Gross və Net əməkhaqqı nədir

posted in: Excel, Məqalə | 4

Əməkhaqqı hər kəsi yeni iş axtarışına çıxmağa sövq edən mühərrikdir. İş müsahibəsi zamanı çox vaxt “gross” və “net” sözlərini eşitmək olar. Bu anlayışlar nədir, nəyi ifadə edir, niyə işəgötürənlər daha çox gross əməkhaqqını göstərirlər? Gəlin bunları və daha nələrisə birlikdə araşdıraq. Təqdim etdiyimiz məqalədə aşağıdakı suallara cavab verməyə cəhd edəcəyik.

Gross əməkhaqqı nədir?

Net əməkhaqqı nədir?

İşəgötürənlər və iş axtaranlar hansı əməkhaqqını göstərir?

Biznes hesabi

Əməkhaqqının hesablanması necə aparılır?

Ələ çatan gross əməkhaqqı: belə olurmu?

Gross əməkhaqqı nədir?

Daha çox qazanmaq istəyən Aynur iş axtarır. Bir vakansiya elanında qeyd edilən əməkhaqqı onu qane edirdi, amma müsahibədə tamam fərqli, daha az məbləğ elan etdilər. Başqa vaxt isə onunla telefonla əlaqə saxlayan mütəxəssis “gross əməkhaqqı” haqında danışdı. Bu nədir?

Bu anlayış sizə tanış olmaya bilər, amma tanış olmayan anlayışlardan qorxmağa dəyməz. Onların məzmununu asanlıqla tapa bilərik, bizim halda olduğu kimi. Məsələn, Azərbaycan dilinin onlayn izahlı lüğətində “gross” anlayışları bir-neçə variantda şərh edilir. “Toplam, ümumi” onlardan biridir, dilimizə ingilis dilindən gələn sözdür. Gross maaş işçinin əmək müqaviləsində ona təyin olunacaq ümumi məbləği göstərir. Bir az da dəqiqləşdirsək:

Gross əməkhaqqı – işçinin əməkhaqqısından Əmək Məcəlləsinin 172.2 maddəsi ilə müəyyən edilmiş vergi və digər icbari tutulmalar çıxılana qədər olan məbləğdir.

Net əməkhaqqı nədir?

Bu sualın cavabı sizə yuxarıdakı izahdan sonra yəqin ki, aydındır. Yenə də, onlayn lüğətə müraciət etsək, net əməkhaqqını xalis maaş kimi xarakterizə etmək olar, o da dilimizə ingilis dilindən keçib. İşçilər arasında daha çox “təmiz maaş”, “ələ çatan məbləğ” kimi tanınır. Beləliklə:

Net əməkhaqqı – işçiyə muzdlu işlə bağlı ödənilən haqdan qanunvericiliklə müəyyən edilmiş vergi, sosial sığorta haqları və digər icbari tutulmalar çıxıldıqdan sonra qalan məbləğdir.

Bunu nümunədə şərh edək.

Aynur imtahan verərək dövlət sektorunda aylıq maaşı 700 manat olmaqla işə düzəlib. Bu gross əməkhaqqıdır, amma işçi ayın sonunda bu məbləği almayacaq. Mühasibatlıqda bu məbləğdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta məbləği, icbari tibbi sığorta haqqı tutulacaq və Aynura əmək müqaviləsində qeyd edilmiş 700 manatdan daha az – 592 manat ödəniləcək. Bu məbləğ net əməkhaqqıdır.

İşəgötürənlər və iş axtaranlar hansı əməkhaqqını göstərir?

Əməkhaqqı məbləğinin müəyyən edilməsi çox vaxt iş axtaranlar və işəgötürənlər arasında anlaşılmazlıqlara səbəb olur. Bunun səbəbi tərəflərin hesablamalara olan fərqli baxışlarıdır. Bir qayda olaraq, iş axtaran CV-lərdə ələ almaq istədikləri məbləği (net əməkhaqqı) qeyd edirlər. İşəgötürən isə vakansiya elanını öz istəyinə uyğun tərtib edir – maaşın qeyd edilmə formatını diktə edən qaydalar yoxdur.

Gross əməkhaqqı rəhbərliyin göstərmək hüququna malik olduğu dəqiq məbləğdir. Çünki işçi bütün məbləği qazanır, vergi agenti olan işəgötürən isə onun qazancından məcburi tutulmalar həyata keçirir.

Net əməkhaqqını göstərməklə işəgötürən gələcək işçini əlavə hesablaşmalar aparmaq zərurətindən azad edir. İşçi nə qədər alacağını, gəlir səviyyəsi daha aydın görünür. 

Nəyə görə işəgötürənə gross əməkhaqqını göstərmək daha rahatdır?

Bunun sadə səbəbi var: işəgötürən məcburi tutulmalarla yanaşı gələcək işçinin maaşdan əlavə çıxılacaq məbləğlərdən (məsələn, aliment, bank borcları) məlumatsızdır. Buna görə də o, gəlir səviyyəsini əvvəlcədən dəqiq deyə bilməz. Eyni gross əməkhaqqı ilə işləyən işçilərin qazancları fərqli ola bilər.

Əməkhaqqını necə hesablamalı?

Əmək müqaviləsi ilə işləyən muzdlu işçilər üçün gördükləri işə görə haqqın müəyyən edilmə ardıcıllığı bir sıra amillərdən asılıdır. Bu haqda əməkhaqqının hesablanması barədə məqalədən oxumaq olar. Məqalədəki mühasibat uçotu terminləri sizə darıxdırıcı gələ bilər. Bu halda gros yaxud net əməkhaqqının hesablanması üçün sizə başqa variant təklif edə bilərik  – bu faylı yükləyərək grossadan netə, netdən grossa hesablama aparmaq mümkündür.

Əməkhaqqından tutulmaların hesablanmasını Dövlət Vergi Xidmətinin təklif etdiyi elektron kalkulyator vasitəsi ilə də aparıb Net yaxud Gross əməkhaqqını hesablamaq olar.

Elektron hesablamanın qeyd etdiyimiz hər iki variantında maaşdan tutulan məbləğlər kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta məbləği, icbari tibbi sığorta haqqı hesablanıb, digər tutulmalar (məsələn həmkarlar təşkilatına üzvlülük haqqı, işçinin razılığı ilə tutulmalar və sair) nəzərə alınmayıb.

Əməkhaqqının tam verilməsi: belə olurmu?

Aynur iş axtararkən gross məbləğin tam verilməsi təklifi ilə rastlaşdı. Onun fikrincə bu cəlbedici olsa da, riskli idi. Aynur belə fikirləşməkdə nə qədər haqlıdır?

O, əbəs yerə şübhələnməyib, belə hallarda ehtiyatlı olmaq, təklifdən imtina etmək lazımdır. Çünki:

  1. Bu əmək müqaviləsinin olmaması anlamına gəlir yaxud mümkündür ki, işəgötürən mülki müqavilə (xidmət müqaviləsi) bağlamaq istəyir. Əmək müqaviləsini mülki müqavilədən fərqləndirən amillər çoxdur və bunun işçiyə faydası yoxdur.
  2. İşəgötürən dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəmələrdən yayınmaq istəyir. Şirkət öz fəaliyyətində qanunvericiliyin tələblərini pozur. Həm də işəgötürən işçiləri üçün müxtəlif təyinatlı sosial sığorta ayırmaları hesablamalıdır. Bu qanunun tələblərini pozmaqla yanaşı, işçini müxtəlif sosial sığorta müavinətlərindən (xəstəlik vərəqi ilə sığorta, ixtisar zamanı, tibbi xidmətlər və sair) məhrum etmək deməkdir.
  3. İş yerinə zəmanətin verilməməsi. Əmək müqaviləsi olmayan işçini işəgötürən asanlıqla işi ləğv edə bilər yaxud məbləğin bir hissəsini ödəyər.

Gəlirlərin hesablanması qaydalarının şəffaf olması işçi üçün daha faydalıdır. Gross əməkhaqqı gələcək xərcləri daha səmərəli planlaşdırmağa imkan vermir, amma bu onun net əməkhaqqısından daha faydasız olması da demək deyil. Məhz o, sizin əmək bazarında  mütəxəssis kimi dəyərinizi göstərir.

4 Responses

  1. asd
    |

    Xahiş edirəm 2018 üçün olanı da yazın =(

  2. OKTAY
    |

    Zehmet olmasa 2018-ci il üçün olanı da paylaşardız və əlavə həmkarlar üzrə tutulmanı ora necə əlavə etmək olar

  3. Sabir
    |

    Salam. Download linki error verir ve hecbir fayl yuklenmir. Zehmet olmasa cavab vererdiniz, mene bu excell fayl lazimdir.

  4. Vusal
    |

    Link açılmır