəndaşı olmayan, başqa dövlətin vətəndaşlıq hüququna sahib olan şəxsdir.

Mühasibat xidmətləri

Vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

Bu şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi qaydaları Əmək Məcəlləsi Miqrasiya Məcəlləsinə uyğun tənzimlənir. Əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmayıbsa, əcnəbilərin əmək hüququnun məhdudlaşdırılması, ya da onlara AR vətəndaşlarından daha üstün hüquqlar verilməsi yolverilməzdir. Əcnəbilər illik ödənişli məzuniyyət, xəstəlik məzuniyyəti, kompensasiya və əmək qanunvericiliyində nəzərdə tutulmuş digər güzəştlər hüququna malikdirlər. Həmçinin, onlar müəyyən haqq ödəməklə ƏM-də tənzimlənən qaydalara uyğun sosial sığorta oluna bilərlər. Lakin əcnəbilərin AR ərazisində əmək fəaliyyəti ilə məşqul olması üçün müvəqqəti yaşamaq icazəsi ilə yanaşı, onların əmək hüququnun təmin edilməsi məqsədi ilə iş icazəsinin də olması zəruridir (ƏM maddə 13.4)

Diqqətinizi əsas biznes fəaliyyətinizdən ayırmamaq, biznesinizin əsas hədəflərinə fokuslanmaq üçün Bakıda miqrasiya xidmətləri göstərən şirkətlərə müraciət edin. Bu sizin işinizi asanlaşdırar.

Əmək qabiliyyəti olan və 18 yaşına çatmış əcnəbi və vətəndaşlığı olmayan şəxslər onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən iş icazəsi alındıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsi rəsmi sənəddir, onların haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq icazəsini təsdiq edir.

İş icazəsi əcnəbiləri işə cəlb edən işəgötürənin müraciətinə əsasən AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.

Əcnəbilərlə əmək müqaviləsinin bağlanması

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin əmək hüququ yalnız müəyyən vakansiya üçün uyğun yerli namizəd tapılmadıqda təmin edilir, onlar yalnız bu halda işə cəlb edilə bilər.

İşəgötürənlər əcnəbi olan şəxslərlə əmək müqaviləsini iş icazəsinin qüvvədə olduğu müddətə bağlamalı və yalnız öz iş yerində işlə təmin etməlidir, digər işəgötürənin yanında onların işləməsi qeyri mümkündür. Əgər işəgötürən həmin şəxsləri öz yanında başqa işə təyin edərsə, yenidən icazənin alınması təmin edilməlidir və iş icazəsinin müddəti əvvəlki müddətin yerdə qalan hissəsindən artıq olmamalıdır. Müqavilə vaxtından əvvəl ləğv olunarsa, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına 5 iş günü müddətinə məlumat verilməlidir və belə halda icazə qüvvədən düşmüş hesab olunur. İşəgötürən iş icazəsini almadan əcnəbilərlə  əmək münasibətlərinə başlaya bilməz, bu qanunvericiliyə ziddir.

İş icazəsinin tələb olunmadığı hallar

Bəzi sahələrdə çalışan əcnəbilər üçün iş icazəsinin alınması tələb olunmur, məsələn:

  • AR ərazisində daimi yaşamaq icazəsi olanlar;
  • AR ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;
  • diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlər;
  • beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərləri və onların müavinləri;
  • media subyektlərinin  akkreditə olunmuş əməkdaşları;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçi (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə);
  • insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslər;
  • himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı olanlar;
  • Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslər, habelə bu hüquqi şəxslərin təsisçiləri;
  • texnologiyalar parkının rezidenti (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər.

İş icazəsinin tələb olunmadığı sahələrin tam siyahısı AR Miqrasiya Məcəlləsinin 64-cü maddəsində müəyyən olunub.

Tələb olunan sənədlər

Yuxarıda qeyd etdiyimiz kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququ müvafiq sənədləşmə aparılmaqla təmin edilir.

İş icazəsinin alınması üçün aşağıdakı sənədlər tələb olunur: 

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket;
  • əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin pasport və ya digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

Bunlardan başqa işəgötürən:

  • hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
Nəzərə alın ki, iş icazəsinin alınması təkcə qanuna formal riayət etmək deyil, həm də əcnəbilərin əmək hüququnin müdafiəsinin real təminatıdır. Qanunvericiliyə əsasən, əcnəbi şəxslərin qeydiyyatı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmçinin, bu təşkilat qeydiyyatın aparılmasının düzgünlüyünə və miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarət edir. Əgər əcnəbi işçilərin iş icazəsi yoxdursa və miqrasiya xidmətində qeydiyyatdan keçməyibsə, təkcə işçilər deyil, onların işəgötürənləri də qanunla məsuliyyət daşıyırlar..

İş icazəsinin verilməsindən imtinanın əsasları

Bəzi hallarda əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilə bilər (Miqrasiya Məcəlləsi, maddə 66)

  • nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
  • təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;
  • işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;
  • əmək miqrasiyası kvotası dolduqda;
  • əcnəbi və vətəndaşlığı olmayan şəxs yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
  • əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.

İş icazəsinin alınması proseduru

İş icazəsi əcnəbilərin əmək hüququnun təminatında əsas sənəddir. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron  formada təqdim edilə bilər. Dövlət Miqrasiya Xidməti  MM-nin 67.4-cü maddəsində qeyd olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməlidir. ƏƏSMN isə  daxil olan məlumatlara 5 iş günü müddətində baxaraq rəy verməlidir. Təqdim olunmuş sənədlərdə hər hansı bir çatışmazlıq və ya digər nöqsanlar aşkar edildiyi halda, müvafiq icra hakimiyyəti orqanı işəgötürənə bu barədə yazılı məlumat verir.

İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində iş icazəsi müəyyən olunmuş qaydada doldurulur, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır, həmin orqanın möhürü ilə təsdiq edilir və işəgötürənə təqdim olunması təmin edilir.

İş icazəsinin verilməsindən imtina edildiyi halda, bu barədə qərar əsaslandırılmalı və onun sürəti işəgötürənə təqdim edilməlidir. İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iş icazəsi almaq üçün bu Məcəlləyə uyğun olaraq yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

İş icazəsi üzrə müddətlər

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin əmək hüququnu təmin etmək məqsədi ilə verilən iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduğu halda isə həmin müddətə verilir. Əgər vaxtın uzadılması tələb olunarsa, işəgötürən müddətin qurtarmasından 30 gün əvvəl müvafiq orqana müraciət edir və müddətin uzadılması qaydaları MM-nin 67-ci maddəsinə uyğun tənzimlənir. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə  müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir.

Əcnəbilərin əmək hüququnun təmin edilməsi zamanı əsas sənəd olan iş icazəsinin verilməsi ilə bağlı bütün əməliyyatların aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?