Əzablı yollarla biznesə doğru (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

“McDonalds”da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.

Forbes siyahısından olan şəxslərin uğura doğru yolları müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.  

I hissəyə nəzər yetirin

Uorren Baffet – saqqız satıcısı və qəzet paylayan

Dünyanın ən məşhur investorlarından biri və 109,5 milyard dollarlıq sərvətin sahibi Uorren Baffet, siyasətçi və sahibkar Hovard Baffetin təminatlı ailəsində anadan olub. Lakin buna baxmayaraq, gələcək milyarder pul qazanmaq cəhdlərinə hələ gənc yaşlarından başlamışdı. Kiçik-Baffet hələ 10 yaşı olmadığı vaxtlarda öz babasının dükanından saqqız və koka-kola alır və onları qonşularına artıq qiymətə satırdı. Bir qədər sonra o, qəzet paylamaqla məşğul olub, 11 yaşında ilk dəfə birjada oynamağa cəhd edib, 13 yaşında isə özünün ilk gəlir bəyannaməsini verib. Bundan iki il sonra Baffet yeni biznes növünü düşünüb tapıb. Dostu ilə birlikdə 25 dollara pinboll oyun avtomatını ikinci əldən satın alıb və həmin oyun avtomatını bərbərxanada icarəyə verib. Bir neçə aydan sonra bu gənc sahibkarların mülkiyyətində artıq bir neçə belə oyun avtomatları var idi. Bir qədər keçdikdən sonra onlar həmin oyun avtomatlarını 1200 dollara müharibə veteranlarına satmışdılar.

Fil Nayt – jurnalist və mühasib

2016-cı ilin iyun ayında “Nike” şirkəti, 78 yaşlı qurucusu Fil Naytın idarə heyətinin sədri vəzifəsindən istefaya getdiyini elan etdi. Yarım əsrdən çox əvvəl, 1964-cü ildə qaçış üzrə məşqçi olan Bill Bouerman ilə birlikdə yeddi il sonra “Nike”a çevrilən “Blue Ribbon Sports” şirkətini quran məhz, Nayt olmuşdu. Fil Nayt ABŞ-da idman ayaqqabısı tədarük etmək ideyasına Yaponiyada “Tiger” idman ayaqqabılarının istehsal olunduğu Onitsuka fabrikini ziyarət etdikdən sonra gəlmişdi. İlk idman ayaqqabısı modelini isə “Nike” şirkəti 1971-ci ildə istehsal etmişdi.

Hələ öz biznesi ilə məşğul  olmazdan əvvəl, Fil Nayt Oregon universitetində jurnalistika fakültəsini bitirmiş və Stenford biznes məktəbində iqtisadi təhsil almışdı. 54,5 milyard dollarlıq bir sərvətə sahib olan Fil Nayt gənclik illərində “The Oregonian” qəzetində idman xəbərləri şöbəsində işləməyə başlamışdı. Gecə növbəsində Nayt yarışların nəticələri ilə bağlı cədvəlləri hazırlayırdı, bundan sonra səhər o, piyada evə qədər bir neçə mil yol gedirdi. 60-cı illərin ortalarında isə o, artıq qaçış yollarının tam kənarında öz avtomobilinin baqajından yapon idman ayaqqabılarının satışı ilə məşğul olur, eyni zamanda “Portlend” firmalarından birində mühasib işləyirdi.

Dmitriy Rıbolovlev – sanitar

“Uralkaliya” şirkətinin sabiq sahibi və “Monako” futbol klubunun əsas sahibi Dmitriy Rıbolovlev həkim ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra, gələcək milyarder sənədlərini Perm tibb institutuna təqdim etmiş və ilk cəhddən qəbul olunmuşdu. Artıq ikinci kursdan başlayaraq o, həm təhsil almış və eyni zamanda işləməyə başlamışdı. Mühazirələrdən sonra o, şəhər xəstəxanasının kardiologiya şöbəsində sanitar vəzifəsində çalışmış, sonra isə tibb qardaşı vəzifəsinə keçirilmişdi. 6,7 milyard dollarlıq sərvətin hazırkı sahibi institutu qırmızı diplomla bitirib, lakin o, kardioloji reanimasiya şöbəsində həkim kimi elə də çox işləməyib. Ötən əsrin 90-cı illərində Dmitriy Rıbolovlev biznes işinə başlayır.

Qeyd etmək lazımdır ki, onun ilk şirkəti tibb profilli idi. O, atası ilə birlikdə “Maqnetiks” şirkətini təsis etmişdi. “Atam maqnitoterapiya adlanan yeni bir müalicə metodunu – maqnit sahəsi ilə müəyyən nöqtələrə təsir etməyi işləyib-hazırlamışdı. Bu onun doktorluq dissertasiyasının mövzusu idi. Bunun böyük sənaye müəssisələrində çox populyar bir metodika olması ortaya çıxdı. Biz əməkdaşların müalicəsi üçün müqavilələr bağlamağa başladıq”, – “Vedomosti” nəşrinə verdiyi müsahibədə milyarder belə demişdi.

Oleq Tinkov – elektrik çilingəri və alverçi

“Tinkoff Bank”ın təsisçisi və 8,8 milyardlıq sərvət sahibi Oleq Tinkoff Leninsk-Kuznetski şəhərində anadan olub. Sahibkarın uşaqlığı barakda keçmiş, suyu isə onlar əllərində vedrə ilə çox uzaqdan daşımışlar. Tinkov avtobioqrafik kitabında yazırdı ki, “şaxtaçılar və keçmiş məhbuslar, sərxoşlar arasında yaşayırdım. Onlardan sonra idman kostyumlarında olan leninqradlı quldurlar mənə karikatura personajlarını xatırladırdı, onlar sadəcə gülüş doğururdular”.

Özünün ilk 50 rublunu Oleq Tinkov altıncı sinifdə oxuyarkən, çalışdığı mebel fabrikində qazanmışdı. “Bundan əlavə, biz nədənsə mineral sular buraxan makaron fabrikində də işləmişdik. 12 şüşə su üçün nəzərdə tutulan yeşiklər daim sınıb-tökülürdü, biz isə onları təmir edirdik. Buna görə bizə 50 rubl əlavə pul verirdilər”, – biznesmen öz xatirlərində yazırdı.

18 yaşında Tinkov mədəndə elektrik avadanlıqlarının təmiri emalatxanasında elektrik montyorunun şagirdi kimi işə başlayıb. Onun iş növbəsi səhər saat 7-dən gündüz 3-ə kimi çəkirdi, bundan sonra gələcək milyarder velosiped idmanı üzrə məşqlərə gedirdi. Oleq Tinkovun ilk biznes işi məhz, onunla əlaqəli idi. Leninabadda keçirilən təlim-məşq toplanışı zamanı o, hər biri 50 rubldan dörd ədəd Montana cins şalvarı satın alır və yaşadığı şəhərdə həmin malın hər birini 200 rubldan satır. “Beləcə işlərim alındı: pul əldə edirdim, toplanışlara yola düşürdüm və geriyə malla dönürdüm. İki il beləcə keçdi. Sonralar isə artıq mağazaya deyil, birbaşa anbara gəlir və cins şalvarları qutu ilə birlikdə alırdıq. O zaman SƏDM əməkdaşları alverçiləri gözüm-çıxdıya salırdılar, idmançılara isə bir qayda olaraq, toxunmurdular: bizim böyük baqajımız onlarda şübhə oyatmırdı, axı, yarışlara formamız və velosipedlərimizlə birlikdə uçurduq”, – Tinkov öz memuarlarında belə xatırlayır.

Print Friendly, PDF & Email