Gəlirlər artır: Bəs vergi ödənişləri??

posted in: Vergi, Xəbər | 0
birbank biznes

gəlirlərTurizm sektorunun gəlirləri artır: bəs vergi və ödənişlər?

Azərbaycanda turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və müasir standartlara cavab verən infrastrukturun yaradılması üçün müxtəlif addımlar atılır. Biznes mühitinin sağlamlaşdırılması məqsədilə həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir. Bunun nəticəsidir ki, son illər turizm sektoruna yönəldilən investisiyalar artıq gəlir gətirməyə başlayıb. Turizmin inkişafı isə öz növbəsində kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət və digər xidmət sahələrinə də stimullaşdırıcı təsir göstərir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin birinci rübündə ölkə üzrə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub. Həmin vəsaitin 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi qida məhsullarının satışından, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Bu dövrdə mehmanxanalarda gecələyənlərin 439,8 min nəfəri xarici ölkə vətəndaşları olub (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artım), hər gecələmənin orta qiyməti isə 124,7 manat təşkil edib. Bütün bunlar da turizm sektorundan əldə edilən gəlirlərin çoxalmasını şərtləndirən əsas amillərdəndir.

Turizm sektorunun gəlirli biznes sahəsi kimi inkişafı turizm potensialı olan regionlar üzrə statistik rəqəmlərdə daha aydın görünür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda gecələmələrin ümumi sayı 586 min olub. Bunun 58 faizi Bakı, 9,7 faizi Qəbələ, 8,6 faizi Qusar, 4,8 faizi Naftalan, 3,8 faizi Naxçıvan Muxtar Respublikası, 3,7 faizi Quba, 1 faizi Gəncədəki otel və mehmanxanaların payına düşür. Lənkəran, Masallı, Tovuzda və Qazaxdakı mehmanxanalarda da gecələmələrin sayında artım olub.

Həmçinin bax: Gəlir vergisinin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

Yeri gəlmişkən, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən tutulan ödənişlərin toplanması yerli özünüidarə qurumlarının səlahiyyətindədir. Bu isə o deməkdir ki, turizm sektorunun inkişafı və bu sahədən əldə olunan gəlirlərin artması bələdiyyə büdcəsinə ödəmələrin çoxalmasında da özünü büruzə verməlidir. Çünki mövcud qanunvericiliyə görə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərindən toplanan ödənişlərdən bələdiyyə büdcəsinə də pay çatır. Ödənişin məbləği isə turizm xidmətlərindən istifadə edən hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamalıdır. Həmin vəsait mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən hesablanaraq bələdiyyələrin hesabına köçürülməlidir.

Bu ilin birinci rübündə mehmanxanalarda 586 min gecələmə olduğunu nəzərə alsaq, həmin xidmətlərdən bələdiyyə büdcəsinə 600 min manata qədər vəsait daxil olmalıdır. Amma bələdiyyələrin səlahiyyətində olan vergi və ödənişlərin toplanması mexanizmləri faktiki olaraq işləmədiyindən mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərindən toplanmalı olan vəsait yerli büdcəyə çatmır. Xaçmaz rayon Qaraçı kənd bələdiyyəsinin sədri Azər Abbasov deyir ki, son illər turizm sektorunda inkişaf meyilləri nəzərəçarpacaq dərəcədə olsa da mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri üzrə vergi yığımında ciddi irəliləyiş qeydə alınmayıb. Onun sözlərinə görə,  xüsusilə kənd rayonlarında fəaliyyət göstərən mehmanxana və turizm obyekləri qanunda nəzərdə tutulan vergi öhdəliklərinə düzgün əməl etmirlər. Buna görə də mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərindən bələdiyyə büdcəsində daxilolmalarda artım müşahidə olunmur: «Mövcud qanunvericiliyə əsasən, 4 mənbədən vergi yığımları bələdiyyələrin səlahiyyətinə verilib. Amma bu vergiləri yığmaq praktiki cəhətdən mümkün deyil. Çünki əksər turizm obyektləri göstərdikləri xidmətlərə dair hesabatları rəsmiləşdirmir və beləliklə, vergi öhdəliklərindən yayınırlar. Bələdiyyələr isə işlək mexanizmlər olmadığından öz səlahiyyətində olan vergi və ödənişləri toplamaq imkanından, demək olar ki,  məhrumdur».

Həmçinin bax: Əmək haqqı 2500 manatdan çox olduqda, güzəşt hüququna əsasən gəlir vergisi necə hesablanır?

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu problemin köklü həlli üçün dövlət turizm sektoru üçün daha ciddi stimullaşdırıcı addımlar atmalıdır. Onun sözlərinə görə, turizm sektoruna diferensial və azalan ƏDV tətbiq edilməli, sadələşdirilmiş verginin dövriyyəsi isə artırılmalıdır. Turizm sektoru prioritet sahələrdən hesab olunduğu üçün davamlı və təsirli dövlət dəstəyinə ehtiyac var.

Xatırladaq ki, Vergilər Nazirliyi qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır. Məqsəd bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir standartlara cavab verən infrastrukturun yaradılmasını stimullaşdırmaqdır. Vergi inzibatçılığı və qanunvericilik sahəsində nəzərdə tutulan islahatların turizmin inkişafı üçün də faydalı olacağı gözlənilir.

Həmçinin bax: Azərbaycanda əhalinin gəlirləri 9% artıb

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email