“Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı
533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı işəgötürən tərəfindən işçiyə müəyyən iş vaxtı müddətində üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün əmək müqaviləsinə əsasən görülən işə görə ödənilən gündəlik yaxud aylıq məbləğlərin uçotu üçün nəzərdə tutulub. Qeyd edilən hesab Hesablar Planının 53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:
- 531-ci hesab “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
- 532-ci hesab “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”;
- 534-ci hesab “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
- 535-ci hesab “İcarə üzrə qısamüddətli kreditor borcları”;
- 535-1-ci subhesab “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”;
- 535-2-ci subhesab “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
- 536-cı hesab “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
- 537-ci hesab “Faizlər üzrə qısamüddətli kreditor borcları”;
- 538-ci hesab “Digər qısamüddətli kreditor borcları”
Əməkhaqqı ilə yanaşı işçiyə əlavələr, mükafatlar və digər ödənişlərin verilməsi mümkündür. Ödənişlər pul yaxud natura şəklində verilə bilər.
Hesab üzrə tənzimləmələr
533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə mühasibat yazılışları AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Tənzimləmə zamanı qaydaların 43.19-43.25 bəndləri tətbiq edilir.
İşçilərin mükafatlandırılması ilə bağlı münasibətlər aşağıdakı beynəlxalq mühasibat standartlarına əsasən aparılır:
- 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (İFRS 2) ;
- 19 №-li “İşçilərin mükafatlandırılması” MUBS (İAS 19) ;
- 24 №-li “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” MUBS (İAS 24) .
İstehsal fəaliyyəti ilə bağlı olan və istehsalla bağlı olmayan sahələrdə əməkhaqqı üzrə müxabirləşmə nümunələri ilə əvvəlki yazıların birində məlumat vermişik (bax: 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə uçot (1-ci hissə). Burada fərqli hallar üçün müxabirləşmə nümunələri ilə tanış olaq.
Müəssisə daxilində yaradılan qeyri-maddi aktivlər üzrə əməkhaqqının uçotu
“A” MMC öz daxilində istifadə etmək məqsədilə proqram təminatı yaratmaq qərarına gəlir. Proqram təminatı müəssisənin 3 işçisi tərəfindən hazırlanır. Onlara cəmi 6700 manat əməkhaqqı hesablanıb.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Əməkhaqqı proqram təminatının dəyərinə aid edildikdə (kapitallaşma) | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 6700.00 |
| 2 | İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 1047.00 |
| 3 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 33.50 |
| 4 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 134.00 |
| 5 | Proqram təminatı tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə | 101 – Qeyri-maddi aktivlərin dəyəri | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 7914.50 |
Müəssisə daxilində yaradıldıqda torpaq, tikili, avadanlıqlar üzrə əməkhaqqı
“A” MMC öz daxilində istifadə etmək məqsədilə əsas vəsait qurmaq qərarını almışdır. Bu əsas vəsaitin qurulmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 5 nəfərdir və cəmi 8700 manat əməkhaqqı hesablanmışdır. Əsas vəsait qurulan zaman 23000 manatlıq materialdan istifadə olunmuşdur.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Qurulma zamanı material istifadə edildikdə | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 201 – Material ehtiyatları | 23000.00 |
| 2 | Əməkhaqqı əsas vəsaitin dəyərinə aid edildikdə (kapitallaşma) | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 8700.00 |
| 3 | İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 1361.00 |
| 4 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (0.5%) | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 43.50 |
| 5 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (2%) | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 174.00 |
| 6 | Əsas vəsait tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 33278.50 |
Əməkhaqqı üçüncü şəxslər tərəfindən ödənildikdə mühasibat yazılışları
Müəssisə tərəfindən 10 nəfər işçinin əməkhaqqı xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxsə 4500 manatlıq pul verilmişdir. Ödənişlər edildikdən sonra təhtəlhesab şəxs tərəfindən avans hesabatı təqdim edilmişdir.
Deməli, avans hesabatına əsasən aşağıdakı əməliyyatlar uçota alınır:
Əməkhaqqı ödənildi – 4500 AZN
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Təhtəlhesab şəxsə ödəniş edildikdə | 244 – Təhtəlhesab məbləğlər | 221 – Kassa | 4500.00 |
| 2 | Təhtəlhesab şəxs tərəfindən əməkhaqqı ödənildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 244 – Təhtəlhesab məbləğlər | 4500.00 |
Dövlət və neft-qaz sektorunda əməkhaqqı üzrə müxabirləşmə
İşçi 2400 manat əməkhaqqı alır. Dövlət sektoruna aid olduğu üçün əməkhaqqı gəlir vergisinə cəlb edilib.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Əməkhaqqı hesablandıqda | 721 – İnzibati xərclər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 2400.00 |
| 2 | Gəlir vergisi hesablandıqda (14%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 521 – Vergi öhdəlikləri | 308.00 |
| 3 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 72.00 |
| 4 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 12.00 |
| 5 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 48.00 |
| 6 | İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) | 721 – İnzibati xərclər | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 528.00 |
| 7 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 721 – İnzibati xərclər | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 12.00 |
| 8 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 721 – İnzibati xərclər | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 48.00 |
İşçilərlə hesablaşmalar haqqında daha geniş məlumat almaq üçün buraya keçid ala bilərsiniz.
