Əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət

posted in: Xəbər | 0

İnzibati məsuliyyət nədir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən əmək qanunvericiliyi üzrə pozuntulara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi uyğun inzibati məsuliyyət tətbiq edilə bilər.

İnzibati məsuliyyət – səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunması ilə ifadə olunan hüquqi məsuliyyət növüdür. Onun əsasını inzibatı xəta təşkil edir. İnzibati tənbehlərin tətbiqi bir qayda olaraq törədilən inzibati xətalara görə müəyyən olunur.

İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. Onu törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb oluna bilərlər.

İnzibati xətalar haqqında işlərə aşağıdakı orqanlar tərəfindən baxılır:

  • rayon (şəhər) məhkəmələri;
  • yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;
  • müvafiq icra hakimiyyəti orqanları.

İnzibati məsuliyyət AR İXM-ə uyğun tənzimlənir və bu qanunvericilik aktı inzibati məsuliyyətin normativ-hüquqi əsasını təşkil edir.

Mühasibat xidmətləri

Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Əmək qanunvericiliyinin pozulmasına görə işəgötürən (təşkilat, fərdi sahibkar) və ya digər məsul şəxslər cərimə şəklində inzibati məsuliyyətə cəlb edilə bilər. İnzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədəni xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi əmək qanunvericiliyinin pozulmasına görə cərimələri tənzimləyir.

Əmək müqaviləsinin bağlanması ilə bağlı pozuntulara görə cərimələr

  • Əmək Məcəlləsin də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin  yerinə yetirilməsinə cəlb edilməsinə görə, ona aşağıdakı inzibati məsuliyyət tədbirləri görülə bilər;

      – fiziki şəxslər 1000 manatdan 2000  manatadək məbləğdə;

      – vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə;

      – hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

  • qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə – vəzifəli şəxslər 3000 manat məbləğində;
  • işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə, ona inzibati məsuliyyət tədbirləri tətbiq edilə bilər:

      -vəzifəli şəxslər 1000 – 1500 manat;

      -hüquqi şəxslər 3000 – 5000 manat məbləğində cərimə edilir.

  • işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərini pozaraq uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə:

      -vəzifəli şəxslər 3000 –  4000 manat;

      -hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə edilir.

Əmək müqaviləsinin bağlanmasından imtinaya görə cərimələr

  • insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə ( işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla) işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə;
  • şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1500 – 2000 manat məbləğində cərimə tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilir;

Əmək müqaviləsinin xitamı zamanı inzibati hüquq pozuntuları

  • əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər 1500 – 2000 manat məbləğində;
  • işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə – vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə;

İşçilərə ödənişlərlə bağlı pozuntulara görə cərimələr

  • işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilir;
  • işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə;
  • istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə, habelə işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə görə – vəzifəli şəxslər 1500 – 2000 manat məbləğində;

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər cərimələr

  • işəgötürən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə 700 manatdan 1200 manatadək məbləğdə cərimə tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilə bilər;
  • əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə – 1000 manatdan 2000 manatadək məbləğdə (IXM maddə 193);
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə inzibati məsuliyyət tədbirləri – 1500 manatdan 2000 manatadək məbləğdə cərimələr təyin edilir  (İXM maddə 194).

Cərimələrin tətbiqi qaydaları

Cərimələrin tətbiq zamanı, vəzifəli şəxs dedikdə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, AR Silahlı Qüvvələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər başa düşülür (İXM maddə 17).

Əmək qanunvericiliyinin pozulması hallarında səlahiyyətli orqan tərəfindən təqsirkar şəxs inzibati məsuliyyətə cəlb edilərkən, bu Məcəllədə 192.6, 192.10, 192.11 maddələr üzrə nəzərdə tutulan inzibati cərimənin şərti olaraq verilməsi barədə qərar qəbul edilə bilər (İXM, maddə116). Qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün ona 1 ayadək, zəruri hallarda isə (törədilmiş inzibati xətanın aradan qaldırılması üçün əlavə vaxt tələb olunduqda) 1 aydan 2 ayadək müddət müəyyən olunur. Əgər həmin müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir.

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir?