Mədən vergisi üzrə kameral vergi məktublar barədə tövsiyələr

posted in: Xəbər | 0
birbank biznes

Kameral vergi yoxlaması

Vergi ödəyicisinin təqdim etdiyi hesabatlar (vergi bəyannamələri) əsasında vergi orqanı kameral yoxlama aparır. Əgər yoxlama zamanı təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilərsə, ona tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral vergi məktubu göndərilir.

Mədən vergisi üzrə kameral vergi yoxlamasının aparılması ardıcıllığı digər vergi növlərində olduğu kimidir. Yoxlamanın aparılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsi ilə tənzimlənir. Kameral vergi yoxlaması bəzən maliyyə sanksiyası ilə nəticələnə bilər.

Yoxlamanın əsas məqsədi təqdim edilmiş bəyannamə üzrə məlumatların düzgünlüyünün yoxlanılmasıdır.

Mədən vergisi bəyannaməsi necə verilir?

Mədən vergisi üçün hesabat dövrü ay hesab olunur. Vergi ödəyicilərinə ay bitdikdən sonra bəyannamənin təqdim edilməsi üçün kifayət qədər vaxt ayrılır, daha dəqiq desək, növbəti ayın 20-si  son gün olmaq şərtiylə bəyannaməni təqdim etməlidirlər.

Bəyannamə digər hesabatlarda olduğu kimi Dövlət Vergi Xidmətinin kollegiyasının qərarıyla təsdiqlənmiş formada, qaydada tərtib edilir. Mədən vergisi üzrə kameral vergi yoxlaması zamanı bu qaydalara əməl edilməsi ilk növbədə təftiş edilir.

Bəyannamənin ilk hissəsi ümumi hissədir. Burada vergi ödəyicisi, habelə vergi dövrüylə bağlı ümumi məlumatlar yazılır.

Verginin hesablandığı hissə aşağıdakı məlumatları özündə əks etdirən iki bölmədən ibarətdir:

  • birinci bölmədə topdansatış qiymətindən vergi tutulan faydalı qazıntılar üzrə məlumatlar qeyd edilir;
  • ikinci bölmədə hasilatının miqdarın görə vergi tutulan qeyri-fliz faydalı qazıntılar əks olunur.

Nümunə 1: Müəssisə 2022-ci ilin aprel ayında 60 kubmetr kvars qumları və 136 kubmetr kərpic-kirəmit gilləri hasil etmişdir.

Müəssisə ən geci may ayının 20-si hər bir faydalı qazıntı üçün uyğun dərəcələr tətbiq etməklə hesablanmış mədən vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə mədən vergisini həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Vergi orqanı təqdim edilmiş bəyannamə üzrə məlumatların düzgünlüyünü yoxlamaq məqsədi ilə qanunvericiliklə  müəyyən edilmiş 30 gün ərzində mədən vergisi üzrə kameral vergi yoxlaması apara bilər.

Kameral məktubun yazılma səbəbləri

Vergi orqanının göndərdiyi kameral vergi məktubu vergi ödəyicilərinə tanışdır. Bəs bu məktub hansı səbəbdən yazılır?

Biz bilirik ki, bəyannamənin təqdim edilməsiylə iş bitmir. Bundan sonra vergi orqanının həmin bəyannamə üzrə kameral vergi yoxlaması keçirmək hüququ var.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə münasibətdə (AVİS) yoxlamanın iki forması mövcuddur:

  • AVİS üzrə;
  • AVİS-dən kənar.

AVİS üzrə yoxlama elektron şəkildə Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş risk meyarlarına uyğun aparılır.

AVİS-dən kənar yoxlama aparılarkən əvvəlki hesabat dövrləri üzrə verilmiş bəyannamələrdən tutmuş, bank sənədlərinin təhlili, faydalı qazıntıların çıxarılması üçün sərf edilmiş enerjinin miqdarının bəyannamədə göstərilmiş hasilatla uyğunluğuna qədər bir çox məqamlar təhlil edilir.

Dövlət Vergi Xidməti öz vəzifəsini digər dövlət orqanlarıyla məlumat mübadiləsi apararaq həyata keçirir. İstər dövlət satınalınmasından əldə edilmiş məlumatlar, istər digər səlahiyyətli qurumlardan verilən məlumatlar yoxlamanın gedişatına təsir edə bilir.

Hər hansı uyğunsuzluq  aşkar edildikdə vergi ödəyicisinə mədən vergisi üzrə kameral vergi məktubu göndərilir. Məktubda kameral yoxlamanın başa çatdırılması üçün lazım olan əlavə sənədlər (izahat məktubu, dəqiqləşdirilmiş bəyannamə) tələb olunur və onların təqdim edilmə müddəti (5-10 gün) göstərilir.

Uyğunsuzluq məktubunun vaxtında cavablandırılması şərtdir. Unutmayın, dövlət vergi orqanlarının əlaqədar məlumatlardan istifadə etməklə sizin vergiləri hesablamaq hüququ vardır.

Kameral uyğunsuzluğa nümunələr

Nümunə 1. “ABC” firması aşağıdakı məzmunda uyğunsuzluq məktubu alıb.

 

Bildirilir ki, 2019-cu il üzrə Mədən vergisi bəyannamələri üzrə kənarlaşma aşkar edilmişdir. “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxsinin XX.XX.2020-ci il tarixli məktubu ilə “Yerin təki sahəsində faydalı qazıntıların çıxarılması məqsədilə dağ-mədən ayrılması statusunun verilməsi barədə” və “Yerin təki istifadəçiləri tərəfindən 2019-cu il üzrə hasil edilmiş faydalı qazıntıların 5 geoloji kəşfiyyat (5GK) statistik hesabatı barədə” məlumatlar təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş idarəsinin XX.XX.2020-ci il tarixli xidməti məktubu üzrə aparılmış araşdırmalar zamanı “ABC” firmasının 2019-cu ilin müvafiq aylarında təqdim etdiyi mədən vergisi bəyannamələrində cəmi hasilat həcminin 9.63 (min m3) göstərdiyi məlum olmuşdur. Dövlət Vergi Xidmətinin apardığı araşdırma zamanı real hasilat həcminin 11.02 (min m3) olduğu və bu səbəbdən vergi məbləğlərinin yayındırıldığı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq yaranmış kənarlaşmaların aradan qaldırılması tələb edilir.

Mədən vergisi üzrə kameral vergi məktubunun məzmunundan göründüyü kimi vergiyə cəlb edilən hasilatın vergi ödəyicisi tərəfindən bəyannamədə az göstərilməsi qeyd edilir. Bu halda dəqiqləşdirilmiş vergi bəyannaməsi verilməlidir. Əgər qeyd edilən ədədlərlə razlaşmırsınıza və bunu sənədlərlə  sübut edə bilərsinizə, sənədləri əlavə etməklə izahat məktubu hazırlamaq lazımdır.

Nümunə 2. Tərəfinizdən hesabat dövründə çəkilən xərclər (o cümlədən enerji xərci, əməkhaqqı fondu, DSMF-na ödəmələr, hesabat dövründə ödənilmiş vergi məbləğləri və s.) nəzərə alınmaqla müəyyən olunmuş gəlirin məbləği, şifahi sorğulara əsasən mişar daşının bilavasitə karxanada topdansatış qiyməti, 1 kub metr faydalı qazıntıya düşən mişar daşının sayı nəzərə alınmaqla hesabat dövrü üçün təqdim edilmiş bəyannamədə əks edilən faydalı qazıntının həcmi riskli görünür. Qeyd olunan hal faydalı qazıntının real həcminin təqdim edilmiş bəyannamədə əks etdirilməməsi yolu ilə vergidənyayınma kimi dəyərləndirilir.

Mədən vergisi üzrə kameral vergi məktubuna ikinci nümunədə də qeyd edilən uyğunsuzluq verginin azaldılması ilə bağlıdır. Bu halda da yuxarıdakı kimi, əgər müvafiq sənədlərlə haqlı olduğunuzu sübut edə bilərsinizsə, kameral uyğunsuzuğa izahat məktubu hazırlayıb, təsdiqedici sənədlərlə birgə vergi orqanına təqdim etmək lazımdır. Əks halda vergini yenidən hesablamaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi göndərilir.

Peşəkar mühasib cəmiyyətləri və onların inkişaf tarixi

Print Friendly, PDF & Email