Mənfəət vergisi üzrə maliyyə sanksiyaları və cərimələr

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə sanksiyaları və cərimələrin tərkibi

Müxtəlif vergi pozuntularına görə vergi ödəyicisinə mənfəət vergisi üzrə maliyyə sanksiyaları və cərimələr tətbiq edilə bilər. Vergi qanunvericiliyində nəzərdə tutulmuş pozuntulara görə məsuliyyət, tətbiq edilən mənfəət vergisi üzrə maliyyə sanksiyası Azərbaycan Respublikası Vergi Məcəllənin V fəslində şərh edilir. Pozuntular, onlara görə tətbiq edilən sanksiyaların əksəriyyəti ümumidir, ayrıca vergi növü üçün nəzərdə tutulmayıb. Pozuntuların araşdırılması zamanı AR İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələrin tətbiqi də mümkündür.

Vergi hüquqpozmaları və onlara görə tətbiq edilən mənfəət vergisi üzrə maliyyə sanksiyaları və cərimələrin əhatəsi kifayət qədər genişdir. Pozuntuların araşdırılması zamanı AR Gömrük Məcəlləsinin, AR Cinayət Məcəlləsinin, habelə digər qanunvericilik aktlarının uyğun maddələrinin tətbiqi də mümkündür.

Bu məqalədə biz, mənfəət vergisi ödəyicisinin praktikada daha çox rast gələ biləcəyi belə hallar haqqında məlumat verəcəyik.

Tətbiq edilmə səbəblərinə görə mənfəət vergisi üzrə maliyyə sanksiyaları şərti olaraq 4 qrupa bölünə bilər:

  • hesabatların verilmə prosedurunun pozulması;
  • vergi ödənişlərində pozuntular;
  • vergi nəzarəti üçün məlumatların təqdim edilməməsi;
  • mühasibat uçotunda səhvlər;
  • digər hüquqpozmalar.

Eyni zamanda vergi pozuntuları zamanı maliyyə sanksiyası ilə yanaşı AR İXM-ə uyğun inzibati cərimələr də  tətbiq edilə bilər.

Hesabatların verilmə prosedurunun pozulması

Bu qrupa aid edilən mənfəət vergisi üzrə maliyyə sanksiyaları və cərimələrə aşağıdakıları nümunə göstərmək olar:

  1. Bəyannamənin əsas olmadan vaxtında təqdim edilməməsi 40 manat məbləğində maliyyə sanksiyası ilə nəticələnə bilər (VM, maddə 57.1). Mənfəət  vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin 31 mart tarixindən gec olmayaraq təqdim edilir.
  2. Transmilli şirkətlər qrupunun tərkibinə müvafiq müqavilələr çərçivəsində avtomatlaşdırılmış  informasiya sistemləri  ilə hesabatların verilməsi məqsədilə daxil olan rezident müəssisəyə Məcəllənin 57.1-2 maddəsinin tələblərinə əməl etmədikdə (təqdimedilmə müddətinin, formasının və qaydasının pozulması)  10000 manat  maliyyə sanksiyası tətbiq olunur. Təqdim edilməli hesabat Məcəllənin 16.9-cu maddəsi ilə təyin edilir və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan transmilli şirkətləri əhatə edir.
  3. İdxal malları haqqında AR VM 16.1.11-11-ci maddəsinə uyğun məlumat  təqdim edilmədikdə həmin malların invoys dəyərinə, vergi ödəyicisi mikro sahibkarlıq subyektidirsə 2 faiz, digər hallarda isə 5 faiz miqdarında maliyyə sanksiyası hesablanır. Bu təhrif olunmuş məlumatlara da aiddir. Bu zaman qeyd edilən faizlər təhrif olunmuş hissəyə tətbiq edilir.

Mənfəət vergisi ödəyicilərinin hesabat və məlumatın təqdim edilməsi zamanı yol verdiyi pozuntulara görə tətbiq edilə biləcək maliyyə sanksiyalarının tam tərkibi AR VM-in 57-ci maddəsində verilib.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələr, habelə digər bu tipli sazişlər əsasında fəaliyyət üzrə hesabatların təqdim edilməməsinə görə inzibati cərimə AR İXM-ni 461.1 maddəsi ilə tənzimlənir.

Vergi ödənişlərində pozuntulara görə maliyyə sanksiyaları

Müxtəlif səbəblərdən vergi ödəyicisinin büdcəyə ödəniləcək məbləği azaltması yaxud ödənişdən yayındırması hallarına rast gəlinə bilər. Aşağıdakı hallarda ona azaldılmış yaxud yayındırılmış məbləğin 50 faizi miqdarında (VM-in 58.1-1-ci maddə üzrə istisnalar nəzərə alınmaqla) mənfəət vergisi üzrə maliyyə sanksiyası tətbiq edilir (VM, maddə 58.1):

  • vergitutma bazasının səhv hesablanması;
  • hesabatda göstərilmiş məbləğin faktiki vergiyə nisbətən az göstərilməsi;
  • bəyannamə təqdim etməməklə vergidən yayınma.

58.1-1 maddəsi üzrə istisna bu pozuntuların elektron formada təqdim edilmiş məlumatlar əsasında aşkar edildiyi halı nəzərdə tutur. Bu halda təqdim edilən maliyyə sanksiyasının həcmi 25 faiz təşkil edir.

Hər iki halda, maliyyə sanksiyalarının tətbiqi zamanı kameral  yoxlama hesablanan əlavə vergi məbləği nəzərə alınmır.

Nümunə 1: Yoxlama zamanı vergi tutulan mənfəət 100 min manat, ödəyiciyə görə isə 95 min manat məbləğində müəyyən edilib. 5 min manat məbləğində uyğunsuzluq ezamiyyə xərclərinin müəyyən edilən normadan artıq olan hissəsinin gəlirdən çıxılan xərcə aid edilməsidir. Azaldılmış məbləğə görə 5000*50%=2500 manat mənfəət üzrə maliyyə sanksiyası tətbiq ediləcək. 

Mənfəət vergisindən yayınma zamanı AR İXM-da bir sıra inzibati cərimələr nəzərdə tutulub, məsələn 50000 manatadək vergi ödəmədən yayındırıldıqda, bilavasitə inzibati xəta obyekti olan məbləğdən 30-70 faizədək inzibati cərimə tətbiq edilir (AR İXM, maddə 451).

Vergi nəzarəti üçün məlumatların təqdim edilməməsi

Mənfəət vergisi üzrə maliyyə sanksiyaları vergi nəzarəti üçün zəruri olan məlumatların, habelə hesablanmış vergitutma bazasının etibarlılığı ilə bağlı sənədlərin təqdim edilmədiyi halda tətbiq edilir.

Belə bir situasiyanı nəzərdən keçirək. Vergi ödəyicisi AR VM-də nəzərdə tutulmuş müddətdə vergi öhdəliyini (məsələn, mənfəət vergisi, faiz və sanksiyalar) icra etməyib və ona öhdəliyin 5 gün müddətində ödənilməsi barədə bildiriş göndərilib (VM, maddə  65.1). Bildirişdə müəyyən edilmiş müddətdə öhdəlik icra olunmazsa, vergi nəzarətini başa çatdırmaq məqsədi ilə vergi ödəyicisindən aktivləri haqqında məlumat tələb olunur (maddə 89.3). Bu məlumat heç bir əsaslı səbəb olmadan 10 gün ərzində təqdim edilməzsə, vergi ödəyicisinə 100 manat maliyyə sanksiyası tətbiq edilir (maddə 57.2).

Tələb olunan məlumatların (o cümlədən, elektron formada) təqdim edilməməsi zamanı 1000 manat mənfəət vergisi üzrə maliyyə sanksiyası tətbiq edilə bilər. Bu sanksiyasının əhatə dairəsi AR VM-in 57.3 maddəsi ilə tənzimlənir. Ümumiyyətlə bu maddənin tətbiqinin əhatəsi genişdir, biz yalnız onlardan birini qeyd etdik.

Yoxlama zamanı tələb olunan sənəd və məlumatların yoxlayıcı şəxsə təqdim edilməməsi inzibati xəta sayılır və mənfəət vergisi ödəyicisinin vəzifəli şəxsinə 1000 manatdan 1500 manatadək inzibati cərimə tətbiq edilir( AR İXM, maddə 602.4).

Mühasibat uçotunun pozulması

Mənfəət vergisi üzrə maliyyə sanksiyaları xərclərin, gəlirlərin və vergitutma obyektlərinin uçotu qaydasının kobud şəkildə pozulması zamanı da tətbiq edilir. Belə səhvlərə nümunə kimi aşağıdakıları göstərə bilərik:

  • ilkin sənədlərin çatışmazlığı;
  • uçot registrlərinin olmaması;
  • əməliyyatların qeydiyyatında edilən müntəzəm səhvlər.

Vergi nəzarəti və yoxlaması zamanı mənfəət vergisi üzrə maliyyə sanksiyası vergi ödəyicisinə aşağıdakı hallarda tətbiq edilə bilər:

  • malların alış sənədi olmadıqda, təqvim ilində alıcıya birinci hal olarsa, alınmış malların dəyərinin 10%-i, ikinci dəfə olduqda 20%-i, üç və daha artıq hallarda 40%-miqdarında;
  • gəlir və xərclərin uçotunu Məcəlləyə uyğun aparmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 20%-i miqdarında.

Mühasibat uçotu qaydalarının pozuntuları zamanı mənfəət vergisi üzrə maliyyə sanksiyaları Məcəllənin  58.8, 58.13 maddələrində şərh edilib.

Mənfəət vergisinin ödəyicisi mühasibatlıqda avans şəklində valyuta ilə alınacaq malların uçotunu dəqiq aparmalıdır. Belə ki, mallar vaxtında idxal edilməsə (işlər görülməsə, xidmət göstərilməsə), valyuta vəsaiti geri qaytarılmalıdır. Əks təqdirdə inzibati cərimə qaçılmazdır (AR İXM, maddə 430.4).   

Qeyd etdiyimiz kimi, mənfəət vergisi üzrə maliyyə sanksiyaları və cərimələrin əhatəsi genişdir. Yuxarıda sadalananlar bunların bir qismidir. Onların tətbiqinin müxtəlif halları ilə bu məqalələrdən də tanış ola bilərsiniz.

Əgər diqqət etdinizsə, mənfəət vergisi üzrə maliyyə sanksiyasının tətbiqinin yuxarıda verdiyimiz nümunələrdə biz həm AR VM-in 57, həm də 58-ci maddəsinə müraciət etmişik. B maddələrin fərqi nədir? Qısaca deyək ki, 57-ci maddə hesabatlar və digər məlumatların təqdim edilməsi ilə bağlı, 58-ci maddə isə vergilərin azaldılması, habelə digər pozuntulara görə maliyyə sanksiyalarını əhatə edir. Bu maddələrin ətraflı şərhi ilə buradan tanış ola bilərsiniz.


Print Friendly, PDF & Email