Gəlir vergisindən güzəşt hüququ əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?

posted in: Vergi, Xəbər | 0

güzəşt, gəlir vergisi. vəsait,Sual: Müharibə iştirakçılarının övladlarına verilən vergi güzəştləri ilə bağlı. Mövcud Vergi Məcəlləsinə müvafiq olaraq həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Hər yeni təqvim ilində bu kateoriyaya aid olan şəxslər iş yerlərinə vəfat etmiş döyüşçülərin vətənin azadlığı uğrunda döyüş əməliyyatlarında iştirakını təsdiqləyən arayış təqdim etməlidirlər?

Digər hansı sənədlər tələb edilir və onların notarius təsdiqi zəruridir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azadolma və vergi güzəştləri müəyyən edilmişdir. Qeyd olunan güzəştlərdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Buna əsasən güzəşt hüququ sənədlərin təqdim edildiyi tarixdən əvvəlki dövrə aid olan gəlirlərə münasibətdə şamil edilmir. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını müəyyən edən sənədlərin işçi tərəfindən hər təqvim ili üzrə işəgötürənə təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Bununla yanaşı işçi vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarından biri üzrə hüququndan istifadə etdikdə güzəşt hüququnu müəyyən edən sənədlər faktiki hallardan asılı olaraq işəgötürən tərəfindən yenidən tələb edilə bilər. Belə ki, nümunə kimi qeyd etmək olar ki, vergi qanunvericiliyinə əsasən vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır, bu şərtlə ki, bu şəxslərin arvadları (ərləri) onlar təkrar nikaha girmiş olmasınlar.

Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır və həmin şəxslər mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşdıqda güzəşt hüququ itirilir. Buna əsasən Vergi Məcəlləsinin 102-ci maddəsi üzrə güzəşt hüququnu müəyyən edən sənədlərin yenidən təqdim edilməsi zərurəti yarandıqda işəgötürən tərəfindən işin faktiki hallarından asılı olaraq həmin sənədlər tələb edilməklə güzəşt hüququnun mövcudluğu təsdiq oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az


Bax:



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *