ƏDV qeydiyyatından əvvəlki dövrə görə əvəzləşmə mümkündürmü?

posted in: Xəbər | 0

Bonus-hədiyyə, hesabatlılıq , uçot, Məzuniyyət haqqı, Məzuniyyət haqqının hesablanması, Qeyri-iş günlərində əmək haqqı, ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiƏlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsində tətbiq olunan limitlərlə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Murad Almasov şərh edir.

Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilməsinə icazə verilir.

Maddədən göründüyü kimi, vergi ödəyici hətta ƏDV ödəyicisi olduqda belə ƏDV-nin əvəzləşdirilməsində limitlər tətbiq edilir.

Misal: ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə “AA” MMC tərəfindən “BB” MMC-dən 2020-ci ilin yanvar ayında 118.000 manat (ƏDV daxil) dəyərində mallar alınıb və həmin dövrdə ödəniş edilməyib. Daha sonra həmin mallar “CC” MMC-yə 150.000 manata satılıb. 2021-ci il yanvar ayının 1-də“AA” MMC ƏDV ödəyicisi kimi qeydiyyata alınıb və keçən il aldığı malın ƏDV-sini əvəzləşdirməyə qərar verib.

Burada hansı məqamlar nəzərə alınmalıdır?

1. ƏDV qeydiyyatına qədər olan əməliyyatlar

Alınmış elektron qaimə üzrə malların dəyəri – 100.000 + 18% = 118.000 manat;
satış dəyəri – 150.000 manat.

Malları satan “AA” MMC ƏDV ödəyicisi olmadığı üçün 150.000 manat satış dəyərini ƏDV-yə cəlb etmir. Bununla yanaşı, onun həmin malların alışı zamanı yaranmış ƏDV məbləğini əvəzləşdirmək hüququ olmur.

2. ƏDV qeydiyyatından sonrakı əməliyyatlar

Satılmış malların dəyəri 118.000 manat (100.000 + 18%) 2021-ci ilin yanvar ayında Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq “AA” MMC tərəfindən “BB” MMC-yə ödənilir.

Əgər mümkün olsaydı, 2021-ci ilin yanvar ayında “AA” MMC ödəniş etdiyi ƏDV məbləğini (18.000 manat) büdcədən geri istəyəcəkdi.

Vergi ödəyicisinin ƏDV ödəyici olmadığı dövrdə, yəni mal, iş və xidmətlərin təqdim edilməsini ƏDV-yə cəlb etmədiyi dövrdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirməsi Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərini pozur. Çünki faktiki olaraq ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə sahibkarlıq fəaliyyətində satışa ƏDV tətbiq edilməyib. Ona görə də satışa ƏDV tətbiq etmədiyi dövr ərzində alınan malların ƏDV-si əvəzləşdirilə bilməz.

Qeyd edək ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, ƏDV – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Yuxarıda qeyd etdiyimiz misalda verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan ƏDV məbləği olsa da, vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləği mövcud deyildir. Əvəzləşdirmə mümkün olmuş olsaydı, bu əməliyyat Vergi Məcəlləsinin 153-cü maddəsi ilə ziddiyyət təşkil edəcəkdi.

Vergi Məcəlləsinin istinad etdiyimiz hər iki maddəsinə (175.2 və 153) əsasən deyə bilərik ki, vergi ödəyicisinin ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı tarixdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirilməsi mümkün deyildir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *