Hüquqi şəxslər

posted in: Xəbər | 0

Tarixə qısa baxış

Təsərrüfat əməliyyatları tarixən fiziki şəxslərin fərdi sahibkarlıq fəaliyyəti nəticəsində meydana çıxsa da, bəşər övladı tarixin inkişaf mərhələlərində onu daha da səmərəli edəcək iqtisadi qaydalar və münasibətlər toplusuna ehtiyac duymuşdur. Nəticədə yeni qurumlar, o cümlədən hüquqi şəxslər ortaya çıxmışdır. Təbii ki, belə bir sual meydana çıxır: “Hüquqi şəxs kimdir?”

Öz tarixi boyu belə qurumlara, onların mülki hüquq qabiliyyətlərinə, eləcə də bütövlükdə hüquqi vəziyyətlərinə müxtəlif, o cümlədən tənqidi yanaşmalar ortaya qoyulub.

Məsələn, ən qədim hüquq sistemi olan Roman-German hüquq sisteminin üstün olduğu cəmiyyətlərdə belə təsisatlara ehtiyac duyulmağa başlayanda, fiziki şəxslərin sahibkarlıq fəaliyyətini asanlıqla şərh edən bu hüquq sisteminin nümayəndələri hüquqi şəxslərə rəy verməkdə çətinlik çəkirdirlər. Buna səbəb kilsə hakimiyyəti , Roma Papalarının təsir imkanları idi. Kilsə ruh və onunla əlaqədar şeylərə dəyər verib, ruhu olmayan şeyləri hüquqi cəhətdən qəbul etmirdi. Bunu biz, xristian kilsəsinin qadınların ruha sahib olub-olmamaları, habelə onların statusu haqqında qaldırdıqları məsələlərdə də görə bilərik. Onlara ruha sahib olan fiziki şəxslərin hüquqi qabiliyyəti aydın idi, hansısa təsisata hüquqla status vermək isə onların ağıllarına sığmırdı.

Hər halda, bu məsələyə nə qədər tənqidi yanaşmalar ortaya atılsa da, müxtəlif nəzəriyyələr vasitəsi ilə hüquqi şəxslərin statusuna müəyyən aydınlıq gətirməyə cəhdlər edilirdi. Görünən odur ki, tarixin inkişaf mərhələlərində müxtəlif yanaşma ortaya qoyan dövlətlər (eləcə də onların varisləri), hazırda bu mövzuda, demək olar ki, vahid fikirdədirlər. Hazırda əsas müzakirələr hüquqi şəxsin hüquqda statusu üzərində deyil, onun bəzi formalarının (məsələn, publik hüquqi şəxslərin) hüquqi vəziyyəti barədə gedir.

Mühasibat xidmətləri

“Hüquqi vahid” anlayışı haqqında

“Hüquqi şəxs kimdir?” sualına cavab vermək üçün öncə biz “hüquqi vahid” anlayışına nəzər salmalı, onu başa düşməyə çalışmalıyıq.

Hüquqi vahid fiziki və hüquqi şəxslərə, habelə qanunla müəyyən edilmiş qaydada hüquqlar, vəzifələr daşıyan vahidlərə verilmiş ümumiləşdirilmiş addır. Hüquqi vahidləri iki qrupa ayırmaq olar:

Digər dedikdə:

  • filiallar;
  • bölmələr;
  • idarələr;
  • nümayəndəliklər və s. bu kimi qurumlar başa düşülür.

Şəxslərə isə hüquqi və fiziki şəxslər aid edilir. Onlar da öz növbəsində bir neçə qrupa bölünür. Hüquqi vahidin təsnifatı haqqında daha ətraflı məlumatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Təşkilatı-hüquqi formaların statistik təsnifatı”  adlı rəsmi nəşrindən almaq olar.

Hüquqi şəxs kimdir?

Hüquqi şəxs anlayışı AR Mülki Məcəllənin  43.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərə cavab verən xüsusi yaradılan qurumdur:

  • qanuna uyğun olaraq dövlət qeydiyyatına alınıb;
  • mülkiyyətində əmlakı var;
  • müstəqil balansa malikdir;
  • şəxsi öhdəliklərinə öz əmlakı ilə cavabdehdir;
  • öz adından əmlak, şəxsi qeyri-əmlak hüquqları əldə etmək, həyata keçirmək hüququ var;
  • vəzifələr daşımaq hüququna malikdir;
  • məhkəmədə iddiaçı, cavabdeh olmaq hüququ var.

Amma, yuxarıda qeyd edilənlərin heç də hamısı mütləq şərtlər deyil. Mülki Məcəllə həmin maddə ilə bizdə sadəcə təsəvvür formalaşdırmağa çalışır. Buna dəlil olaraq deyə bilərik ki, qurumun bank hesabı, yaxud əmlakı olmaya da bilər. Lakin əmlakı olarsa, yalnız həmin əmlak həddində cavabdehdir, təsisçilərinin əmlakı buraya daxil deyil.

Hüquqi şəxslər:

  • fiziki şəxs;
  • hüquqi şəxs;
  • yaxud, hər ikisi tərəfindən yaradıla bilər.

Hüquqi şəxslərin bir neçə növü var. Onların müəyyən qismi sahibkarlıq fəaliyyətiylə məşğul olur (kommersiya), bir qismi isə yox.

Hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra mülki hüquqlara sahib olub mülki vəzifələr daşıyırlar. Hər kateqoriya hüquqi şəxs üçün qeydiyyata alınma, qeydiyyatın ləğvi konkret səlahiyyətli qurumda həyata keçirilir.

Beləliklə, biz “Hüquqi şəxs kimdir?” sualına qısa da olmasa, cavab verməyə çalışdıq. Saytımızda onlar haqqında daha çox məlumatları buradan tapa bilərsiniz.

413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı üzrə uçot