Əmək mübahisələri və onların həlli üsulları

posted in: Xəbər | 0

Əmək mübahisələri

Əmək fəaliyyətinin həyata keçirilməsi prosesində işçilərin və işəgötürənlərin mənafelərinin üst-üstə düşməməsi, bir-birinə zidd olması çox vaxt onlar arasında münaqişələrin yaranmasına gətirib çıxarır. Belə münaqişələr işçilərlə işəgötürənlər arasında danışıqlar yolu ilə tənzimlənmədikdə həm ayrıca bir işçinin, həm də bütün əmək kollektivinin (və ya onun bir hissəsinin) mənafeləri ilə bağlı olan əmək mübahisələrinə çevrilir.

Əmək mübahisəsi işçi ilə işəgötürənin bəzi məsələlərdə müstəqil razılığa gələ bilməməsidir.

Əmək mübahisələrinin yaranma mərhələləri aşağıdakılardır:

  • əmək hüququ pozuntusu;
  • əmək hüququnun subyektləri arasında fikir ayrılığı;
  • tərəflərin bu fikir ayrılığının danışıqlar yolu ilə həll edilməsinə cəhd göstərməsi;
  • əmək mübahisəsinin həll edilməsi üçün müvafiq orqanlara müraciət olunması.

Əksər hallarda bir qayda olaraq əmək mübahisələrinin yaranmasından əvvəl əmək sahəsində hüquq pozuntuları baş verir və bu, mübahisə üçün bilavasitə əsas hesab olunur.

Əmək hüquq pozuntusu dedikdə, vəzifə daşıyan subyektin özünün əmək vəzifələrini təqsirli, qanunazidd şəkildə yerinə yetirməsi nəticəsində əmək hüquq münasibətinin digər subyektinin hüququnu pozması başa düşülür.

 

Mühasibat xidmətləri

Əmək mübahisələrinin növləri.

Bütün əmək mübahisələrini aşağıdakı qaydada  təsnifləşdirmək olar:

  • mübahisə edən subyektlərə görə;
  • mübahisənin xarakterinə görə;
  • mübahisənin obyektinə görə.

Subyektlərin mübahisələrinə görə əmək mübahisələri iki növə bölünür:

  • fərdi əmək mübahisələri;
  • kollektiv əmək mübahisəsi.

Fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin, sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Fərdi əmək mübahisəsi konkret bir işçinin işəgötürənlə mübahisəsidir. O, işçinin əmək hüquqlarının pozulması nəticəsində yaranır və buna görə də fərdi хarakter daşıyır.

Kollektiv əmək mübahisəsi – kollektiv tələblərdən törəyən fikir ayrılığıdır. Məsələn, kollektiv müqavilənin bağlanmasında həmkarlar ittifaqı və əmək kollektivi ilə işəgötürən arasında yaranan mübahisələri göstərmək olar

Fərdi əmək mübahisəsi necə tənzimlənir?

Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının pozulduğun iddia edən işçi və ya onun qanunvericiliklə müəyyən edilmiş qaydada müvəkkil etdiyi şəxsdir (AR Əmək Məcəlləsinin 289-cu maddəsi). Fərdi əmək mübahisələri AR ƏM-nə uyğun tənzimlənir (maddə 287-303) və tərəflərin pozulmuş hüquqlarının bərpasına yönəlir.

Qüvvədə olan əmək qanunvericiliyi  işçinin pozulmuş hüquqlarının bərpa edilməsi üçün aşağıdakı 3 üsulu müəyyən etmişdir:

  • məhkəməyə müraciət;
  • məhkəməyə qədər əmək mübahisələrini həll edən orqana müraciət;
  • müəyyən edilmiş şərtlərlə və qaydada tətilin edilməsi.

Bu üsullardan hər hansı biri işçi tərəfindən müstəqil olaraq seçilir.

Məcəllənin 294.5 bəndinə əsasən ““Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.”

İddia müddətləri

Kollektiv müqavilələrdə nəzərdə tutulduğu hallarda müəssisələrdə Hİ təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər.  İşçi bu orqana hüququnun pozulduğunu müəyyən etdiyi gündən 3 təqvim ayı ərzində müraciət edə bilər.

Əgər  həmin orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, üçün onlar məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilərlər. Bu halda iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır və 1 təqvim ayıdır.

Yuxarıda qeyd edilən bütün başqa hallarda fərdi əmək mübahisəsinin məhkəmə vasitəsi ilə həlli üçün iddia müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayıdır.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddəti isə işçi hüququnun pozulduğu gündən etibarən 1 ildir. Lakin bu müddət işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə şamil edilmir. Müəyyən edilmiş müddət üzrlü səbəblərə görə buraxıldıqda, əmək mübahisəsinə baxan orqan  onu bərpa edə və mübahisəni mahiyyəti üzrə həll edə bilər. Əgər müəssisədə kollektiv müqavilə bağlanmayıbsa və yaхud bağlanmış kollektiv müqavilədə fərdi əmək mübahisələrinə məhkəməyə qədər baхan orqanın yaradılması nəzərdə tutulmayıbsa, bütün fərdi əmək mübahisələrinə rayon (şəhər) məhkəmələri tərəfindən baхılır.

Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, bu qərar qanuni qüvvəyə mindiyi gündən etibarən dərhal icra edilməlidir ( ƏM maddə 301).

Kollektiv əmək mübahisəsi

Kollektiv əmək mübahisəsinin tərəfləri işəgötürənlər, işçilər (əmək kollektivi və ya onun bir hissəsi) və ya həmkarlar ittifaqlarıdır (ƏM maddə 259 – 286).

Kollektiv əmək mübahisələrinin predmetini  aşağıdakı məsələlər təşkil edir (ƏM maddə 260):

  • kollektiv müqavilə və sazişlərin bağlanması üçün danışıqların aparılması;
  • kollektiv müqavilə və sazişlərin bağlanması;
  • qüvvədə olan kollektiv müqavilələrə dəyişikliklərin və  əlavələrin edilməsi;
  • kollektiv müqavilələrin icrasının təmin edilməsi;
  • kollektiv üzvlərinin mənafelərinin təmin olunması üçün digər əmək və sosial, iqtisadi məsələlərin həll edilməsi.
Kollektiv əmək mübahisəsi — işçilər (onların nümayəndələri) ilə işəgötürənlər (onların nümayəndələri) arasında əmək şəraitinin yaradılması və dəyişdirilməsi, kollektiv müqavilələrin, sazişlərin bağlanması, dəyişdirilməsi və icrası, habelə əmək müqaviləsinin bağlanması ilə bağlı həll edilməmiş fikir ayrılıqlarıdır.

 

Kollektiv tələblərə necə baxılır?

Kollektiv müqavilə və sazişlərin icra edilməməsi, habelə digər əmək və sosial məsələlərlə əlaqədar kollektiv tələblər işçilərin və ya həmkarlar ittifaqları təşkilatının (birliyinin) ümumi yığıncağında irəli sürülür. İşçilər danışıqlarda onların adından iştirak etmək üçün öz səlahiyyətli nümayəndələrini ayıra bilər və ya danışıqların aparılmasını Hİ təşkilatına həvalə edə bilərlər. İşəgötürən kollektiv tələblərin ona təqdim edildiyi vaxtdan 5 iş günü müddətində öz qərarını yazılı formada işçilərə və ya həmkarlar ittifaqları təşkilatına bildirməlidir. İşəgötürən kollektiv tələblərdən tam və ya qismən imtina etdikdə və ya tələblərə cavab verməyi gecikdirdikdə, kollektiv əmək mübahisəsi başlanmış hesab olunur. İşəgötürən kollektiv əmək mübahisəsinin başlanması haqqında 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

Kollektiv mübahisənin həlli üsulları

Fərdi əmək mübahisələrindən fərqli olaraq, kollektiv mübahisələr yalnız barışıq prosedurları vasitəsilə məhkəmədən kənar həll edilə bilər. Həmin barışdırıcı üsullar aşağıdakılardır:

  • razılaşdırıcı komissiya;
  • vasitəçinin iştirakı;
  • əmək arbitrajı​​.

Tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər.

Kollektiv əmək mübahisələrinin barışdırıcı üsulları Əmək Məcəlləsinin 42-ci fəslində şərh olunub.

Barışdırıcı üsullarla  kollektiv əmək mübahisəsinin həllinə nail olunmadıqda, yəni işçilərlə işəgötürən arasında yaranmış kollektiv fikir ayrılığı tənzimlənmədikdə əmək kollektivinin, həmkarlar ittifaqları orqanının mövcud qanunvericiliyə uyğun birbaşa tətil keçirmək hüququ (ƏM, 43-cü fəsil) yaranır.

Startaplara amortizasiya ilə bağlı verilən güzəşt müddəti bitdikdən sonra qalan məbləğlər