Fakturaların əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

fakturaVergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən alınmış elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada ödənilmiş və əvəzləşdirilməli olan məbləğ ƏDV bəyannaməsinin 308-ci sətirində əks etdirilməklə yanaşı, bu məlumatlar İnternet Vergi İdarəsinin «Onlayn kargüzarlıq e-VHF» bölməsi vasitəsilə ƏDV bəyannaməsinin göndərildiyi gün ərzində vergi orqanına göndərilməlidir.

Bunun üçün vergi ödəyicisi www.e-taxes.gov.az internet səhifəsinə daxil olaraq, səhifənin sol yuxarı tərəfində yerləşən «giriş» düyməsini seçir. Açılan səhifədə vergi ödəyicisinə məxsus istifadəçi kodu, parol və şifrə daxil edilir və bölmə sətirində Onlayn kargüzarlıq və e-VHF seçilərək, «daxil ol» düyməsi sıxılmaqla sistemə daxil olunur. Açılan növbəti səhifədə e-VHf alt bölməsi seçilərək, Əvəzləşdirilənlər hissəsinə keçilir. Dövrü «seç» düyməsi sıxılmaqla açılan pəncərənin ilk xanasında əvəzləşdiriləcək fakturanın göndəriləcək bəyannamənin ili, dövr tipi xanasında əvəzləşdirilmə göndəriləcək bəyannamənin rüblük və ya aylıq təqdim edilməsi, növbəti xanada isə dövr tipi xanasına uyğun seçim edilərək, «qəbul» düyməsi sıxılır.

Daha sonra isə əvəzləşdiriləcək faktura məlumatları hissəsi doldurulur. Hesabat dövrü üzrə əvəzləşməyə təqdim edilən fakturanın seriya nömrəsi daxil edildikdə həmin fakturaya aid məlumatlar səhifədə avtomatik əks olunur. Sətir kodu xanasında əldə edilən fakturanın ƏDV-yə cəlb edilməsinə uyğun olaraq müvafiq kod seçilir. Ödənilmiş ƏDV-siz ümumi dəyər xanasında fakturanın ödənilmiş məbləği əks etdirilir və ona uyğun  hesablanmış ƏDV məbləği ödənilmiş ƏDV xanasında avtomatik əks olunur. Daha sonra «daxil et» düyməsi sıxılmaqla əvəzləşəcək faktura daxil etdiyiniz son 5 əvəzləşəcək faktura siyahısında əks olunur. Əvəzləşməyə daxil ediləcək digər fakturalar da siyasıya eyni üsulla daxil edilir. «Təmizlə» düyməsini sıxmaqla əvəzləşəcək faktura məlumatları hissəsində əvəzləşməyə daxil ediləcək fakturanı silmək olar. «Baxış» düyməsini sıxmaqla açılan təsdiqləmə pəncərəsində «bəli» düyməsini seçməklə əvəzləşmə üçün təqdim edəcəyiniz fakturalara baxa bilərsiniz. Daxil etdiyiniz əvəzləşəcək faktura siyahısında hər hansı bir faktura məlumatını səhv daxil etmisinizsə, bu dövr üçün axtarış hissəsində həmin faktura üzərində düzəliş edə və ya onu silə bilərsiniz.

Bu əməliyyatı yerinə yetirmək üçün dövr üzrə axtarış hissəsində axtarış kriteriyasını və ona uyğun məlumatı müvafiq xanalara daxil edərək Axtar düyməsi sıxılır. Axtarışa uyğun əvəzləşdiriləcək fakturalar hissəsində görünən faktura üzərində müvafiq dəyişiklik edilir. Səhv daxil edilmiş fakturanı silmək üçün axtarışa uyğun əvəzləşdiriləcək fakturalar hissəsində görünən fakturanı silmək üçün «sil» düyməsi sıxılmalıdır.

Əvəzləşmə üçün daxil edilmiş fakturaların doğruluğuna əmin olduqda «göndər» düyməsi sıxılır. Bu zaman açılan səhifədə «qəbul» düyməsi sıxılır. Açılan pəncərədə əvəzləşəcək fakturaların doğruluğuna əminlik olduğunuzu təsdiqləməklə əvəzləşəcək fakturanın göndərilməsi əməliyyatını başa çatdırmış olacaqsınız.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email