Müəssisənin uçot siyasəti necə hazırlanır

Uçot siyasəti nədir?

“Uçot siyasəti” anlayışı mühasibatlıqda çalışan mütəxəssislərə yaxşı tanışdır. Amma bəzi hallarda mühasibat uçotu aparan şəxslər, xüsusilə uçotu özü aparan fərdi sahibkarlar və mikro sahibkarlıq subyektləri ilə əməkdaşlıq edən mühasiblər bu sənədin zəruri olmadığın hesab edirlər. Gəlin ilk öncə onlar üçün uçot siyasətinin nə olduğunu sadə dildə şərh edək.

Təsərrüfat fəaliyyətində baş verən hadisələrin ilkin müşahidəsi, dəyərinin ölçülməsi, əməliyyatların qruplaşdırılması və ümumiləşdirilməsi vacibdir. Hətta kiçik satış mağazasında belə bunları etmədən biznes haqqında fikir yürütmək çətindir. Fərdi sahibkarlar ümumi qəbul edilmiş standartlar əsasında mühasibat uçotu qurmuş mikro sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar digər sahibkarlıq subyektləri təsərrüfat əməliyyatlarının uçotu üçün beynəlxalq və milli uçot standartlarından tam mənasında istifadə etməsələr də, özləri anladığı formada, “Mühasibat uçotu haqqında” qanunda müəyyən edilmiş qaydalar çərçivəsində, müəyyən standartlara uyğun uçot aparırlar. Bu zaman müəyyən qaydalar gözlənilir, vergi və digər orqanlara hesabatların hazırlanması üzrə əsas prinsiplər nəzərə alınır. Mühasibat uçotunun sadə formasından istifadə edən sahibkarlıq subyektləri, xüsusilə də:

  • ƏDV ödəyiciləri olanlar;
  • sadələşdirilmiş yaxud gəlir vergisi ödəyiciləri;
  • kənd təsərrüfatı sektorunda çalışanlar vergitutma məqsədi ilə uçot siyasətini dəqiqləşdirməlidirlər.

Uçotu siyasəti vacibdir, çünki o, bütün biznes subyektlərinin əməl etdiyi, illər üzrə müqayisə edilə bilən ardıcıl standart maliyyə hesabatlarının hazırlanmasın təmin edən çərçivə yaradır.

Qanunvericilikdə “uçot siyasəti” anlayışı

Mühasibat uçotu haqqında AR Qanununda uçot siyasətinə verilən tərif mühasibat uçotunun beynəlxalq standartlarına əsaslanır.

Mühasibat xidmətləri

Maddə 2.1.23. “Uçot siyasəti – maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.”

Uçot siyasətinin formalaşdırılması bütün müəssisələr, xüsusilə də maliyyə hesabatlarını dərc etdirən (tam yaxud qismən) müəssisələr üçün son dərəcə önəmlidir. Müstəqil qaydada hazırlanan uçot siyasəti mövcud standartlara istinad etməlidir.

Uçot siyasəti mühasibatın təşkilinin:

  • metodiki;
  • təşkilati;
  • texniki tərəflərini əhatə edir.

Əgər mühasibat uçotuna dair hansısa metodiki, təşkilati yaxud texniki məsələ üzrə qayda mövcud deyilsə, müəssisə konsaltinq şirkətlərinin  köməyi bu problemi həll edə bilər.
Sənəddə istifadəçilərin qəbul edəcəkləri qərarlara əhəmiyyətli dərəcədə təsir göstərən mühasibat uçotunun əsas prinsiplərinin (GAAP) yaxud  Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (IFRS) açıqlanması mütləqdir.  

Uçotu siyasəti mühasibat uçotunun təməl prinsiplərindən  fərqlidir, çünki prinsiplər uçot qaydalarını əhatə edir, siyasət isə bu qaydalara necə əməl edilməsin müəyyənləşdirir.

Uçot siyasətinin hazırlanması üzrə əsas prinsiplər

Əvvəlki illərin uçot siyasətində dəyişiklik yoxdursa və müəssisə tərəfindən qəbul edilən uçot siyasəti ardıcıl olaraq həyata keçirilərsə, hesabat ili ərzində təqdim edilən hesabatlarda uçot siyasəti barədə informasiyaya rast gəlinmir.

Mühasibat uçotu siyasəti aşağıdakı hallarda yenilənə bilər:

  • AR qanunvericilində dəyişiklik olduqda;
  • mühasibat uçotunu üzrə normativ sənədlərin qəbulu zamanı;
  • mühasibatlıqda uçota yeni üsullar tətbiq edildikdə;
  • müəssisənin fəaliyyətində əsaslı dəyişikliklər olduqda ( mülkiyyətçilər dəyişərsə, yenidən qurularsa, fəaliyyət növündə dəyişiklik edərsə).

Müəssisənin uçot siyasəti mühasibatlıqda hazırlanır  və rəhbər tərəfindən təsdiq edilir. Bu sənəd daxili istifadə üçün nəzərdə tutulur, təsdiq edildiyi ildən sonrakı ilin yanvar ayının 1-dən qüvvəyə minir və müəssisənin bütün bölmələri tərəfindən tətbiq olunur.

Bu sənəddə nələr əks etdirilir?

Beynəlxalq təcrübəyə uyğun olaraq uçot siyasəti özündə aşağıdakıları birləşdirməlidir:

  • mühasibat uçotunun işçi hesablar planı;
  • əmlakın və öhdəliklərin müxtəlif növlərinin qiymətləndirilməsi metodları;
  • əmlak və öhdəliklərin inventarlaşması üsulları;
  • sənəd dövriyyəsinin təşkili və uçot informasiyalarının emalı mexanizmi;
  • təsərrüfat əməliyyatlarına görə nəzarət qaydası;
  • mühasibat uçotunun təşkili üçün zəruri olan digər məsələlər.

Müəssisənin uçot siyasətini əks etdirən “Uçot siyasəti haqqında əsasnamə” müəssisədaxili əmrlə təsdiqlənir. Əsasnamə, bir qayda olaraq, üç əsas bölmədən ibarət olur:
– mühasibatlığın təşkili;
– mühasibatlıqda uçotun aparılma texnikası;
– əsas obyektlərin uçot metodikası.

Əsasnamədə müəssisənin mühasibat uçotunun aparılmasında, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsində birdən çox variantı nəzərdə tutan prinsiplər, metodlar və proseduralar əks etdirilməlidir.

Əsasnamə necə hazırlanır?

Qanunda təsbit edilənləri uçot siyasətində yenidən yazmağın mənası yoxdur. Yalnız mümkün mühasibat üsullarından birinin seçilməsi şərtləri sənədə daxil edilir. Məsələn, əsas vəsaitlərə amortizasiya aşağıdakı metodlarla hesablana bilər:

  • düzxətli metod;
  • qalıq dəyəri metodu;
  • istehsal metodu;
  • istifadə müddətinin illərinin cəmi metodu.

Müəssisə bunlar arasında seçim edərək uçot siyasətində əks etdirir.

Qeyri – maddi aktivlərə amortizasiya hesablanması üçün icazə verilən üsullarının biri seçilir. Eyni zamanda uçot siyasətində amortizasiya ayırmalarının uçotda əks etdirilməsi üsulları da göstərilir.
Yaxud, materialların istehsala silinməsi üsullarının istehsal olunan məhsulların maya dəyərinin formalaşmasına təsiri müxtəlifdir. Müəssisə elə üsul seçməlidir ki, daha çox dərəcədə onun fəaliyyətinin şərtlərinə və mühasibat uçotunun məqsədlərinə uyğun gəlsin. Qiymətləndirmə metodu seçilən zaman müəssisə istehsalın rentabelliyini, inflyasiya səviyyəsini nəzərə alır, habelə özünün strategiyasını və taktikasını ön plana çəkir.

Pərakəndə satış müəssisələri yenidən satılmaq üçün öz mallarını satış qiyməti ilə qiymətləndirirlər və bu amil uçot siyasətində qeyd olunmalıdır.

İstisna hallarda müəssisə, material – istehsal ehtiyatlarının qiymətləndirilməsi metodlarına dəyişiklik apara bilər və bu zaman dəyişikliyin dəyər ifadəsində təsiri uçot siyasətində əks etdirilməlidi. Həmin hesablamaların metodikası müəssisə tərəfindən konkret müəyyənləşdirilir.

Uçot siyasətini təsdiq edən əmrdə kommersiya, idarəetmə xərclərini əks edilməsi üsulu da əks etdirilir. Maya dəyərinin bərabər səviyyədə formalaşdırmaq üçün qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatların da yaradılmasına icazə verilir.

Ümumən standartlarda mühasiblərə uçotun aparılması üsullarının seçilməsində çox böyük sərbəstlik verir, yəni hər bir mühasib müəssisənin xüsusiyyətindən asılı olaraq mühasibat uçotunun və hesabatın daha optimal variantını seçməlidir. Bunlar uçot siyasəti tərtib edilərkən nəzərə alınmalıdır.