Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisindən azadolmaları

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinin 102.1.6 maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda 200 manat məbləğində hissəsi gəlir vergisindən azad edilib. 

Qanunvericiliyin bu tələbini “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə nümunələr əsasında şərh edir: 

Tutaq ki, şəxs dövlət neft-qaz sektorunda muzdla işləyir və aylıq 2.400 manat gəlir əldə edir. Bu halda həmin şəxsin aylıq gəlirindən 308 manat gəlir vergisi tutulacaq:

2.400 – 200 – 2.200 manat;

2.200 x 14% = 308 manat.

Həmçinin, Vergi Məcəlləsinin 102-ci maddəsinin müvafiq maddələrinə əsasən, fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirdən aşağıdakı güzəştlərdən istifadə etmək hüququ vardır:

– şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin aylıq gəliri 400 manat məbləğində azaldılır;

– orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır;

– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar, Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir) aylıq gəliri 100 manat məbləğində azaldılır;

– qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Lakin Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda (800 manat, 400 manat, 200 manat, 100 manat) bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni qeyd etdiyimiz güzəştlərdən aylıq gəliri 2.500 manatadək olan 200 manat azadolma və qohum dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər olan şəxslərə görə verilən 50 manat azadolma hər zaman çıxılacaq. Digər azadolma üzrə güzəştləri olduqda isə güzəştlərin məbləğcə ən böyük olanı nəzərə alınacaq.
Həmçinin, qeyd etmək lazımdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Misal

Məcburi köçkün olan şəxs dövlət neft-qaz sektorunda aylıq 1.600 manat muzdlu işdən gəlir əldə edir. Şəxsin atası 1-ci Qarabağ müharibəsində şəhid olub, özü isə 2-ci Qarabağ müharibəsində iştirak edib və himayəsində 3 nəfər vardır. Bu halda azadolmalar necə tətbiq ediləcək?

Misaldan da göründüyü kimi, bu şəxsin aylıq gəliri 2.500 manatı keçmədiyi üçün 200 manat, məcburi köçkün olduğu üçün 100 manat, şəhid ailəsi olduğu üçün 800 manat, veteran olduğu üçün 400 manat və himayəsində olan şəxslərə görə 50 manat güzəşt əldə etmək hüququ vardır. Bu halda, gəlir vergisinin hesablanması aşağıdakı qaydada aparılacaq:

(1.600 – 200 – 50 – 800) = 550 manat;

550 x 14% = 77 manat.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi tutulan fəaliyyət və əməliyyatlar: vergitutma obyekti

Print Friendly, PDF & Email