344 saylı “Elan edilmiş dividend” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müəssisələrdə dividendlər üzrə uçotun əsasları

Mühasibat uçotu subyektlərində bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) Hesablar Planının 3-cü bölməsinin 34-cü maddəsi  üzrə açılmış hesablar üzrə uçota alınır.

Dividend aşağıdakı anlamda işlədilir:

  • hüquqi şəxslərin əldə etdiyi mənfəəti öz təsisçiləri (yaxud səhmdarları) arasında, onların xeyrinə bölüşdürməsi;
  • hüquqi şəxsin ləğvi zamanı vaxtilə mənfəət hesabına formalaşmış əmlakın bölüşdürülməsi;
  • səhmlərin eyni qaydada artırılmış nominal dəyəri hüdudlarında geri alınarkən edilən ödənişlər.

Mühasibat uçotunda kapital hesabları qrupuna aid edilən 344 saylı “Elan edilmiş dividendlər” hesabı xalis mənfəətindən elan olunmuş dividendlərin uçotu uçün nəzərdə tutulub.

34 saylı “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsi üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.  Bu maddə üzrə aşağıdakı hesablar açıla bilər (Qaydalar:32.1):“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsi üzrə açılan hesablardan biri “Elan edilmiş dividentlər” adlı 344 saylı hesabdır.

Mühasibat xidmətləri

Elan edilmiş dividendlərin uçotu üzrə tənzimləmələr

344 saylı “Elan edilmiş dvidendlər” hesabında mühasibat uçotu subyektlərində hesabat dövrü yaxud keçmiş illərin əldə edilmiş xalis mənfəətindən elan olunmuş dividendlər haqqında ümumiləşdirilmiş məlumatlar öz əksini tapır.

Əldə olunmuş xalis mənfəətdən elan edilmiş dividendlərin uçotu zamanı yuxarıda qeyd edilən qaydaların 32.8-ci bəndi tətbiq edilir.

Elan edilmiş dividendlər təsisçilər üzrə kreditor borclara aid edildiyi hallar üzrə mühasibat yazılışları həmin qaydaların 32.9, yanlış hesablanmış məbləğlər üzrə isə 32.10-cu bəndi əsasında tənzimlənir.

Hesablar üzrə uçotun aparılması zamanı aşağıdakı standartların tələbləri nəzərə alınmalıdır:

  • 2 saylı “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2) ;
  • 9 saylı “Maliyyə alətləri” MHBS  (IFRS 9) ;
  • 12 nömrəli “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” MHBS (IFRS 12) ;
  • 1 nömrəli “Maliyyə hesabatlarının təqdimatı” MUBS (IAS 1) ;
  • 32 nömrəli “Maliyyə alətləri: Təqdimat” MUBS (IAS 32) ;
  • 33 nömrəli “Səhm üzrə mənfəət” MUBS (IAS 33) .

344 saylı hesab üzrə müxabirləşmə nümunələri

Aşağıda 344 saylı “Elan edilmiş dividendlər” hesabı üzrə mühasibat yazılışlarına iki hal üzrə nümunələr verilib.

Təsisçilərə dividend ödənişi

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” MMC də il ərzində qazandığı gəlirləri və xərclərini müəyyənləşdirib və mənfəəti hesablayıb. Büdcə ilə hesablaşdıqdan sonra 260000 manat xalis mənfəəti formalaşmışdır. Həmin xalis mənfəətin 150000 manatlıq hissəsi iki təsisçi arasında bölüşdürülmüşdür. Müəssisə təsisçilərə dividend ödəyərkən illik dövriyyəsinə görə verginin ödənilib ödənilməməsi məsələsini nəzərə almalıdır. Vergi Məcəlləsinin dividendlərin vergiyə cəlb edilməsilə bağlı maddəsinə nəzər yetirəndə aydın oldu ki, “A” MMC dividend ödəyərkən ÖMV-ə cəlb etməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 260000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 150000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 150000.00
4 Ödəmə mənbəyində vergi tutulduqda 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 521 – Vergi öhdəlikləri 15000.00
5 Təsisçilərə dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 223 – Bank hesablaşma hesabları 135000.00
6 Büdcə qarşısında öhdəliklər yerinə yetirildikdə 521 – Vergi öhdəlikləri 223 – Bank hesablaşma hesabları 15000.00

Qeyd: Dividendlər keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına da ödənilə bilər. Bu zaman 341 nömrəli hesab əvəzinə 343-cü “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabında uçota alınır.

Yanlış əməliyyat aparıldıqda

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” MMC də il ərzində qazandığı gəlirləri və xərclərini müəyyənləşdirdikdən sonra mənfəətini hesablamışdır. Büdcə ilə hesablaşdıqdan sonra 260000 manat xalis mənfəəti formalaşmışdır. Həmin xalis mənfəətin 150000 manatlıq hissəsi iki nəfər təsisçi arasında bölüşdürülmüşdür. Təsisçi qərarı hazırlandıqdan sonra məlum oldu ki, təsisçilərdən biri payına düşən hissəsindən 40000 manatını dividend kimi götürməkdən imtina etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 260000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 150000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 150000.00
4 Dividend üzrə təsisçilər qarşısında öhdəlik azaldıqda 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 344 – Elan edilmiş dividendlər 40000.00
5 Elan olunmuş dividenddən imtina edildikdə 344 – Elan edilmiş dividendlər 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 40000.00

Səhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti