Mühasibat uçotunun hesablar planı ilə iş qaydaları, onun tətbiqi haqqında qısa icmal Zərdab Peşə Liseyinin müəllimi, Accounting.Az saytının redaktoru Cəmil Əsədov tərəfindən hazırlanıb.
Mühasibat uçotunun hesablar planı
Mühasibat hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslərin maliyyə əməliyyatları üzrə məlumatları sistematik şəkildə toplayır və ümumiləşdirir. Mühasibat uçotu subyektlərində qanunla müəyyən olunan uçot qaydaları və standartlarına uyğun mühasibat uçotunun aparılması məcburidir.
Pul vəsaitlərinin və digər təsərrüfat əməliyyatlarının istənilən hərəkətini nizamlı və operativ əks etdirən düzgün mühasibatlığın qurulması üçün mühasiblərə köməkçi vasitə lazımdır. Hesablar planı belə bir vasitədir. Ondan istifadə etməklə pulla ifadə olunan istənilən əməliyyatın qeydiyyatını aparmaq olur, habelə real vaxt rejimində maliyyə-təsərrüfat fəaliyyətinin (aktivlər, öhdəliklər və digər əməliyyatlar) faktlarını qeyd etmək və ümumiləşdirmək mümkündür. O özündə sintetik hesabların və subhesabların adlarını və nömrələrini əks etdirir.
Sənəd Maliyyə Nazirliyinin əmri ilə təsdiq edilir. Müəssisələr subhesabların siyahısına yenisini əlavə edə və lazımsızları silə bilər.
Hesablar planı ilə rahat işləmək üçün o, adətən cədvəl formasında hazırlanır.
Hesablar planının tətbiq sahələri
Mühasibat uçotunun hesablar planı hüquqi formasından və fəaliyyət növündən asılı olmayaraq bütün müəssisələr tərəfindən istifadə olunur. Mühasibat uçotu hesablarının müxabirləşmə sxemi aşağıdakı sahələr üçün lazımdır.
Maliyyə uçotu. Hesablar planı müəssisənin bütün maliyyə əməliyyatlarını – pul vəsaitlərinin hərəkəti, öhdəliklər, aktivlər, xərclər, gəlirlər və s. əks etdirmək üçün tələb olunur;
İdarəetmə uçotu. Hesablar planı şirkətin fəaliyyətinə uyğun olaraq xərcləri və gəlirləri müxtəlif maddələrə bölür. Bu imkan verir ki, menecerlər:
- təsərrüfat fəaliyyətini düzgün təhlil etsin;
- resurslardan istifadənin səmərəliliyinə nail olsun;
- idarəetmədə səriştəli qərarlar qəbul etsinlər.
Vergi uçotu. Hesablar planı, şərhi ilə birgə Dövlət Vergi Xidməti üçün hesabatların hazırlanması, vergi məbləğlərinin hesablanması üçün mənbədir. Onun köməyi ilə AR Vergi Məcəlləsinə uyğun vergitutuma bazası formalaşdırılır.
Hesabatlıq. Mühasibat uçotunun hesablar planı balans hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat və s. bu kimi hesabatlar da daxil olmaqla maliyyə hesabatlarının yaradılması üçün əsasdır.
Audit. Audit yoxlaması zamanı müxabirləşmələrin hesablar planına uyğun aparılması tələb olunur. Onun vasitəsi ilə auditorlar müəssisənin maliyyə fəaliyyətini, hesabatları təhlil edir, uçotda olan səhvləri müəyyən edir.
Planlaşdırma, təhlil. Biznes planların, proqnozların, müəssisə büdcələrinin hazırlanması zamanı mühasibat uçotu hesablarında ümumiləşdirilmiş məlumatlar əsas maliyyə göstəricilərinin təhlilinə, tendensiyaları aşkarlamağa , strateji hədəfləri müəyyən etməyə kömək edir.
Mühasibat uçotunun hesablar planı müəssisələrin uçot, hesabatlılıq, maliyyə vəziyyətinin analizi ilə bağlı bütün sahələrdə tətbiq edilir.
Hesablar planından istifadəyə nümunələr
Qeyd etdiyimiz kimi, bütün hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotu aparmalıdır. Uçot ikili yazılış metodu vasitəsi ilə hesablar planının hesablarında aparılır.
Ümumi hesablar planından müəssisələr iqtisadi fəaliyyəti üzrə faktlarını əks etdirəcək hesabları və subhesabları seçir. Ehtiyac duyularsa, əlavə subhesablar açmaq olar. Subhesablardan bəziləri hesablar planında verilib.
Məsələn, 111 saylı “Torpaq, tikili və avadanlıqların dəyəri” hesabı üzrə hesablar planında 5 subhesab verilib:
- 111-1/Torpağın dəyəri;
- 111-2/Tikililərin dəyəri;
- 111-3/Maşın və avadanlıqların dəyəri;
- 111-4/Nəqliyyat vasitələrinin dəyəri;
- 111-5/Digər torpaq, tikili və avadanlıqların dəyəri.
Şirkət hesablar və subhesablar haqqında qərar qəbul etdikdən sonra işçi hesablar planını tərtib edir. Bu, təşkilatın uçot siyasətində müəyyən edilir.
Ayrı-ayrı hesablar üzrə müxabirləşmələri bir məqalədə vermək mümkün deyil. Ümumiyyətlə, mühasibat yazılışlarının verilməsi üçün təlimat mövcuddur. Burada müxtəlif təsərrüfat əməliyyatlarına nümunələrlə tanış olmaq olar.
Hesablar planı ilə necə işləməli?
Mühasibat uçotu subyektlərində maliyyə əməliyyatlarının düzgün qeydiyyatını, habelə təsnifatını təmin etmək məqsədi ilə hesablar planı ilə işləmək maksimum diqqətlilik və dəqiqlik tələb edir. Bu işdə yeni başlayan mühasiblərə aşağıdakı alqoritm kömək edə bilər.
İlk öncə bu sənədi diqqətlə öyrənmək lazımdır. Sənədin mahiyyətini, strukturunu, onu təşkil edən hesabların məqsədini başa düşmək onunla tanış olmaq lazımdır. Sənəd müəssisənin bütün maliyyə əməliyyatlarının qeydi üçün lazım olan hesabları birləşdirir.
Hesabların yaradılması. Mühasib hər bir hesab üçün mühasibatlıqda istifadə edilən proqram təminatında, uçot əl ilə aparıldıqda isə uyğun jurnallarda hesablar yaradır. Hər bir hesabda onun nömrəsi, məqsədi və növü haqqında məlumatı özündə ehtiva edir.
Əməliyyatların təsnifatı. Mühasib hər bir maliyyə əməliyyatının növünü dəqiq təyin etməlidir ki, onu hesablar planının uyğun hesabında düzgün qeyd etsin. Məsələn, əgər gəlir əsas fəaliyyətdən əldə edibsə, əməliyyatları müvafiq gəlir hesabına aid etmək lazımdır.
Əməliyyatların qeydiyyatı. Mühasib maliyyə əməliyyatlarını izləmək, təhlil etmək və hesabatlar hazırlamaq məqsədi ilə hər bir əməliyyatı uyğun hesab üzrə qeyd etməlidir.
Balanslaşdırma. Mühasib hər bir hesab üzrə debet və kredit məbləğlərin uyğunluğuna nəzarət etməlidir. Əgər hesabların saldosu uyğun gəlmirsə səhvi tapıb düzəliş etmək lazımdır. Saldo- ayın yaxud digər dövrün sonuna hesab qalığıdır.
Təhlil, hesabat. Hesablar planı iqtisadi məlumatların təhlilini aparmağa, hesabatları hazırlamağa kömək edir. Bu, idarəetmə qərarlarının qəbulu üçün mühüm şərtdir.
Qanunvericilik bazası
Mühasibat uçotu subyektlərində beynəlxalq standartlara uğun uçotunun aparılması AR Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. Kommersiya təşkilatları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (kredit təşkilatları istisnadır) hesablar planından istifadə edərkən bu sənədin müddəalarına əsaslanırlar.
Kredit təşkilatları Mərkəzi Bankın “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər” adlı normativ hüquqi altdan istifadə edir.
Maliyyə Nazirliyinin Kollegiyasının digər qərarı kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotu ilə bağlı tövsiyələri şərh edir.
Büdcə qurumları, bələdiyyələr, müəyyən kateqoriya qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər qeyri-kommersiya fəaliyyətləri üçün uyğunlaşdırılmış “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”-ndan istifadə edir.
Respublikamızın ərazisində hesablar planından istifadə zamanı bir-neçə qanunvericilik aktından istifadə edilsə də onların mahiyyəti, strukturu eynidir, istifadə qaydası analojidir.

