2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanması

posted in: Xəbər | 0

Nett əməkhaqqı nədir?

İşçinin vergi və digər icbari tutulmalardan əvvəlki ümumi gəliri (gross) ilə faktiki aldığı məbləği (net) dəqiq fərqləndirmək üçün gross-dan nett-ə və yaxud əksinə, nett-dən gross-a düsturlardan istifadə etməklə əməkhaqqının hesablanması aparılır.

Bu, həm işəgötürənə, həm də işçiyə faktiki maliyyə öhdəliklərini və gəlirlərini müəyyən etməyə imkan verir. İşəgötürən vergiləri və ödənişləri hesablamaq üçün ümumi məbləğdən (gross əməkhaqqı) istifadə edir, işçi isə şəxsi xərclərini planlaşdırmaq üçün onların hesabına yatırılan xalis məbləği (nett maaş) bilməlidir.

Nett əməkhaqqı – işçiyə muzdlu işlə bağlı ödənilən haqdan qanunvericiliklə müəyyən edilmiş vergi və digər icbari tutulmalar çıxıldıqdan sonra qalan məbləğdir.

Ümumi və xalis əməkhaqqı barədə bizim “Gross və Nett əməkhaqqı nədir” məqaləmizdən geniş məlumat ala bilərsiz.

Xalis əməkhaqqının hesablanması 2026-cı ildə dəyişəcəkmi?

Bəli dəyişəcək, bu özəl müəssisələrdə çalışan müzdlu işçilərdən tutulmalara dəyişikliklər edilməsi barədə layihədə öz əksini tapıb. Dəyişikliklərdə aylıq gəlirin 2500 manatadək olan hissəsi üzrə olan gəlir vergisinin:

Mühasibat xidmətləri
  • 3 illik (2026-2028) mərhələli keçidi nəzərdə tutur;
  • proqressiv vergi dərəcələri müəyyən edilir –3 (5;7)%, 10%,14%.

Dəyişikliklərə daha ətraflı tanış olmaq üçün “Əməkhaqqıdan tutulmaları 2026-cı ildə necə olacaq” adlı məqaləyə keçid edin.

Gözlənilən dəyişikliklər, təbii ki, işçinin faktiki aldığı məbləğə, ümumi əməkhaqqına, habelə onların hesablanması alqoritminə təsir edəcək.

Nett → Gross hesablanması hansı hallarda lazım olur?

  • İşçi gəlirlərini hesablamaq istəyir: bütün çıxılmalardan sonra kartına faktiki nə qədər məbləğin köçürüləcəyini bilərək işçi şəxsi büdcəsini planlaşdıra bilər.
  • Əmək müqaviləsində dəqiqləşdirmələr: işçi ilə faktiki alacağı məbləğ razılaşdırılıb, lakin əmək müqaviləsində ümumi əməkhaqqını əks etdirmək lazımdır;
  • İşçinin tam dəyərini bilmək istəyi: Nett-dən Gross-a əməkhaqqını bilməklə vergi və icbari tutulmaları nəzərə alaraq işəgötürənin işçiyə nə qədər xərc çəkdiyini müəyyən etmək olar.

Hesablamalar necə aparılır?

Faktiki alınan məbləğdən ümumi əməkhaqqını hesablamaq üçün ilk növbədə Nett əməkhaqqının Grossdan (ümumi əməkhaqqıdan) müəyyən edildiyini bilməliyik.

Nett = Gross – (Gəlir Vergisi + MDSS + İşsizlikdən Sığorta + İcbari Tibbi Sığorta )

Göründüyü kimi Nett əməkhaqqından Gross məbləği tapmaq üçün NETT əməkhaqqına (xalis maaşa) əməkhaqqıdan tutulan bütün vergiləri və icbari ödənişləri (gəlir vergisi, sosial sığorta və sair) əlavə etmək lazımdır.

2026-cı ildə əməkhaqqı hesablanmasının əsasları

2026-cı ildə əməkhaqqıdan tutulmalara tətbiq edilməsi gözlənilən dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə aiddir. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektorunda çalışan işçilər üzrə əməkhaqqı hesablaması 2025-ci ildəkinə nisbətən az dəyişib. Bu sektorda da İTS hesablanması, özəl sektorda olduğu kimi, əməkhaqqı 2500 manatadək və 2500 manatdan çox olan hissəsinə görə bölünmüş iki aralıqda aparılır.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli -2026

Dəyişikliklərdən sonra özəl sektorda əməkhaqqıdan tutulmalar 2026-ci ildə aşağıdakı kimi olacaq:

  • Gəlir vergisi (GV): 2500 manatadək (Gross– 200) × 3%, 2500 – 8000 manat arası 75+ (Gross-2500)* 10%, 8000 manatdan yuxarı olduqda 625 manat + (Gross-8000)*14%;
  • Məcburi Dövlət Sosial Sığortası (MDSS): 200 manatadək Gross*3%, 200-8000 manat aralığında (Gross-200)*10%+6, 8000 manatdan yuxarı olduqda (Gross-8000)*10%+786;
  • İcbari Tibbi Sığorta (ITS): 2500 manatadək Gross × 2%, 2500 manatdan çox olduqda (Gross-2500)*0,5%+50;
  • İşsizlikdən sığorta (İS) = Gross × 0.5%

2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanmasının əsasları

Əməkhaqqıdan tutulmalara 2026-cı ilin əvvəlindən tətbiq ediləcək tutulmalara diqqət etsək, onların müəyyən aralıqlarda fərqli olduğunu görə bilərik. Bu xalis maaşdan ümumi əməkhaqqının hesablanmasına da təsir edir. Hesablama zamanı ümumi əməkhaqqının yuxarıda qeyd edilən intervallardan hansına uyğun gəlməli olduğünü təxmin etmək lazımdır, əks halada hansı düsturun tətbiq ediləcəyini müəyyən etmək çətinləşir. Bu xüsusi ilə aralıqlarn sərhədlərində özünü daha çox biruzə verir və hesablamalara təsir edir.

Nett – Gros əməkhaqqı hesablanmasının riyazi mahiyyətini anlamaq üçün 0-2500 manat aralığını araşdıraq. Digər intervallar üçün hesablamaların ardıcıllığı mahiyyətcə eynidir.

Gross əmək 0 – 2500 manat aralığında olduqda hesablamalar  

Bu aralıqda olan əməkhaqqı üçün gəlir vergisi 3% təşkil edir, eyni zamanda Vergi Məcəlləsinin 102.1.6 -ci maddəsi nəzərə alınmaqla:

  •  GV = (Gross – 200) × 0.03 = 0,03* Gross – 6

Bu dəyəri əsas düsturda yerinə qoyaq:

  • NETT = Gross – (0,03* Gross – 6) + 0.125 * Gross – 14)
  • NETT = Gross – (0.155 * Gross – 20)
  • NETT =  0.845 * Gross + 20

GROSS = (NETT – 20) / 0.845

Nümunə:

Nett=2132,50  manat,  Gross=(2132,50-20)/0,845 = 2500 manat

Aralıqların sərhədlərinə uyğun ədədləri, habelə yuxarıdakı riyazi hesablamaların mahiyyətini bilməklə digər intervallar üçündə riyazi hesablamalar aparmaq olar.

Exceldə NETT → GROSS kalkulyatoru

Əlbəttə, riyazi hesablamalar aparmaq olar, amma bu vaxt aparır, diqqət tələb edir və cansıxıcıdır. Bunu nəzərə alaraq mütəxəssislərimiz sizin üçün Exceldə sadə kalkulyator hazırlayıb. Kalkulyator bütün kateqoriyalara aid olan işəgötürənlərdə çalışan işçilərin 2026-ildə  əməkhaqqından tutulmaları, habelə Nett →Gross yaxud əksinə hesablamalrı aparmağa imkan verir.

Əgər:

  • GROSS əmək haqqı aralığı məlum deyilsə, yaxud;
  • hesablamalar aralıq sərhədlərinə yaxın maaşlar üçün aparılırsa;
  • verilmiş NETT maaşa əsasən hansı düsturdan istifadə edəcəyinizi bilmirsinizsə;

rahatlıqla bu kalkulyatordan istifadə edə bilərsiniz.

Bundan başqa “Supergross” Excel düsturu vasitəsi ilə işçinin işəgötürənə tam olaraq hansı məbləğə başa gəldiyini (işçinin tam dəyəri) də bu kalkulyatorla hesablamaq  olar.

Fayla nəzər yetirin: Nett – Gross kalkulyatoru üçün keçid al

Faylı yükləyin: Nett – Gross əməkhaqqı hesablanması (989 downloads )