621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Fəaliyyətin seqmentləşməsi

Bir sıra iri şirkət və holdinqlər ümumi bazarı oxşar ehtiyac və xüsusiyyətlərə malik daha kiçik istehlakçılar qruplarına bölərək fəaliyyət göstərirlər. İstehsal, ticarət və xidmət sahələrində belə seqmetləşmə şirkətə:

  • hədəf auditoriyasını daha yaxşı başa düşməyə;
  • fərdiləşdirilmiş məhsul və xidmətlər yaratmağa;
  • hədəflənmiş marketinq strategiyaları və satış kanalları formalaşdırmağa imkan verir.

Bütün bunlar sonda biznesin gəlirliliyini və rəqabət qabiliyyətini artırmağa kömək edir.

“Şirkətin seqmentləri – şirkətə ən perspektivli olanlara diqqət yetirməyə, marketinq və satış səmərəliliyini artırmağa imkan verən oxşar xüsusiyyətlərə, ehtiyaclara, davranışlara və ya qiymət nöqtələrinə malik potensial və ya mövcud müştərilər, eləcə də məhsul və ya xidmətlər qruplarıdır.”

Şirkətin fəaliyyətinin çox sayda məhsul və xidmət növləri, bazarlar və hətta sənaye sahələri ilə əlaqəli olması mümkündür. Məsələn, holdinq eyni  zamanda qida məhsullarının istehsalı və satışı, kənd təsərrüfatı məhsullarının istehsalı, minik avtomobillərinin satışı ilə məşğul ola bilər. Maliyyə hesabatlarının istifadəçilərinin şirkətin cari və gələcək vəziyyətinə müxtəlif biznes istiqamətlərinin və iqtisadi şərtlərin təsirini qiymətləndirə bilməsi üçün seqmentlər üzrə məlumatların açılması zəruridir. Bunu “Əməliyyat seqmentləri” adlı 8 saylı MHBS (IFRS8) standartı da tələb edir.

Mühasibat uçotunda belə məlumatların toplanması, hərəkəti və qalıqlarını əks eydirilməsi üçün müxtəlif uçot hesablarından, o cümlədən 621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabından istifadə olunur.

Mühasibat xidmətləri

“Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabının mahiyyəti

Böyük şirkətlər (holdinqlər) onların gələcək biznes planlarına uyğun gəlməyən yaxud gəlir gətirməyən müəyyən seqmentlərin fəaliyyətini dayandıra yaxud onları sata bilərlər.

““Fəliyyətin dayandırılması – şirkətin davam edən fəaliyyətinin artıq bir hissəsi olmayan biznes seqmentlridir.”

“Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı (IFRS 5) 5 saylı MHBS-a görə dayandırılmış fəaliyyətlərdən vergidən əvvəlki mənfəət və zərər məcmu gəlir haqqında hesabatda (mənfəət və ya zərər haqqında hesabat) ayrıca təqdim edilməlidir. Davam edən və dayandırılmış fəaliyyətin nəticələri mənfəət və zərər hesabatında ayrı-ayrılıqda təqdim edilməsi şirkətin fəaliyyətini daha düzgün qiymətləndirməyə imkan yaradır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) kommersiya müəssisələrində bu məqsədlə 621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabının tətbiqi tələb edir. 621 saylı hesabdan istifadə maliyyə hesabatlarında artıq biznesin bir hissəsi olmayan fəaliyyətlərin nəticələrini görməyə imkan verir.

Hesablar planının “Gəlirlər” bölməsi

621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabı yuxarıda qeyd edilən Qaydalarla müəyyən edilmiş Hesablar Panının  6-cı “Gəlirlər” bölməsinə aid olan hesablardan biridir. Bu bölmədə müəssisələrin aşağıda qeyd edilən gəlirləri üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir:

  • əsas əməliyyat gəlirləri;
  • sair əməliyyat gəlirləri;
  • fəaliyyətin dayandırılmasından yaranan gəlirlər;
  • maliyyə gəlirləri;
  • fövqəladə gəlirlər.

621 saylı hesab bölmənin 62-cı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” maddəsinə aid olan yeganə hesabdır.

621 saylı hesab üzrə tənzimləmələr

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlərin uçotu üçün istifadə edilən 62-ci maddədə “mühasibat uçotu subyektinin fəaliyyətinin dayandırılması ilə əlaqədar ya silinmiş, ya da satış üçün saxlanılmış kimi təsnifləşdirilmiş komponentləri üzrə yaranmış gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.” (Qaydaların 48.1 bəndi)

621 saylı hesab üzrə təzimləmələr Qaydaların 48.2-48.5 bəndlərinin tələblərinə uyğun aparılır. Həmin tələblərə görə:

  • əgər fəaliyyətin dayandırılması üzrə əməliyyatlar mənfəət əldə edilməsi ilə nəticələnərsə, bu maliyyə hesabatlarında netto əsasında (fəaliyyətin dayandırılmasından yaranan gəlirlərdən xərclər çıxılmaqla) təqdim edilir;
  • fəaliyyətin dayandırılması zamanı uzunmüddətli aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirildirilərək satıldıqda mühasibatlıqda uçot əməliyyatarı Qaydalrın 48.2.1- 48.2.9-cu bəndlərinin tələblərinə uyğun aparılır;
  • fəaliyyətin dayandırılması zamanı maliyyə alətlərinin satışından əldə edilən gəlirlərin uçotu Qaydaların 48.3.1- 48.3.7 bəndlərinin tələblərinə uyğun aparılır.

Hər iki halda satışdan daxilolmalar 621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabın krediti üzrə uçota alınır.

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər üzrə məbləğə Dt621/801 №li kimi mühasibat yazılışı verilir (Qaydaların 48.5-ci bəndi).

621 saylı hesab üzrə müxabirləşmə nümunəsi

Aşağıdakı nümunədə şirkətin hər hansı biznes seqmenin fəaliyyətinin dayandırılması zamanı mümkün mühasibat yazılışları, o cümlədən 621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabı üzrə müxabirləşmələr əks olunub.

Nümunə: “ABC” şirkəti bazarın müxtəlif seqmentlərində – elektronika mallarının satışı, qida məhsullarının istehsalı və satışı, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. Şirkət sonuncu iki sahənin inkişafı üçan qoyuluşların həcmini artırmaq üçün elektronika mallarının satışı seqmentini satmaq qərartına gəlir. Bu zaman fəaliyyətin dayandırılmasından yaranan gəlirlərin uçotu üçün aşağıdakı müxabirləşmələr verilir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Şirkətin elektronika mallarının satışından əldə edilən gəliri 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 601: “Satış” 250 000
Satışın maya dəyəri uçota alınıb 701: “Satışın maya dəyəri” 205: “Mallar” 200 000
Elektronia malları seqmenti satışı üzrə işçilərin əmək haqqı 701: “Satışın maya dəyəri” 533: ”İşçi heyətinə qısamüddətli kreditor borcları” 5 000
Elektronika malları seqmentinin satışı ilə bağlı xərclər 601: “Satış” 701: “Satışın maya dəyəri” 205 000
Elektronika malları seqmentinin  fəaliyyətin dayandırılmasından gəlir 601: “Satış” 621: “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” 45 000
Elektronika malları seqmentinin  fəaliyyətin dayandırılmasından gəlir mənfəət hesabına aid edilir 621: “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” 801: “Ümumi mənfəət (zərər)” 45 000

 Fəaliyyətin dayandırılmasından yaranan xərclərin uçotu Hesablar Planın 741 saylı hesabında aparılır.