Əmək məzuniyyətinin verilməsində növbəlilik
Rəsmi əmək müqaviləsi bağlayaraq çalışan bütün işçilərin illik ödənişli məzuniyyət hüququ var. Bunun üçün işəgötürən əmək məzuniyyətlərinin verilməsi məqsədi ilə növbəlilik cədvəli – məzuniyyət qrafiki tərtib edilə bilər. Bu sənəd mezuniyyet hüququna əməl olunmasın təmin edir, məzuniyətlərin il ərzində bərabər paylanmasına kömək edir, bir neçə mütəxəssisin eyni vaxtda mezuniyyetə getməsinin kadr çatışmamazlığına səbəb olmasının qarşısını alır.
Qrafikin hazırlanması:
- istehsalın və işin normal gedişinə kömək edir;
- məzuniyyətlərin düzgün uçotuna dəstək olur;
- işçilərin məzuniyət hüququndan daha səmərəli istifadəsini təmin edir.
Bu yazıda əmək məzuniyyətinin verilməsində növbəlilik, normativ sənədlərə uyğun mezuniyyet qrafikinin tərtib edilməsinin əsasları nəzərdən keçiriləcək.
Əsas və əlavə mezuniyyetlerdən ibarət olan əmək məzuniyyəti təcrübədə daha çox istifadə edilir.
Əmək mezuniyyetlerinde növbəlilik anlayışı Əmək Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir. Bu maddənin icrası növbəlilik cədvəlləri şəklində rəsmiləşdirilir. Növbəlilik deyəndə işçilərin məzuniyətlərinin düzgün sıralama şəklində verilməsi nəzərdə tutulur.
Məzuniyyət qrafiki kim tərəfindən hazırlanır?
Məcəllənin 133.1 maddəsinə görə məzuniyyət qrafiki hər təqvim ili üçün yanvar ayının sonuna qədər (məsələn, 2024-cü il üçün 2024-cü ilin yanvar ayının sonuna) tərtib olunur və həmkarlar ittifaqları təşkilatının (o olmadıqda işçinin rəyi) öyrənilməklə təsdiq edilir.
Qrafik kadrlar şöbəsi yaxud kadrların uçotunun aparılması üzrə məsul şəxs tərəfindən tərtib edilir. İşçi sayı çox olan şirkətlərdə, cədvəl hər bir struktur bölmə üçün tərtib olunur, sonra məlumatları lazım olduqda tənzimləməklə ümumi bir sistemdə birləşdirmək daha rahatdır.
Qrafik hansı işçilər üçün tərtib edilir?
Növbəlilik cədvəli qanunvericiliyə, müəssisədaxili qaydalara uyğun hazırlanan sənəddir və həm işçi, həm də işəgötürən tərəfindən onun icrası məcburidir. Bu sənəddə illik əsas və əlavə məzuniyyət hüququ olan bütün işçilər öz əksini tapmalıdır. Bu, əvəzçilik, habelə məsafədən işləyən işçilərə də aiddir. Yəni, məzuniyyət qrafikinin tərtibi və təsdiqi zamanı əmək münasibətləri olan bütün işçilər nəzərə alınmalıdır.
Məzuniyətin növbəliliyi cədvəli tərtib edilərkən müəyyən kateqoriya işçilərin arzusu nəzərə alınaraq onlara istədiyi müddətdə məzuniyyətlər təyin edilir. Belə işçilərin tərkibi Məcəllənin 133.3 maddəsində verilib, məsələn:
- 14 yaşdan kiçik iki, yaxud daha çox uşağı olan, ya da 18 yaşdan kiçik əlil uşağı olan qadınlar;
- 16 yaşdan kiçik uşaqları tək böyüdən valideyn, ya da qəyyum;
- hərbi qulluqçuların həyat yoldaşı;
- əlillər;
- müharibə veteranları;
- 18 yaşı tamam olmayan işçilər;
- həm işləyən, həm də təhsil alan şəxslər və s.
Müəssisədə bir təqvim ili ərzində yeni işçi işə götürülərsə, o zaman belə bir işçi də cari və ya növbəti təqvim ili üçün məzuniyyət qrafikinə daxil edilməlidir. Həmçinin, işçinin əvvəlki illərdən istifadə olunmamış məzuniyət günləri varsa, onların da cədvələ daxil edilməsi tələb olunur.
Növbəlilik cədvəlinin hazırlanma mərhələləri hansılardır?
Məzuniyyət qrafikinin hazırlanması prosesində bir-neçə mərhələni fərqləndirə bilərik:
- İşçilərin istəklərinin sorğulanması: qanunvericilikdə işçinin rəyi həmkarlar təşkilatı olmadıqda nəzərə alınır (ƏM, maddə 133.1). Amma korporativ məmnuniyyətin təmin edilməsi məqsədi ilə istənilən halda işçinin istəklərinin sorğulanması tövsiyə olunur, amma bu, növbəliliyin mütləq onların arzusu nəzərə alınmaqla tərtib edilməsi anlamına gəlmir.
- ƏM-nin 133.3 maddəsinə uyğun əlverişli vaxtda məzuniyyət verilə bilən işçilərin əhatəsi müəyyən edilir. İşçiyə öz arzusu ilə arvadının hamiləliyə və doğuşa görə mezuniyyetde olduğu dövrdə müəssisədə işlədiyi müddətdən asılı olmayaraq əmək məzuniyyəti verilir.
- Sonra qaralama tərtib edilir, eyni vəzifələrə malik olan işçilərin məzuniyətlərinin eyni vaxta düşüb-düşməməsi, iş yükünün çox olduğu dövrlərdə kifayət qədər işçilərin olub-olmaması yoxlanılır. Lazım gələrsə, qrafikdə düzəlişlər edilir.
- İmzalama və təsdiq edilmə: məzuniyyət qrafiki kadrlar şöbəsinin rəhbəri (yaxud onun hazırlanmasına məsul olan şəxs) tərəfindən imzalanır, sonra isə müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. Əgər müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirsə, onun da rəyi nəzərə alınmalıdır. Cədvəl hazır olduqdan sonra müəssisənin bütün işçilərinin nəzərinə çatdırılmalıdır.
Əgər məzuniyyətin vaxtı işçini qane etmirsə, o, bu vaxtın dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər. Bu halda tərəflərin qarşılıqlı razılığına əsasən məzuniyətin vaxtının dəyişdirilməsi mümkündür. Bu halda məzuniyyət qrafikində müvafiq dəyişikliklər edilməlidir.
Məzuniyyətin verilməsi barədə əmr işçinin ərizəsi əsasında mezuniyet vaxtından 5 gün əvvəl verilməli, mezuniyyetin başlanmasına azı 3 gün qalmış isə işçiyə məzuniyyət üçün əməkhaqqı ödənməlidir.
Məzuniyyət qrafikinin tərtib edilməsi
Məzuniyyət qrafikinin tərtibi zamanı nəzərə almaq lazımdır ki, Məcəllənin 137-ci maddəsi əmək mezuniyetinin hissələrə bölünərək verilməsinə icazə verir, bir şərtlə ki, həmin bölünmüş hissələrdən birinin müddəti 2 təqvim həftəsindən, yəni 14 gündən az olmasın. Hissələrə bölünmüş mezuniyyetin müddətləri məzuniyyət cədvəllərində nəzərdə tutulmalı və müvafiq xanalarda işçilərin razılığını təsdiq edən imzalar olmalıdır.
Qrafikin tərtib edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş standart forma yoxdur. İnternetdə axtarış etməklə fərqli forma nümunələri yükləmək olar. Bunlardan bəzisi məzuniyyət uçotunun daha rahat aparılmasın, digəri məzuniyyət müddətlərinin daha əyani görünüşün təmin edir. Bizim fikrimizcə hər iki formadan paralel istifadə etmək mümkündür və əlverişlidir.
Məzuniyyət qrafiki özündə aşağıdakı məlumatları əks etdirməlidi:
- struktur bölmənin adı;
- işçinin adı, soyadı;
- ştat cədvəlinə uyğun olaraq işçinin vəzifəsi (ixtisas, peşəsi);
- işçinin məzuniyət günlərinin sayı;
- mezuniyyetin başlama və bitmə tarixi və s.
Müəssisədə həmkarlar təşkilatı olduqda, qrafikin onunla razılaşdırılması barədə qeyd olmalıdır. Bunun üçün tərtib edilmiş məzuniyyət qrafiki əvvəlcədən tanışlıq üçün həmkarlar təşkilatına təqdim edilir. Həmkarlar ittifaqı təşkilatı olmadıqda bu barədə qeyd edilməlidir.