Emissiya gəliri üzrə uçotun əsasları
Mühasibat uçotu subyektlərində emissiya gəliri Hesablar Planının 31-ci maddəsinin eyni adlı hesabı üzrə uçota alınır. Emissiya gəliri dedikdə səhmlərin satış dəyəri və nominal dəyər arasındakı fərq nəzərdə tutulur. Yəni, satış dəyəri nominal dəyərdən yüksək olduqda emissiya gəliri əldə edilmiş sayılır.
Emissiya gəliri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydaların 29.3-cü maddəsinə görə emissiya gəliri üzrə aşağıdakı subhesablar açılır.
Hesab üzrə uçot zamanı aşağıdakı standartların tələbləri nəzərə alınmalıdır:
- “Səhm üzrə mənfəət” adlı MUBS 33 (IAS 33) – səhmlər üzrə mənfəət müəyyən edilməsi və onların təqdimatı prinsipləri təyin edilməsi hallarında;
- “Pay alətləri əsasında ödəmə” adlı MHBS 2 (IFRS 2) – pay alətləri əsasında ödəmələr həyata keçirən müəssisələr tərəfindən maliyyə hesabat verməsi müəyyən edilərkən;
- “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” adlı MHBS 12 (IFRS 12) digər müəssisələrdə olan iştirak paylarının xarakteri, bu paylarla bağlı risklər, maliyyə vəziyyəti, nəticələri, pul vəsaitlərinin hərəkətində sözügedən iştirak paylarının təsirləri müəyyən edilərkən.
311 saylı hesab üzrə uçotun tənzimlənməsi
“Emissiya gəliri” adlı 311 saylı hesab kapital hesabıdır. Bu hesabda mühasibat uçotu subyektinin nizamnamə kapitalının yaradılması zamanı səhmlər nominal dəyərlərindən artıq qiymətə satılarsa, səhmlərin satış və nominal dəyərləri arasındakı fərq məbləğinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Səhmlərin dəyərinin ödənilməsi zamanı əldə edilmiş emissiya gəliri yuxarıda qeyd edilən qaydaların 29.4.-cü bəndilə nizamlanır.
Uzunmüddətli və qısamüddətli konvertasiya olunan istiqrazlar nizamnamə kapitalına çevrildikdə səhmlərin nominal dəyərindən artıq olan məbləği həmin qaydaların 29.5.-ci bəndi, uzunmüddətli və qısamüddətli öhdəliklər nizamnamə kapitalına çevrildiyi zaman həmin qaydaların 29.6.-cı bəndi tətbiq edilir.
Məqsədli maliyyələşmələr, daxilolmalar nizamnamə kapitalına çevrilməsi halları həmin qaydaların 29.7.-ci bəndi, səhmlərin emissiya güzəştilə satıldığı hallarda 29.8.-ci bəndilə tənzimənir.
Emissiya gəliri ilə bağlı nümunələr
Səhmlər nominal dəyərindən yüksək qiymətə satıldıqda
“A” ASC hər birinin dəyəri 15 manat olmaqla 2000 ədəd səhm buraxmışdır. Həmin səhmlər 1-nin dəyəri 17 manat olmaqla, digər səhmdara satılmışdır. Səhmdar, ödənişi bank hesablaşma hesabına etmişdir.
Deməli, nominal dəyəri 15 manat olan səhm 17 manata satılmışdırsa, aradakı 2 manat fərq emissiya gəliri sayılır. Verilmiş nümunədə səhmlərin sayı 2000 olduğundan cəmi emissiya gəliri 4000 manat (2000×2) təşkil edir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 30000.00 |
| 2 | Səhmlər nominal dəyəri ilə satıldıqda | 223 – Bank hesablaşma hesabları | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 30000.00 |
| 3 | Emissiya gəliri əldə edildikdə | 223 – Bank hesablaşma hesabları | 311 – Emissiya gəliri | 4000.00 |
Səhmlər pul olmayan aktivlər şəklində ödənildikdə
Müəssisə hər birinin dəyəri 23 manat olmaqla 2000 ədəd səhm buraxmışdır. Digər bir səhmdar dəyəri 55000 manat olan nəqliyyat vasitəsini 2000 ədəd bərabər pay şəklində qoyaraq səhmləri əldə etmişdir.
Deməli, 55000 manatlıq nəqliyyat vasitəsinini dəyərini 2000 səhm üzrə bərabər hissələrə böldüyümüz zaman hər səhmin yeni dəyəri 27.50 manat təşkil edir.
Nominal dəyəri 23 manat olan səhm 27.50 manata satılmışdırsa, aradakı 4.50 manat fərq emissiya gəliri sayılır. Verilmiş nümunədə səhmlərin sayına uyğun olaraq cəmi emissiya gəliri 9000 manat (4.50×2000) təşkil edir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 46000.00 |
| 2 | Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 46000.00 |
| 3 | Emissiya gəliri əldə edildikdə | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 311 – Emissiya gəliri | 9000.00 |
Qeyd etmək istəyirik ki, qeyri-maddi aktiv formasında qoyuluş edildikdə əldə edilən emissiya gəliri qeyd olunan qaydada uçota alınır.
Öhdəliklər nizamanmə kapitalına çevrildikdə
“A” şirkəti istehsal fəaliyyətini davam etdirmək üçün malların alışını həyata keçirmək məqsədilə 2020-ci ildə “B” şirkətilə iki illik müqavilə bağlamışdır. 125000 AZN dəyərində mallar yanvar ayında təhvil alınmışdır. Malları alan şirkət ödənişi 2022-ci ilin yanvar ayına qədər etməlidir.
Müəyyən müddət keçdikdən sonra “A” şirkəti “B” şirkətinə kreditor borclarını özünün buraxdığı səhmləri almaqla nizamnamə kapitalına çevirməyi təklif edir.
İlk öncə, kreditor borclarının uçotuna baxaq:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların alışı həyata keçirildikdə | 205 – Mallar | 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları | 125000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları | 22500.00 |
Malları alan şirkət 1 il 7 aylıq müddətdən sonra birinin dəyəri 48.50 AZN olan 2500 ədəd səhm buraxmışdır. Borcun cəmi məbləği 125000 AZN olduğundan, sözügedən məbləği buraxılmış səhmlər üzrə bərabər hissələrə böldüyümüz zaman bir ədəd səhmin dəyəri 50 AZN təşkil edir. Beləliklə, malların alışını həyata keçirən şirkət kreditor borclarını bağlamaqla yanaşı, səhmlərin satışından emissiya gəliri də əldə etmiş oldu. Emissiya gəliri 3750 AZN ((50-48.50)×2500) olmuşdur.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 121250.00 |
| 2 | Səhmlər nominal dəyəri ilə satıldıqda | 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 121250.00 |
| 3 | Emissiya gəliri əldə edildikdə | 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları | 311 – Emissiya gəliri | 3750.00 |
Səhmlər nominal dəyərindən aşağı qiymətə satıldıqda
“A” ASC hər birinin dəyəri 30 AZN olmaqla 1800 ədəd səhm buraxmışdır. Həmin səhmlər 1-nin dəyəri 28 AZN olmaqla, digər səhmdara satılmışdır. Səhmdar, ödənişi kassaya etmişdir.
Deməli, Nominal dəyəri 30 AZN olan səhm 28 AZN-ə satılmışdırsa, aradakı 2 AZN fərq emissiya güzəştidir. Verilmiş nümunədə səhmlərin sayı 1800 olduğundan cəmi emissiya güzəşti 3600 AZN (1800×2) təşkil edir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 54000.00 |
| 2 | Səhmlər nominal dəyərindən aşağı qiymətə satıldıqda | 221 – Kassa | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 50400.00 |
| 3 | Emissiya güzəşti bölüşdürülməmiş mənfəətə silindikdə | 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 3600.00 |

