“KOB klaster şirkəti”nin meyarları təsdiq edildi!

posted in: Vergi, Xəbər | 0
birbank biznes

kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri KOB klaster şirkəti“KOB klaster şirkəti”nin meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. “KOB klaster şirkəti”nin meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri                                    Mikayıl Cabbarov

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının

8 may 2019-cu il tarixli 1917050000007900 nömrəli Qərarı

ilə təsdiq edilmişdir.

“KOB klaster şirkəti”nin meyarları
 
1. Ümumi müddəalar

 

Bu Meyarlar “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun kommersiya hüquqi şəxs kimi “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edir.

2. “KOB klaster şirkəti”nin meyarları

 

2.1. “KOB klaster şirkəti” kimi aşağıdakı vergi ödəyiciləri çıxış edir:

2.1.1. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan;

2.1.2. əhəmiyyətli qərarların Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə razılaşdırmaqla yerinə yetirməsi nizamnaməsində əks edilən;

2.1.3. həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi;

2.1.4. fəaliyyət sahəsinin aşağıdakı 3 istiqamətdən birinə uyğun olması:

2.1.4.1. Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;

2.1.4.2. istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;

2.1.4.3. qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.

2.2. “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi aşağıdakı miqdarda müəyyən edilir:

2.2.1. Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)          – 5 milyon manat;

2.2.2. Bakı ətrafı qəsəbələr və Abşeron rayonu                         – 3 milyon manat;

2.2.3. Sumqayıt və Gəncə şəhəri                                               – 2,5 milyon manat;

2.2.4. 2.2.1-2.2.3-cü və 2.2.5-ci yarımbəndlərdə göstərilməyən şəhər və rayonlar üzrə – 1,5 milyon manat;

2.2.5. Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə – 0,5 milyon manat.

2.3. 2.2.5-ci yarımbənd üzrə nəzərdə tutulan investisiyaların həyata keçirilməsi məqsədilə vergi ödəyicilərinin “KOB klaster şirkəti” statusunun alması üçün bu Meyarların 2.1.2-ci və 2.1.4-cü bəndləri üzrə nəzərdə tutulan meyarlara cavab verməsi tələb olunmur.

2.4. “KOB klaster şirkəti”nə dair tələblər aşağıdakılardır:

2.4.1. “KOB klaster şirkəti”nin layihə çərçivəsində illik dövriyyəsinin Agentlik tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma sənədində nəzərdə tutulan (bu Meyarların 2.2-ci bəndində müəyyən edilən minimumdan az olmayaraq) investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən edilməsi;

2.4.2. əməliyyatların tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməsi (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları);

2.4.3. əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verilməsi;

2.4.4. bu Meyarların 2.1.3-cü yarımbəndi nəzərə alınmaqla son məhsulun (xidmətin) “KOB klaster şirkəti”nin iştirakçısı tərəfindən istehsal olunan hissələrdən komplektləşdirilməsi və bu zaman iştirakçıdan əldə edilmiş malların emal prosesinə məruz qalmaqla (əlavə dəyər yaratmaqla) təqdim edilməsi;

2.4.5. “KOB klaster şirkəti”nin rəhbərinin və ya hər hansı təsisçisinin vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş olması.

2.5. “KOB klaster şirkəti” maliyyə-iqtisadi əsaslandırma üzrə fəaliyyətə başlaması barədə Agentliyə və Vergilər Nazirliyinə 3 gün müddətində məlumat verir. “KOB klaster şirkəti” tərəfindən bu Meyarların 2.4.1-ci yarımbəndi üzrənəzərdə tutulan tələblərin tam həcmdə yerinə yetirilməsi vəziyyəti barədə arayış fəaliyyətə başladıqdan sonra hər təqvim ili başa çatdıqdan sonra 3 ay müddətində Agentliyə və vergi orqanına təqdim edilir.

2.6. Bu Meyarların 2.2-ci bəndi üzrə nəzərdə tutulan investisiyanın obyekti kimi əvvəllər sahibkarlıq fəaliyyətində istifadə edilmiş aktivlər, o cümlədən əsas vəsaitlər çıxış etmir və həmin aktivlərin dəyəri “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın həcminə daxil edilmir. “KOB klaster şirkəti”nin aktivi kimi yalnız “KOB klaster şirkəti”nin tərəfindən bu Meyarlarla müəyyən olunmuş investisiya qoyuluşu çərçivəsində gömrük qanunvericiliyinə uyğun olaraq idxal gömrük sənədləri əsasında əldə edilmiş aktivlər və ya Vergi Məcəlləsinə uyğun olaraq elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında əldə edilmiş aktivlər çıxış edə bilər.

2.7. “KOB klaster şirkəti”nin bu Meyarlara cavab verməsi Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim edilmiş şəhadətnamə ilə təsdiq edilir.

Mənbə: taxes.gov.az


Print Friendly, PDF & Email