641 saylı “Fövqəladə gəlirlər” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Cəmil Əsədov, accounting.az saytının redaktoru

“Gəlir” anlayışı, adətən, müəssisələrin əsas fəaliyyət və digər təsərrüfat əməliyyatlarından əldə edilən nəticələrlə əlaqələndirilir. Lakin təsərrüfat həyatında bəzən gözlənilməz, təkrarlanmayan və qeyri-adi hadisələr də baş verir ki, onların nəticəsində müəssisənin əlavə iqtisadi faydalar əldə etməsi mümkündür. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu qanunvericiliyinə görə, bu tip hallar mühasibat uçotunda fövqəladə gəlirlər kimi tanınır və onların uçotu  641 saylı “Fövqəladə gəlirlər” hesabında aparılır.

Normativ-hüquqi baza

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) respublikada ərazisində fəaliyyət göstərən kommersiya müssiələrində mühasibat uçotunun beynəlxalq standartlarla uyğun şəkildə aparılmasını tənzimləyir. Bu qaydalar müəssisələrin gəlirlərini müxtəlif kateqoriyalara ayrır və fövqəladə gəlirlər ayrıca uçot obyektinə çevrilir.

Fövqəladə gəlirlər dedikdə müəssisənin gündəlik fəaliyyətindən kənarda baş verən, təsadüfi xarakter daşıyan, adətən təkrarlanmayan hadisələrdən yaranan iqtisadi faydaların artımı başa düşülür. Belə gəlirlər müəssisənin gəlirlilik göstəricilərini şişirtməmək və fəaliyyət nəticələrini real göstərmək üçün ayrıca uçota alınır.

Mühasibat xidmətləri

Beynəlxalq uçot standartlarında (IFRS/IAS) fövqəladə gəlirlərin ayrıca kateqoriya kimi tanınması haqqında xüsusi tələb yoxdur. MHBS, xüsusilə də IAS1 (“Maliyyə hesabatlarının təqdimatı” standartı) gəlir və xərclərin “maliyyə nəticələri” hesabatında normal əməliyyat nəticələrinin komponentləri kimi nəzərə alınmasını tələb edir, eyni zamanda fövqəladə hallar üzrə məbləğlər haqqında açıqlamalarda xüsusi qeyd edilməsini istisna etmir.

641 saylı “Fövqəladə gəlirlər” hesabı

Yuxarıda qeyd edilən Qaydalara görə müəssisənin gəlirləri xarakterindən, alınma şərtlərindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünür:

  • əsas əməliyyat gəlirləri;
  • sair əməliyyat gəlirləri;
  • fəaliyyətin dayandırılmasından yaranan gəlirlər;
  • maliyyə gəlirləri;
  • fövqəladə gəlirlər.

Qeyd edilən kateqoriyalara aid olan gəlirlər üzrə ümumiləşdirilmiş məlumatlar Qaydalarla müəyyən edilmiş hesablar planının 6-cı “Gəlirlər” bölməsi üzrə əks etdirilir. 641 saylı “Fövqəladə gəlirlər” hesabı bu bölmənin 64-cü maddəsinə aid olan yeganə hesabdır. Bu hesabda fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən əldə edilmiş fövqəladə gəlirlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.

641 saylı hesabın mahiyyəti

641 saylı “Fövqəladə gəlirlər” hesabı, müəssisənin fövqəladə hallar nəticəsində əldə etdiyi bütün gəlirlərin uçotu üçün nəzərdə tutulmuş mühasibat hesabıdır.

Fövqəladə hal dedikdə ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisələr başa düşülür. Belə hadisələr mənşəyinə görə iki qrupa bölünür.

  • təbii mənşəli, fəlakətli təbiət hadisələri nəticəsində yaranan fövqəladə hallar (zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. )
  • texnogen mənşəli, insan fəaliyyəti nəticəsində baş verən fövqəladə hallar (yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s.)

641 saylı hesab vasitəsi ilə belə hadisələr zamanı əldə eilən gəlirlər əks etidirlir. “Fövqəladə gəlirlər” hesabında əks etdirilən məbləğlərə nümunə kimi bunları qeyd edə bilərik:

  • sığorta təşkilatlarından alınan kompensasiyalar;
  • təbii fəlakət və ya yanğın nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi;
  • məhkəmə qərarları ilə müəssisə xeyrinə verilmiş kompensasiyalar;
  • digər qeyri-adi və təsadüfi gəlir mənbələri.

Belə gəlirlər əsas fəaliyyət gəlirlərindən (60 saylı maddə) və digər adi əməliyyat gəlirlərindən prinsipial surətdə fərqləndirilir.

Fövqəladə gəlirlərin uçotu

Fövqəladə gəlirlərin uçotu zamanı mühasib hadisənin iqtisadi məzmununu düzgün qiymətləndirməli və müvafiq mühasibat yazılışlarını aparmalıdır. Bu zaman Qaydaların 50.2 və 50.3 bəndlərinin tələbləri nəzərə alınır.

  • Qaydaların 50.2-ci bəndinə görə əldə edilmiş fövqəladə gəlirlər tanınma meyarlarına uyğun olaraq 177, 217 saylı hesabların debeti və 641 saylı hesabın kreditində əks etdirilir, məsələn:
    1. müəssisədə baş vermiş yanğın nəticəsində dəymiş zərər sığorta şirkəti tərəfindən tam əvəzləndikdə, alınan vəsait 641saylı “Fövqəladə gəlirlər” hesaba daxil edilir.
    2. məhkəmə qərarı ilə müəssisə qarşı tərəfdən kompensasiya aldıqda, həmin məbləğ 641 saylı “Fövqəladə gəlirlər” hesabında əks olunur.
  • Qaydaların 50.3-ci bəndinə əsasən fövqəladə gəlirlər üzrə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi Db641/Kr801 kimi mühasibat yazılışı verilir.

Beləliklə, müəssisə öz əsas fəaliyyətindən gəlir əldə etməsə də, fövqəladə hadisə nəticəsində aldığı kompensasiya fövqəladə gəlir kimi uçota alınır.

641 saylı “Fövqəladə gəlirlər” hesabı üzrə müxabirləşmə nümunəsi

Tutaq ki, müəssisənin anbarında baş verən yanğın nəticəsində 50 000 manatlıq məhsul zərər görmüşdür. Müəssisənin sığorta şirkəti ilə bağladığı müqaviləyə əsasən dəymiş ziyanın 40 000 manatı ödənilmişdir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Yanğın zamanı yararsız hala düşmüş anabarın sökülməsindən istifadəyə yararlı materiallar bazar qiymətləri ilə uçota alınır 201: “Xammal və materiallar” 641 saylı “Fövqəladə gəlirlər” 5 000
Fövqalədə hadisə ilə bağlı alınmış sığorta ödənişi gəlir kimi uçota alınır 223: “Bank hesablaşma hesabı” 641 saylı “Fövqəladə gəlirlər” 40 000
Yığılmış fövqəladə gəlirlər hesabat dövrünün gəlirlərinə aid edilir 641 saylı “Fövqəladə gəlirlər” 801: “Ümumi mənfəət (zərər)” 45 000
Fövqəladə hadisə ilə bağlı xərclər ziyan kimi tanınır 801: “Ümumi mənfəət (zərər)” 761: “Fövqəladə xərclər” 50 000

Nəticə etibarilə, 641 saylı hesabın istifadəsi müəssisənin maliyyə nəticələrinin obyektiv təqdim olunmasını təmin edir, həmçinin investorlar, kreditorlar və digər maraqlı tərəflər üçün etibarlı informasiya mənbəyi yaradır.