Maliyyə hesabatları: kapitalda dəyişikliklər haqqında hesabat (Statement of changes in equity)

posted in: Xəbər | 0

Kapitalda dəyişikliklər haqqında hesabat mühasibat uçotunun əsas hesabat formasından biridir. Bu məqalə həmin hesabatın təyinatı, habelə maliyyə hesabatlarının tərkibi haqqındadır.

Maliyyə hesabatlarının məqsədi

Müəssisənin maliyyə vəziyyəti və fəaliyyətinin nəticələri strukturlaşdırılmış formada maliyyə hesabatları vasitəsi ilə təqdim edilir. Onların tərtib edilməsində məqsəd müəssisənin maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər haqqında informasiyanın mühasibat uçotu məlumatları istifadəçilərinə iqtisadi qərarlar qəbul edərkən təqdim edilməsidir. Maliyyə hesabatları, habelə müəssisənin sahibləri tərəfindən rəhbərliyə həvalə edilmiş resursların idarə edilməsi səviyyəsini də təsvir edir. Bütün bu məqsədlərə çatmaq üçün hesabatlarda müəssisənin:

  • aktivləri, öhdəlikləri, kapitalı;
  • mənfəət və zərərlər də daxil olmaqla, onun gəlir və xərcləri;
  • sahibkarlar tərəfindən yardım və sahibkarlar arasında bölüşdürmələri;
  • habelə, pul vəsaitlərinin hərəkəti haqqında məlumatlar əks olunur.

Bu məlumatlar, maliyyə hesabatlarına izahlı qeydlərdəki əlavə məlumatlarla birlikdə maliyyə hesabatlarının istifadəçilərinə müəssisənin gələcək pul vəsaitlərinin hərəkəti və xüsusilə onların baş vermə vaxtı və dəqiqliyi haqqında proqnozlar verməyə kömək edir.

Müəssisə tərəfindən hesabatların hazırlanması qaydaları “Maliyyə hesabatlarının təqdimatı” adlı 1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasında tənzimlənir.

Mühasibat xidmətləri

Maliyyə hesabatlarının tərkibi

Yuxarıda qeyd edilən Standart maliyyə hesabatlarının tərkibini aşağıdakı kimi müəyyən edir:

Maliyyə hesabatlarının tərkibinə, habelə Standartın 38 və 38A maddələrinə uyğun keçmiş hesabat dövrü üzrə müqayisəli məlumatlar və Standartın 10f bəndinə görə, “müəssisə uçot siyasətini əvvəlki kimi tətbiq etdiyi və ya öz maliyyə hesabatlarındakı maddələrə əvvəlkinə uyğun təkrar baxış tətbiq etdiyi və ya maliyyə hesabatlarındakı maddələri 40A-40D maddələrinə uyğun olaraq yenidən təsnifləşdirdiyi zaman müqayisəli dövrün əvvəlinə olan maliyyə vəziyyəti haqqında hesabat” da aid edilir.

Müəssisələr Standartda tətbiq olunan adlardan fərqli adlar da tətbiq edə bilər, məsələn, müəssisə “mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” adı əvəzinə “məcmu gəlir haqqında hesabat” adından da istifadə edə bilər.

Kapitalda dəyişikliklər haqqında hesabat

Bu hesabat mühasibat uçotu məlumatlarının istifadəçisinə müəssisənin fəaliyyətinin ən mühüm maliyyələşdirmə mənbəyinin – öz vəsaitinin strukturunu və dəyişmə səbəblərini açıqlayır.

Kapital müəssisənin sərvəti, sərmayəsidir, mahiyyət etibarılə payçılara, səhmdarlara olan öhdəliklərdir. Nizamnamə kapitalı bölüşdürülməmiş mənfəət kapitalın tərkib hissələrindədir. Əlavə olaraq onun daha 2 növünü qeyd edə bilərik:  ehtiyat kapital elavə kapital.

Ümumi şəkildə kapital aşağıdakı düsturla təsvir etmək olar:

Kapital = Nizamnamə k. + Bölüşdürülməmiş k. + Ehtiyat k. + Əlavə k.

Kapitalda dəyişikliklər haqqında hesabatdan əsasən rəhbər şəxslər təsisçilərə kapital xarakterli borclar barədə məlumatlar alır. Həmçinin payçılar və səhmdarlar özləri üçün yatırdıqları, sahib olduqları kapitallar, kapital kimi çıxartdığı məbləğlər və digər məlumatları hesabatdan əldə edə bilər.

Kapitalda dəyişiklik hesabatı yalnız dəyişiklik olanda tərtib edilmir, payçılar dəyişiklik olmasa belə bu hesabatı tələb edə bilər.

Adından göründüyü kimi, ehtiyat kapitalı mövcud kapitalın müəyyən ehtiyat xarakterli saxlanması və ayrıca hesabda uçota alınmasını xarakterizə edir. Mühasibatlıqda kapital ehtiyatının ayrıca uçotu:

  • ya qanunvericiliyin tələbi olaraq;
  • ya da konkret məqsədlərə çatmaq üçün edilir.

Məqsədlərə çatdıqdan yaxud strategiya dəyişdikdən sonra ehtiyat kapital bölüşdürülməmiş kapitala əlavə edilir.

Əlavə kapital yenidən qiymətləndirilmə yaxud səhmin, payın, öz nominal dəyərindən yüksək satılması nəticəsində yaranmış artımdır. Bu kapital:

  • nizamnamə kapitalımızla əlaqəli deyi;
  • bölüşdürülməmiş mənfəətə aidiyyəti yoxdur;
  • mənfəətdən ehtiyat kapital kimi ayrılamayıb.

Hesabatın hazırlanma qaydası

Hesabat üfüqi formada tərtib edilir, çünki yenidən qiymətləndirmə, uçot siyasətində dəyişikliklər, emissiya gəlirləri və s. kimi kapitala dəyişiklik yaradan hadisələri şaquli formada tam açıqlamaq nisbətən çətindir.

Kapitalda dəyişikliklər haqqında hesabat  cari və əvvəlki hesabat dövrü üçün doldurulur. Kapitalın azaldılması məbləğləri və digər mənfi məbləğlər mötərizədə göstərilir.

Hesabat şahmat vərəqi prinsipi əsasında qurulub. Sütunlarda balansın “Kapital və ehtiyatlar” bölməsindəki maddələr, sətirlərdə isə kapitalın dəyişməsinin səbəbləri göstərilir. Müəyyən bir kapital maddəsinin bu və ya digər səbəbdən dəyişmə məbləği müvafiq sətir və sütunun kəsişməsindədir.

Hesabatın forması “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na 3 nömrəli əlavədə verilib.

Məcmu gəlir haqqında hesabat (MGHH): mənfəət və zərərlərin maliyyə hesabatlarında təsviri