Mühasibat uçotunun standartları
Mühasibat uçotu standartları maliyyə hesabatlarının istifadəçilərinə bu hesabatlara etibar etməyə, həmin hesabatlardakı məlumatlara əsaslanan qərarlar qəbul etməyə imkan verir. Mühasibat uçotu standartları hesabat verən müəssisənin fəaliyyət göstərdiyi ölkədən, iqtisadi sektordan asılı olaraq dəyişir. Hər bir ölkə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi üçün həm milli mühasibat uçotu standartlarından (MMUS), həm də beynəlxalq mühasibat uçotu standartlarından istifadə edə bilər.
Bu gün regional bazarlar da daxil olmaqla, maliyyə bazarlarının getdikcə yenidən formalaşması fonunda investorlar investisiyalarını milli sərhədlərdən kənara çıxarmağa, bizneslər isə xarici kapitalı cəlb etməyə çalışırlar. Belə bir hərəkətlilik mühasibat uçotunda təqdim olunan məlumatların keyfiyyətinə artan tələblər yaradır ki, bu da öz növbəsində həm elmi, həm də peşəkar ictimaiyyət tərəfindən milli mühasibat uçotu standartlarının öyrənilməsinə marağı artırır. MMMS-lar arasındakı fərqlərin təhlili və anlaşılması, bu sistemlərin daha da uyğunlaşdırılması üçün başlanğıc nöqtəsi kimi xidmət edir.
Milli standartlar təhlili həm də məlumat istifadəçilərinin maraqlarını təmin edən hesabtların hazırlanması üçün önəmli olan beynəlxalq uçot standartlarının hazırlanması üçün də vacibdir.
Mühasibat uçotunun beynəlxalq standartları
Müxtəlif ölkələrdə fond bazarlarının inkişafı və beynəlxalq kapital bazarının böyüməsi ilə investorlar şirkətlərin maliyyə hesabatlarının qlobal standartlaşdırılmasını getdikcə daha çox aktuallaşdırırdı. Məsələn, London, Frankfurt və ya Nyu-Yorkdakı investor pullarını hara sərfəli şəkildə yatıracaqlarını anlamaq üçün Avropa, Amerika və ya Asiyadakı şirkətlərin fəaliyyətini müqayisə etməyə getdikcə daha çox ehtiyac duyurdular.
Müxtəlif ölkələrin uçot sistemlərinin uyğunlaşdırılması istiqamətində ilk zəruri addım Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsi (IASC) tərəfindən atıldı. Komitə 1973-cü ildə müxtəlif ölkələrdə tətbiq edilən milli mühasibat uçotu standartlarını uyğunlaşdırmaq üçün Avstraliya, Kanada, Fransa, Almaniya, Yaponiya, Meksika, Hollandiya, Birləşmiş Krallıq və ABŞ-dan olan peşəkar mühasibat təşkilatları tərəfindən yaradılmışdır. Bu uyğunlaşdırmanın məqsədi müxtəlif ölkələrin fond birjasında listinqlərin aparılmasını asanlaşdırmaq idi.
1990-cı ildə IASC maliyyə hesabatlarının müqayisəliliyini təmin etmək niyyətini açıqladı və fərqli standartlara əsaslanan hərtərəfli mühasibat uçotu prinsipləri toplusunu (IAS 31) təklif etdi. 2000-ci ildə Komitə müstəqil orqan olan daimi Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasına (IASB) çevrildi. İdarə Heyətinin əsas üzvləri müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən olan yüksək ixtisaslı peşəkar auditorlar və mühasiblərdir.
İlk Maliyyə Hesabatlarının Beynəlxalq Standartı (IFRS 1) 2003-cü ildə təqdim edildi. 2005-ci ilə qədər Avropanın 25 ölkəsində, eləcə də Avstraliya, Honkonq, Yeni Zelandiya və Cənubi Afrikada 7000 şirkət milli mühasibat uçotu standartlarından IFRS-ə keçid etdi. Hazırda MHBS dünya miqyasında fəaliyyət göstərən çoxsaylı şirkətlər tərəfindən tətbiq olunur. 2025-ci il vəziyyətinə dünyanın 169 ölkəsində MHBS-nin tətbiqi üzrə müəyyən yanaşma formalaşıb.
Müxtəlif ölkələrdə tətbiq edilən mühasibat uçotu standartları
Aşağıda bəzi ölkəlıərdə tətbiq edilən MMUS və MUBS nümunələri verilib.
- Amerika Birləşmiş Ştatları: US GAAP;
- Çin:Çin mühasibat uçotu standartları CAS (IFRS-ə yaxınlaşır);
- Chinese Accounting Standard for Business Enterprises (ASBEs) – Biznes Müəssisələri üçün Çin Mühasibat Uçotu Standartı;
- Yaponiya: Yaponiya mühasibat uçotu standartları (J-GAAP) və səhmləri fond birjasında siyahıya alınmış müəyyən şirkətlər üçün IFRS;
- Almaniya: HGB və publik şirkətlər üçün IFRS;
- Hindistan: Hind mühasibat uçotu standartları (Ind AS) (IFRS-ə yaxınlaşır);
- Böyük Britaniya: Böyük Britaniyanın mühasibat uçotu standartları (UK GAAP) və IFRS.
- Fransa: IFRS-ə uyğunlaşdırılmış Fransa mühasibat uçotu standartları.
- İtaliya: İtaliya mühasibat uçotu standartları və birjada siyahıya alınmış şirkətlər üçün IFRS.
- Braziliya: IFRS-ə yaxınlaşan CVM qaydaları.
- Kanada: Kanada mühasibat uçotu standartları (Canadian GAAP); açıq şirkətlər üçün IFRS.
- Rusiya: Rusiya mühasibat uçotu standartları (RSBU) və IFRS-in qismən tətbiqi;
- Öhdəliklər Məcəlləsi – yalnız İsveçrədə qeydiyyatdan keçmiş ofisi olan şirkətlər üçün;
- Uyğunlaşdırılmış Mühasibat Modeli – İsveçrədə qeydiyyatdan keçmiş ofisi olan dövlət hüquq müəssisələri və dövlət hüquq korporasiyaları üçün;
- Bankçılıq Qanununa əsasən standart – AB/AİB-də qeydiyyatdan keçmiş ofisi olan şirkətlər üçün
Siyahı açıq İnternet resusrların məlumatlarına əsasən tərtib edilib.
Milli mühasibat uçotu standartları
Müxtəlif ölkələrdə müəyyən edilmiş mühasibat uçotu qaydaları həmin ölkələrin özünəməxsus tarixi və mədəni kontekstlərini əks etdirir. Ölkələr arasındakı bu fərqlər maliyyə hesabatlarının formalaşmasında əsas rol oynayır. Məsələn, yüksək inkişaf etmiş bazar iqtisadiyyatı və özəl sektora malik ölkələrdə mühasibat uçotu çox vaxt investorların və səhmdarların maraqlarının ödənilməsinə yönəldilir, şəffaflığa və açıqlamaya xüsusi diqqət yetirilir. Belə sistemlərdə maliyyə hesabatlarının əhəmiyyəti artır, çünki o, kapital cəlb edir və resurslara çıxışı asanlaşdırır.
Dövlətin iqtisadiyyatda daha aktiv rol oynadığı ölkələrdə mühasibat uçotu qaydaları daha geniş makroiqtisadi məqsədlərə yönəldilə bilər. Burada mühasibat uçotu iqtisadi siyasəti məlumatlandırmaq üçün bir vasitə kimi xidmət edir və inflyasiya və işsizlik səviyyəsi kimi iqtisadi göstəricilərin daha effektiv idarə olunmasına imkan verir. Hesabat prosesləri sosial proqramları dəstəkləmək və iqtisadi sabitliyi təmin etmək üçün hazırlanmış elementləri əhatə edə bilər.
Bundan əlavə, milli vergi siyasətindən asılı olaraq, mühasibat uçotu vergi hesabatlarının dəqiqliyinə və tamlığına diqqət yetirə bilər ki, bu da gəlir və xərc uçotu metodlarına avtomatik olaraq təsir göstərir. Beləliklə, dövlət məqsədləri üçün mühasibat uçotunun əhəmiyyəti onu müvafiq təcrübələrin formalaşmasında mərkəzi elementə çevirir.
Azərbaycanda MMUS və beynəlxalq uçot standartlarına keçid
Azərbaycan Respublikasında mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan islahatların başlanğıcı 2002–2003-cü illərə təsadüf edir. Bu dövrdə qəbul edilmiş normativ-hüquqi aktlar Milli Mühasibat Uçotu Standartlarının (MMUS) hazırlanması və tətbiqi üçün hüquqi və institusional əsas yaratmışdır. Əsas məqsəd ölkədə mövcud mühasibat uçotu sistemini Beynəlxalq Mühasibat Uçotu Standartlarının (BMUS) və sonradan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğunlaşdırmaq olmuşdur.
“Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin Fərmanı 6-cı bəndində Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003–2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqramı hazırlayıb təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Bu tələb Nazirlər Kabinetinin 20 fevral 2003-cü il tarixli, 29 nömrəli Qərarı ilə həyata keçirilmiş və Azərbaycanda Milli Mühasibat Uçotu Standartlarının yaradılmasının hüquqi əsasını qoymuşdur.
Sonrakı illərdə ayrı-ayrı sektorlar üzrə aşağıdakı Milli Mühasibat Uçotu Standartları hazırlandı:
- Büdcə Təşkilatları üçün MMUS;
- Kommersiya Təşkilatları üçün MMUS;
- Kommersiya Təşkilatları üçün MMUS-un tətbiqi üzrə şərhlər və tövsiyələr;
- Qeyri-hökumət təşkilatları üçün MMUS.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”–nın tətbiqi ilə respublika ərazisində beynəlxalq və milli mühasibat uçotu standartları paralel tətbiq edilməyə başlandı. Maliyyə Nazirliyi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli qərarı ilə isə Qaydaların ilə adından və 1-ci hissəsindən “və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri çıxarıldı və respublika ərazisində maliyyə hesabatlarının beynəlxalq standartları tətbiq edilməyə başlandı.
Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli kollegiya qərarı ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” təsdiq edildi. 27 dekabr 2024-cü il tarixdə isə bu qaydalar tamamilə yenilərək yeni redaktədə tətbiq edilməyə başlandı.
“Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” isə 9 dekabr 2019-cu il tarixdə təsdiq edildi.
Hazırda Azərbaycanda milli mühasibat uçotunun tənzimləmə sistemi geniş qanunvericilik çərçivəsini özündə birləşdirir. Buraya Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununu, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və konkret mühasibat uçotu və maliyyə hesabatı obyektlərinə tətbiq olunan tam və etibarlı məlumatların formalaşdırılması qaydalarını müəyyən edən digər normativ hüquqi aktları aid etmək olar.
