Hüquqi şəxs öz adına kredit götürüb təsisçinin borcunu qaytara bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hüquqi şəxs

Sual: Hüquqi şəxs öz təsərrüfat fəaliyyətini həyata keçirmək üçün təsisçisi olan fiziki şəxsdən borc almışdır. Aralarında faizsiz borc müqaviləsi rəsmiləşdirilmişdir. Müəyyən müddət sonra müəssisə bank krediti götürüb təsisçinin bank hesabına nağdsız qaydada köçürməklə borcunu qaytarır.

1. Təsisçinin həmin vəsaiti bankdan nağd qaydada çıxarması nağdsız hesablaşmalar haqqında qanuna zidd deyil ki?

2. Müəssisənin bank kreditinə görə ödədiyi faiz xərcə salına bilərmi? (təsisçidən götürülmüş borcu müəssisə dövriyyə vəsaiti kimi istifadə etmişdir)

3. Bu əməliyyatdan müəssisə və təsisçi üçün hansı vergi öhdəliyi yaranır?

Cavab: Bildiririk ki, vergi ödəyicisi olmayan təsisçi fiziki şəxs tərəfindən onun bank hesabına qaytarılan məbləğin nağd qaydada hesabdan çıxarılmasını mövcud qanunvericilik məhdudlaşdırmır.

Həmçinin bax: Hüquqi şəxsin hansı sənədlərinin sürətini Vergi orqanlarından almaq olar?

Fiziki şəxs sahibkar olduğu halda onun tərəfindən sahibkarlıq məqsədləri üçün nağd qaydada vəsatin bank hesabından çıxarılması “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü maddəsində qeyd olunan həddlər daxilində həyata keçirilə bilər.

Fərdi sahibkar vəsaiti bank hesabından çıxararkən bank çıxarılan məbləğin 1 faizi məbləğində sadələşdirilmiş vergi hesablamalı və tutumalıdır.

Hüquqi şəxs tərəfindən götürülən kredit qeyri-sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmadıqda ödənilən faiz krediti gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

Onu da nəzərinizə çatdırırıq ki, hüquqi şəxslə fiziki şəxs mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən qarşılıqlı surətdə asılı olan fiziki şəxs tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Vergitutma ilə bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

Bax: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
Mənbə: taxes.gov.az
Print Friendly, PDF & Email