Aristotel, fəlsəfə və mühasibat uçotu (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Təklif olunan məqalədə professor M. L. Pyatov bizi Sidneydə dünya mühasiblər Konqresində (WCOA 2018) qaldırılan məsələlərin müzakirəsindən sanki heç də müasirliklə bağlı olmayan fəlsəfi problematikaya doğru qaytarır. Amma! Bu yazını oxuyarkən, məqalənin qədim fəlsəfi traktatların müddəalarının düşünə biləcəyimiz mühasibatlıq mühitindən o qədər də uzaq olmadığını görmək imkanımız var…

Yenə də Aristotel

2018-ci ilin noyabr ayında biz “1C” firmasından olan sevimli həmkarlarımla Filip Dikhonerin Sidneydə etimad iqtisadiyyatı və şirkətlərin hesabatında onun rolu haqqında məruzəsinə qulaq asdıq. Filip, şirkətlərin yeni hesabat növlərinin vizuallaşdırılmış məzmununun bu məlumatların qeyri-peşəkar istifadəçisi üçün özünəməxsus tələ ola biləcəyini və internetdə əldə edilə biləcək məlumatların mövcudluğu kimi, “istifadəçi yönümlülüyü”nün bu cür məlumatların alıcısında onlara həddindən artıq etibar yarada biləcəyini bizə izah etdi.

Dikhoner deyirdi ki, bir şey anladıqlarını hiss etmək insanların çox xoşuna gəlir. Bu onlara həzz verir. Burada bizə aydın oldu ki, Filip faktiki olaraq Aristotelin “Metafizika” əsərindən ilk sətirləri sitat gətirir: “Bütün insanlar təbiətən biliklərə can atırlar”.


Praktiki “Mühasibat Kargüzarlığı” kursu


Fəlsəfə və mühasibat uçotu

Əgər siz diqqət yetirmisinizsə, “Əyləncəli mühasibat” rubrikasının mövzusu müəyyən mənada daha çox fəlsəfi çalar alır. Biz sizinlə tanınmış mütəfəkkirlərin işlərinin müddəalarını xatırlayaraq, onların məzmunu ilə mühasibat uçotunun müasir problemləri arasında aydın əlaqələr tapırıq.

Bu, təcrübə üçün gərəksiz olan və hazırda işdən yorulmuş oxucu üçün yalnız hansısa intellektual əyləncə düşüncəsi mənasını verən çox uydurma bir şey kimi görünə bilər. Lakin əslində heç də belə deyil.

Bu gün sizi dünya konqresinin aktual problemlərindən tutmuş, əsrlərin dərinliyində sanki həmişəlik batmış qədim fəlsəfi traktatlara qədər geri qaytararaq, demək istəyirəm ki, biz bunu niyə edirik və praktiki mühasib və ya mühasibatlığın müdrikliyini indi öyrənməyə başlayanlar, məhz, indiki zamanda bundan hansı faydaları əldə edə bilər.

İqtisadi fikir bir dünyagörüşü kimi

Fəlsəfə müəyyən mənada bizi əhatə edən dünyaya və bizim özümüzə baxış sistemidir.  O cümlədən, bu, ictimai inkişafın ən mühüm tərkib hissəsi kimi cəmiyyətə və onun iqtisadi həyatına “baxış” deməkdir.

İqtisadi fikrin bütün tarixi-iqtisadiyyatın necə “işlədiyini”, iqtisadi münasibətlərin hansı qanunlarla formalaşdığını və inkişaf etdiyini, hadisələrin inkişafının bu və ya digər ssenarisinin necə proqnozlaşdırıldığını və iqtisadi həyat mexanizmlərini başa düşərək bu dünyanın yaxşılığa doğru necə dəyişəcəyini anlamaq cəhdidir.

İqtisadi baxışların inkişafının təməli kimi həmişə fəlsəfi düşüncə xidmət etmişdir. Çünki, iqtisadiyyat bütövlükdə cəmiyyətin həyatının bir hissəsidir. Bu isə, öz növbəsində, bizi əhatə edən, bizim özümüzün də bir hissəsi olduğumuz gerçəklik elementi kimi mövcuddur. İqtisadi baxışlar həmişə dünyaya ümumi baxışlarımızın və burada öz yerimizin elementidir.

Belə ki, iqtisadi nemətlər anlayışı yaxşılıqlar haqqında ümumi təsəvvürün elementidir, auditorun etik kodeksi etika haqqında ümumi təsəvvürlərə əsaslanır, “iqtisadi insan” isə iqtisadi qərarlar qəbul edən və hərəkətləri həyata keçirən, müəyyən iqtisadi nəticələri olan bir insandır. Bu, öz psixologiyası, sosiumu kontekstində fəaliyyət göstərən, öz fiziki imkanları olan, bu imkanları təkmilləşdirmək istəyən, həzzə can atan, əzablardan və s. qurtulmaq istəyən bir insandır.

Qeyd etmək vacibdir ki, texnoloji tərəqqinin iqtisadi nəticələri də texnologiyaların inkişafı sayəsində bütövlükdə cəmiyyətlə baş verənlərin bir hissəsidir. Burada bir sıra nümunələri misal çəkməyi uzun müddət davam etdirmək də olardı.

Fikir toplusu bir baxış sistemi kimi

İqtisadiyyat, cəmiyyətimizin necə yaşadığını və inkişaf etdiyini anlaya bildiyimiz (və ya anlamaq istədiyimiz) şeylər, sosial biliklərin bir hissəsidir. İstənilən sosial elmin ideyaları, məhz, baş verən proseslərə baxış sistemi, onlar haqqında fikir toplusudur. Bu fikirlər cəmiyyətin inkişafı zamanı, yəni, onun həyatında hakim olan dinlərdə dəyişiklik, siyasi sistemlər, hüquqi normalar, texnoloji tərəqqi, insan davranışının etikası haqqında fikirlər və s., dəyişir.

Bu mülahizələr heç vaxt düzgün və ya səhv olmur. Yalnız müəyyən bir tarixi dövrdə cəmiyyətdə hökm sürən inanc sistemini əks etdirir. Onları “düzgündür” və ya “düzgün deyil”  meyarları üzrə qiymətləndirmək olmaz. Ən azından ona görə ki, onlar özləri cəmiyyətin inkişafına müəyyən dərəcədə təsir edirlər və onda əks olunurlar.

Təsəvvür edin ki, biz sizinlə hansısa asteroidin hərəkətini müşahidə edirik. Bizdə mövcud olan astronomiya təsəvvürləri əsasında onun hansısa planetlə toqquşmasının perspektivləri barədə proqnozlar qururuq. Bu toqquşma ya baş verəcək, ya da baş verməyəcək. Bu fakt bizim irəli sürdüyümüz fikirlərdən heç də asılı olmayacaqdır. Beləliklə, zaman keçdikcə bu və ya digər fərziyyələrimizin nə qədər doğru və ya yanlış olduğunu mütləq qiymətləndirə bilərik.

İqtisadiyyatla isə heç də belə olmur. Təsəvvür edin ki, sabah xəbərlərdə bir sıra aparıcı iqtisadçıların ilin sonuna qədər, məsələn, avronun məzənnəsi 150 rubla qədər artacağı ilə bağlı proqnozlarını verirlər. İqtisadi cəhətdən fəal vətəndaşların bir qismi bu proqnozu eşidərək mütləq fəaliyyətə başlayacaqdır. Məsələn, avronu almağa başlayacaqlar və onların bu hərəkəti mütləq mənada kursun qalxmasına gətirib çıxaracaq. 150 rubla kimi olmasa da, hər halda kurs yüksələcək.


II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email