Cəmil Əsədov, accounting.az saytının redaktoru
Müəssiəsələr təsərrüfat fəaliyyətndə bəzən gündəlik fəaliyyətindən kənarda baş verən, təsadüfi xarakter daşıyan, adətən təkrarlanmayan hadisələrlə rastlaşır, belə halların nəticəsi kimi əlavə iqtisadi faydalar əldə edir yaxud itki ilə üzləşirlər. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu qanunvericiliyinə görə, belə hallar mühasibat uçotunda fövqəladə gəlirlər yaxud fövqalədə xərclər kimi tanınır, onların uçotu isə üçün uyğun olaraq 641 saylı “Fövqəladə gəlirlər” və 761 saylı hesablarda aparılır.
Normativ-hüquqi baza
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) kommersiya müssiələrində tətbiq edilən Hesablar Planının tərkibini müəyyən edir və uçotun beynəlxalq standartlara uyğun aparılmasını tənzimləyir. Bu qaydalara uyğun olaraq müəssisələrin gəlir və xərcləri müxtəlif kateqoriyalara ayrılır və fövqəladə xərclər (habelə gəlirlər) ayrıca uçot obyektinə çevrilir. Belə uçot fövqəladə halların müəssisəninn fəaliyyətinin yekun maliyyə nəticələrinə təsir dərəcəsini müəyyən etmək üçün zəruridir.
Beynəlxalq uçot standartlarında (IFRS/IAS) fövqəladə gəlirlərin (fövqəladə xərclərin) ayrıca kateqoriya kimi tanınması haqqında xüsusi tələb yoxdur. MHBS, xüsusilə də IAS1 (“Maliyyə hesabatlarının təqdimatı” standartı) gəlir və xərclərin “Maliyyə nəticələri” hesabatında normal əməliyyat nəticələrinin elementləri kimi nəzərə alınmasını tələb edir, eyni zamanda fövqəladə hallar üzrə məbləğlər haqqında açıqlamalarda xüsusi qeyd edilməsini istisna etmir.
761 saylı “Fövqəladə xərclər” hesabı
Yuxarıda qeyd edilən Qaydalara görə müəssisənin xərcləri xarakterindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünür:
- satışın maya dəyəri üzrə xərclər;
- kommersiya xərcləri;
- inzibati xərclər;
- sair əməliyyat xərcləri
- fəaliyyətin dayandırılmasından yaranan xərclər
- maliyyə xərcləri;
- fövqəladə xərclər.
Bu kateqoriyalara aid olan xərclər üzrə ümumiləşdirilmiş məlumatlar Qaydalarla müəyyən edilmiş hesablar planının 7-cı “Xərclər” bölməsi üzrə əks etdirilir. 761 saylı “Fövqəladə xərclər” hesabı bu bölmənin 76-cı maddəsinə aid olan yeganə hesabdır. Hesabda fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən yaranmış fövqəladə xərclər barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.
761 saylı hesabın mahiyyəti
761 saylı “Fövqəladə xərclər” hesabı, müəssisənin fövqəladə hallar nəticəsində yaranan bütün itkilərinin uçotu üçün nəzərdə tutulmuş mühasibat hesabıdır. Fövqəladə xərclər müəyyən olunduqca faktiki məbləğlərdə mühasibat uçotunda tanınır.
Müəssisənin fövqəladə xərcləri mütləq sənədlə təsdiqlənməlidir. Belə sənədlərə aşağıdakıları aid etmək olar:
- müəssisənin direktoru və fövqəladə halların aradan qaldırılması üzrə mütəxəssisləri tərəfindən imzalanmış fövqəladə hadisənin baş verməsini təsdiq edən akt;
- baş vermiş hadisə (meteoroloji, seysmik, yanğın və s.) haqqında ixtisaslaşmış xidmətlərin arayışı;
- əmlakın istehlak xüsusiyyətlərinin bərpasının mümkünsüzlüyü barədə ekspert rəyi və s.
Fövqəladə xərclərin məbləği təbii fəlakət, yanğın və ya digər fövqəladə hallar zamanı əmlakın məcburi inventarlaşdırılmasının nəticələrinə əsasən müəyyən edilir.
Fövqəladə xərclərin uçotu
Fövqəladə xərclərin uçotu yuxarıda qeyd edilən Qaydaların 58.1 və 50.3 bəndlərinin tələblərinə uyğun aparılır. 58.1 bəndini hesabdan istifadə hallarını müəyyən edir. Digər bəndlər aşağıdakı kimi tətbiq olunur:
- Qaydaların 58.2-ci bəndinə görə “çəkilmiş fövqəladə xərclər tanınma meyarlarına uyğun olaraq 761 saylı hesabların debeti 435, 445, 538, 545 №li hesabların krediti üzrə əks etdirilir”;
- Qaydalrın 58.3-ci bəndinə əsasən fövqəladə xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi Db801/Kr761 kimi mühasibat yazılışı verilir.
761 saylı “Fövqəladə gəlirlər” hesabı üzrə müxabirləşmə nümunəsi
Nümunə: Müəssisədə yanğın baş verib – istehsal obyekti yanıb. Müəssisənin əmlakı sığortalanıb. İnventarizasiya əsasında aşağıdakı aktivlərin tələf olduğu müəyyən edilmişdir:
- hesablanmış amortizasiya məbləği 180 000 manat təşkil edən, ilkin dəyəri 500 000 manat olan əsas vəsaitlər;
- 100 000 manat dəyərində istehsala yönəldilmiş materiallar.
Ekspertin rəyinə görə, əsas vəsaitlərin bərpası mümkün deyil. Əmlakın sığorta müqaviləsinə uyğun olaraq, 250 000 manat məbləğində sığorta kompensasiyası ödənildi. Sonrakı istifadə üçün yararlı olan maddi sərvətlərin dəyəri 10 000 manat təşkil etdi. Nümunədə ƏDV nəzərə alınmayıb.
Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manat) |
Tələf olmuş əsas vəsaitlərin qalıq dəyəri müəyyən edilir | 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” | 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” | 180 000 |
Uyğun sənədlər tərtib edilənədək tələf olmuş əsas vəsaitlərin qalıq məbləği əks etdirilir | 545: “Digər qısamüddətli öhdəliklər” | 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” | 320 000 |
Uyğun sənədlər tərtib edilənədək tələf olmuş materiallar əks etdirilir | 545: “Digər qısamüddətli öhdəliklər” | 201: “Xammal və materiallar” | 100 000 |
Uyğun sənədlər tərtib edilənədək istifadəyə yaralı maddi sərvətlər əks etdirilir | 201: “Xammal və materiallar” | 217: “Digər qısamüddətli debitor borcları” | 10 000 |
Uyğun sənədlər əsasında yanğın zamanı tələf olmuş əsas vəsaitlərin qalığı fövqalədə xərc kimi uçota alınır | 761: “Fövqəladə xərclər”
|
545: “Digər qısamüddətli öhdəliklər” | 320 000 |
Uyğun sənədlər əsasında yanğın zamanı tələf olmuş materiallar fövqəladə xərc kimi uçota alınır | 761: “Fövqəladə xərclər”
|
545: “Digər qısamüddətli öhdəliklər” | 100 000 |
Uyğun sənədlər əsasında istifadəyə yararlı maddi sərvətlər uçota alınır | 217: “Digər qısamüddətli debitor borcları” | 641: “Fövqəladə gəlirlər” | 10 000 |
Fövqəladə hadisə bağlı alınmış sığorta ödənişi fövqəladə gəlir kimi tanınır | 223: “Bank hesablaşma hesabı” | 641: “Fövqəladə gəlirlər” | 250 000 |
Fövqəladə hadisə ilə bağlı xərclər ziyan kimi tanınır | 801: “Ümumi mənfəət (zərər)” | 761: “Fövqəladə xərclər” | 420 000
|
Fövqəladə hadisə ilə bağlı gəlirlər hesabat dövrünün gəlirlərinə aid edilir | 641: “Fövqəladə gəlirlər” | 801: “Ümumi mənfəət (zərər)” | 260 000
|