Maliyyə hesabatı nədir?
Luka Paçoli haqqında yəqin eşitmişiniz. “O kimdir?” sualını verənlər cavabı buradan tapa bilər. Qısaca desək, o, mühasibat elminin atası sayılır. Düzdür, uçot haqqında ilk kitabın şərqdə yazıldığı da deyilir. Amma nə etmək olar, dünya Fransiskan rahibini mühasibat elminin banisi hesab edir. Bəs maliyyə hesabatları ilə bu rahib arasında hansı əlaqə vardır?
Paçoli uçot qeydlərinin aparılmasın sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmək istəyi ilə əlaqələndirirdi. Amma qeydlərin aparılması özlüyündə hələ müəssisənin maliyyə vəziyyəti və onun fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinə əsas vermir. Bunun üçün qeydləri təhlil edərək rahat anlaşılan şəkildə formalaşdırmaq – maliyyə -mühasibat hesabatları şəklinə salmaq lazımdır.
| Maliyyə -mühasibat hesabatları maliyyə məlumatlarıdır və müəssisənin maliyyə fəaliyyətinin nəticələri və onun maliyyə vəziyyətini qiymətləndirmək üçün müəssisə tərəfindən yerinə yetirilən əməliyyatlara verilən addır. |
Maliyyə hesabatları konsepsiyası
Hesabatı formaları və hesabat verən qurumlar maliyyə hesabatları üzrə konsepsiyasa sənədinin 3-cü bölməsində şərh edilir. Konsepsiyada hesabatlar 3 qrupa ayırır:
- Maliyyə vəziyyəti haqqında hesabat – MVHH (statement of financial position);
- Maliyyə nəticələri haqqında hesabat (statement of financial performance);
- Digər hesabatlar.
Digər hesabatlara aşağıdakılar aiddir:
- maliyyə hesabatında tanınan və tanınmayan aktivlər haqqında məlumatlar;
- pul vəsaitlərinin hərəkəti;
- kapitalda dəyişikliklər;
- izahlı qeydlər, hansısa fərziyyələr, təxminlər və sair.
“Konseptual Əsasların hazırlanmasının əsas məqsədi nədir?” sualının cavabı sadədir – şəffaflığa və cavabdehliyə təminat verilməsi.
Şəffaf hesabat mühasibat uçotu məlumatları istifadəçilərini müəssisınin cari durumu, qərar və fəaliyyəti barədə düzgün və anlaşıla bilən məlumatlarla təmin etməlidir.
Cavabdehlik hesabat hazırlayanın, onlara təhkim edilmiş resurslarin idarə idarəçiliyində, qərarların qəbulunda məsuliyyətini zəruri sayır.
Hesabatların hazırlanmasına məsul şəxslər
Direktorlar şurası maliyyə hesabatlarının tərtib edilməsinə birbaşa məsuliyyət daşıyır. Şura onları tam, vaxtında və dəqiq formada hazırlanmasına cavabdehdir, maliyyə nəticələrini düzgün və aydın şəkildə təqdim etməlidir.
Ümumiyyətlə, müəssisənin 5 fərqli hesabatları (4 əsas olmaqla) müəssisə barədə müxtəlif, lakin bir-birini tamamlayan məlumatlar verir. Bunlardan isə MVHH və MGHH hesabatları ən önəmlidirlər. (MGHH – məcmu gəlir haqqında hesabat (mənfəət-zərər hesabatı).
Maliyyə hesabatı səhvsiz tərtib edilməlidir, çünki “Mühasibat uçotu” haqqında Qanununa görə dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim olunması imkanı yoxdur (vergi hesabatları istisnadır).
Mühasibatlıqda cari dövr üçün əməliyyatlarının düzgün əks etdirilməməsi aşkarlandığı hallarda hesabat dövrünün sonunadək müvafiq uçot hesablarında əlavə yazılışlar verməklə düzəlişlər aparıla bilər.
Hesabat ili başa çatdıqdan sonra, əgər illik maliyyə hesabatı hələ təsdiq olunmayıbsa, dekabr ayının mühasibat müxabirləşmələrində uyğun qaydada düzəlişlər edilib, müvafiq qurumlara təqdim edilir.
Əgər cari ildə ötən ilin əməliyyatlarında baş verən səhvlər müəyyən edilərsə, hər hansı bir düzəlişin aparılmasına yol verilmir.
Beləliklə, yol verilən səhvlər bütün hallarda həmin dövrdə düzəldilməli, düzəlişləri əvvəlki tarixlə etmək olmaz.
Mühasibat uçotunda müstəqil aşkar edilmiş və düzəliş aparılmış səhvlərə görə baş mühasib cərimələnmir.
Maliyyə Vəziyyəti Haqqında Hesabat (Balance Sheet)
Maliyyə vəziyyəti haqqında hesabatı (MVHH) müəssisənin balans hesabatı da adlandırırlar. Çünki mühasibat uçotu hesablarımızın balanslaşmış vəziyyətini əks etdirir, müəssisənin aktiv, öhdəlik, kapital üzrə maliyyə vəziyyəti barədə dəqiq təsəvvür yaradır. Hesabat adətən 2 formada hazırlanır:
- aktivlər solda, öhdəlik və kapitallar sağda olmaqla iki sütunda (account format) əks etdirilərək;
- hər üçü – aktivlər, öhdəliklər və kapital bir sütunda (report format) yerləşdirilməklə.
MVHH – konkret tarixə hazırlanır, yəni hansısa intervalı əhatə etmir, müəssisənin konkret günə, ana yaxud dünənə və s. tarixə olan maliyyə vəziyyətini təsvir edir. Düzgün tərtib edilmiş maliyyə hesabatları müəssisənin inkişafı (yaxud gerilədiyi) barədə məlumatları əks etdirir.
Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda qeydiyyatı maliyyə bərabərliyinin tələblərini ödəyir, bu bərabərliyə tabe olur. Odur ki, MVHH –nin əsasını bu bərabərliyin təşkil etdiyini deyə bilərik.
MVHH müəssisənin effektiv fəaliyyəti və rəhbərliyinin peşəkarlığından xəbər verən hesabatdır. Müəssisənin yalnız gəlir gətirməsi hələ onun rəhbərliyinin effektiv çalışması anlamına gəlmir. Həmin gəlirlərin qazanılması üçün hansı aktivlərdən və necə istifadə edilmısi önəmlidir.
Hesabatın əsas elementləri
Maliyyə bərabərliyinə analoji olaraq maliyyə hesabatının 3 əsas elementi var – aktivlər, öhdəliklər, kapital.
Aktivlər dedikdə keçmiş hadisələrin nəticəsində hal-hazırda müəssisə tərəfindən nəzarət edilən və ona gələcəkdə iqtisadi səmərə gətirən resurslar başa düşülür. İqtisadi səmərənin gətirilməsi təkcə pul gətirilməsi anlamında başa düşülməməlidir. Əgər resurs gələcəkdəki pul sərfiyyatını azaldırsa, bu da iqtisadi səmərədir. Məsələn, hər dəfə fotosurət çıxarmaq üçün çox pul xərcləməmək üçün ofisinizə aldığınız surətçıxaran aparatı, hər dəfə taksi pulu verməmək üçün aldığınız nəqliyyat vasitəsi sizə iqtisadi səmərə gətirir.
Balansın forması
Beynəlxalq Standartlarda balans hesabatının tərkibinin düzülüşünə likvidlik baxımından yanaşma 2 cürdür :
- Aktiv və Öhdəliklər üzrə likvidliyi yüksək olandan az olana doğru düzülmə;
- Aktiv və Öhdəliklər üzrə likvidliyi az olandan yüksək olana doğru düzülmə.
Birinci yanaşma əsasən ABŞ standartlarında (GAAP) , ikinci yanaşma Beynəlxalq Standartlarda (MHBS) istifadə edilir.
Respublika Maliyyə Nazirliyi maliyyə hesabatlarının beynəlxalq standartlara (IFRS) uyğun hazırlamasın tövsiyə edir. Bu normaldır, çünki Azərbaycan daha çox qonşu və Avropa ölkələri ilə iqtisadi əlaqələrdə olur nəinki Amerika Birləşmiş Ştatları ilə.
Balans hesabatının nümunəvi forması Maliyyə Nazirliyinin 30.01.2017-ci il Q-01 tarixli qərarında verilib. Hesabata formasını müəssisənin baş mühasibi və direktoru imzalayır.
Adından göründüyü kimi o, nümunəvi xarakter daşıyır və müəssisə tərəfindən bir qədər fərqli şəkildə tərtib edilməsi yolveriləndir.
Maliyyə Vəziyyəti Haqqında Hesabatda hər bir müştəri, kreditor və ya digərləri üzrə ayrıca məlumat verilmir. Bütün öhdəliklər, aktivlər ümumi şəkildə, uzunmüddətli və qısamüddətli kimi hesabatda əks olunur.

