Məzuniyyət zamanı işçinin təminatları: Əmək Məcəlləsində yeni qaydalar

posted in: Xəbər | 0

Təcrübədə məzuniyyətə çıxan işçilərin hüquqi təminatları və məzuniyyət haqqının hesablanması ilə bağlı bir çox sual yaranır. Bu iki məsələ bir-biri ilə sıx bağlıdır: Əmək Məcəlləsinin 111-ci maddəsi işçinin məzuniyyət müddətindəki hüquqlarını, yəni təminatları müəyyən edir, 140-cı maddəsi isə həmin təminatın bir hissəsi olan orta əməkhaqqının hesablanma qaydasını izah edir. İqtisadçı ekspert Emin Səttarov hər iki maddəni birlikdə, nümunələr vasitəsilə şərh edib.

Məzuniyyət müddətində işçinin təminatları

Qanun məzuniyyətdə olan işçiyə dörd ayrı təminat verir. Bunları bir-birindən ayırmaq vacibdir, çünki hər birinin öz nəticəsi var.

Birincisi, iş yerinin saxlanması. Məzuniyyət müddətində işçinin iş yeri saxlanılır. İşəgötürən işçinin yerini başqasına daimi olaraq verə bilməz, işçi eyni iş yerinə qayıtmaq hüququna malikdir.

İkincisi, vəzifənin (peşənin) saxlanması. İş yerindən ayrı olaraq vəzifə də saxlanılır. İşəgötürən işçi məzuniyyətdə ikən onun vəzifəsini ştatdan çıxara və ya dəyişə bilməz.

Mühasibat xidmətləri

Üçüncüsü, orta əməkhaqqının saxlanması. İşçiyə məzuniyyət müddətində, bu Məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır. Məhz bu orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 140-cı maddəsində göstərilir.

Dördüncüsü, iki qadağa. Məzuniyyət müddətində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.

Qeyd edək ki, bu qadağa yalnız işəgötürənin təşəbbüsünə aiddir. İşçinin öz ərizəsi ilə və ya tərəflərin razılığı ilə əmək müqaviləsinə xitam verilməsi məzuniyyət müddətində də mümkündür, çünki bunlar işəgötürənin təşəbbüsü sayılmır. İntizam qadağasının praktiki mənası isə budur: xəta məzuniyyətdən əvvəl baş vermiş olsa belə, intizam tənbehinin rəsmiləşdirilməsi işçi işə qayıdana qədər gözlədilir.

Orta əməkhaqqının hesablanması

Əmək Məcəlləsinin 111-ci maddəsi məzuniyyət dövründə işçinin orta əməkhaqqının saxlanmasını təmin edir. Məcəllənin 140-cı maddəsi isə onun məbləğini müəyyən edir. Yəni 111-ci maddə hüququ, 140-cı maddə isə mexanizmi verir.

Əsas qayda budur: məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı, məzuniyyətin hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyətin başladığı ay baza dövrünə daxil edilmir.

Hesablama üç addımdan ibarətdir:

Məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmi 12-yə bölünür və orta aylıq əməkhaqqı tapılır.

Alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına, yəni 30,4-ə bölünür və bir günlük əməkhaqqı müəyyən edilir.

Bir günlük əməkhaqqı məzuniyyətin təqvim günlərinin sayına vurulur.

Misal: İşçi Hüseynov Rəşad Elman oğlu (adlar şərtidir) müəssisədə 12 aydan artıq işləyir.

Məzuniyyətin başlama tarixi: 10.08.2026;

Baza dövrü: 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər (12 təqvim ayı); Məzuniyyətin müddəti: 30 təqvim günü:

Baza dövründəki 12 ayın cəmi əməkhaqqı: 24.000 manat.

Hesablama:

Orta aylıq əməkhaqqı: 24000 : 12 = 2000 manat;

Bir günlük əməkhaqqı: 2000 : 30,4 = 65.79 manat;

Məzuniyyət haqqı: 65.79 x 30 = 1973.7 manat.

Qeyd edək ki, aralıq göstəricilər yuvarlaqlaşdırılmadan son nəticə hesablanmalıdır. Bir günlük məbləği əvvəlcədən yuvarlaqlaşdırıb sonra vursaq, nəticədə bir neçə qəpik fərq yarana bilər. Buna görə də yuvarlaqlaşdırma qaydası müəssisənin uçot siyasətində müəyyən edilməlidir.

12 aydan az işləyən işçinin məzuniyyət haqqı

Əgər işçi 12 təqvim ayından az müddətdə əmək münasibətində olubsa, orta aylıq əməkhaqqı yalnız faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır və bölən 12 deyil, faktiki tam ayların sayı olur. Məsələn, işçi 12.03.2026-cı ildə işə qəbul olunub, 01.08.2026-cı ildə məzuniyyətə çıxırsa, tam işlənmiş aylar aprel, may, iyun və iyul, yəni 4 aydır. Mart ayı natamam olduğu üçün hesaba daxil edilmir və cəm 4-ə bölünür.

Mühüm məqam

Ən çox diqqət tələb edən məqam budur: Əmək Məcəlləsinin 140-cı maddəsi orta əməkhaqqını keçmiş 12 ayın orta göstəricisı üzrə hesablayır. Məcəllənin 111-ci maddəsi isə tələb edir ki, orta əməkhaqqı sonuncu əməkhaqqından az olmamalıdır. Bu iki qayda o zaman toqquşur ki, işçinin əməkhaqqı son vaxtlarda artıb. Belə halda 12 ayın ortası cari maaşdan aşağı çıxa bilər, çünki ayların çoxu köhnə maaşla işlənib.

Məsələn, 12 ayın ortası 2000 manat, işçinin sonuncu aylıq maaşı isə 2200 manat olarsa, 140-cı maddənin tələbi üzrə hesablama 2000 manata, 111-ci maddənin qoruyucu həddi isə 2200 manata işarə edir. Buna görə də işçinin maaşı yaxınlarda artıbsa, bu məqama xüsusi diqqət yetirilməli və müəssisənin uçot siyasətində mövqe əvvəlcədən müəyyənləşdirilməlidir.

Qeyd edək ki, bu hədd yalnız bir istiqamətdə işləyir. Əgər 12 ayın ortası cari maaşdan yüksək çıxarsa, heç bir tavan qoyulmur və işçi 140-cı maddə üzrə hesablanmış yüksək məbləği alır.

Ödəniş müddəti

İşçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Bu, Əmək Məcəlləsinin 111-ci maddəsinin təmin etdiyi orta əməkhaqqının vaxtında verilməsinin konkret mexanizmidir.

Əmək Məcəlləsinin sözügedən iki maddəsi bir-birini tamamlayır. 111-ci maddə işçinin məzuniyyət müddətində iş yerini, vəzifəsini və orta əməkhaqqını qoruyur, həmçinin işəgötürənin təşəbbüsü ilə xitamı və intizam məsuliyyətini qadağan edir. 140-cı maddə isə həmin orta əməkhaqqının kəmiyyətini, yəni 12 ayın (və ya faktiki tam ayların) ortası əsasında 30,4 əmsalı ilə hesablanma qaydasını müəyyən edir. İşçinin maaşının son dövrdə dəyişdiyi hallarda isə hər iki maddəni birlikdə oxumaq və qoruyucu hədd məsələsini nəzərə almaq zəruridir.

Mənbə: vergiler.az

Azərbaycanda sığortaolunanların sayı 5,4 milyona çatıb