Təcrübədə fiziki şəxslərin öz evlərini, villalarını, digər əmlaklarını vergi ödəyicisi olan və ya olmayan şəxslərə icarəyə verdiklərinin şahidi oluruq. Bu zaman onların hansı vergi öhdəlikləri yaranır? Suala “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.
Fiziki şəxslər öz evlərini, digər əmlaklarını vergi ödəyicisi olan və ya olmayan şəxslərə icarəyə verdikdə aşağıda göstərilən vergi öhdəlikləri yaranacaq:
1-ci hal
Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. İcarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.
Misal 1: Fiziki şəxs Vəliyev Zəfər öz qeyri-yaşayış obyektini “BY” MMC-yə aylıq 2.000 manata icarəyə verib. Yəni, müqavilədə göstərilən məbləğ 2.000 manatdır. “BY” MMC şəxsə ödəniş edən zaman həmin məbləğdən 280 manat vergi tutacaq və icarəçiyə 1.720 manat ödəniş edəcək.
2000 x 14% = 280 manat;
2000 – 280 = 1720 manat.
2-ci hal
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalıdır. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Misal 2: Şəxs Qəbələdə olan villasını vergi ödəyicisi olmayan şəxslərə günlük icarəyə verməklə məşğuldur. İl ərzində o icarədən 80.000 manat gəlir əldə edib. Bu zaman şəxsin illik gəlir vergisi 11.200 manat təşkil edəcək:
80000 x 14% = 11200 manat.
Qeyd edək ki, bu halda həmin şəxsə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Mənbə: vergiler.az