Ofşor zonalarda dividendlər vergiyə hansı qaydada cəlb olunur?

posted in: Xəbər | 0
birbank biznes

vergidən azad, Dividendlər nə deməkdir, vergi, dividend, təsisçi,Bir çox hallarda vergi ödəyiciləri güzəştli vergi tutulan ölkələrdə, zonalarda (Ofşor zonalar) qeydiyyatda olan və ya bankı yerləşən şəxslərə müxtəlif ödəmələr edirlər ki, həmin ödəmələrdən 10 faiz ödəmə mənbəyində vergi tutulmaları həyata keçirilir. Eyni hal kimi dividend ödəmələrindən də vergi tutulmalıdırmı? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Hətta bir çox hallarda vergi ödəyiciləri buna etirazını da bildirirlər ki, dividenddən bir dəfə vergi tutulmuşdur, ikinci dəfə vergi tutulmalı deyildir. Bunu misal üzərində nəzərdən keçirək.

Misal: “AA” MMC-nin təsisçisi “SS LTD” ofşor zona olan Honq Konqda qeydiyyatdadır və 2020-ci ilin maliyyə göstəricilərinə görə cəmiyyətin 100 000 manat xalis mənfəəti yaranıb. MMC bunu elan edərək 2021-ci ilin aprel ayında vergiləri ödəmək istəyib. Bu zaman hansı vergilər hesablanıb, tutulmalıdır?

Vergi Məcəlləsinin 122-ci və 125-ci maddələrində göstərilib:

Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması

122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

125.1.1. dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;

Hər iki maddədən aydın olur ki, qeyri-rezidentlərə ödənilən dividenddən 10 faiz vergi tutulur və bir daha ondan vergi tutulmalı deyil. Odur ki, “SS LTD”nin ofşor zonada qeydiyyatda olmasına baxmayaraq ona ödənilən dividenddən əlavə 10 faiz vergi tutulmalı deyil. Amma Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilib ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz.

Həmçinin, 13.2.16.14-1.ci maddəyə də nəzər yetirək.

13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Deməli ofşor zonalarda qeydiyyatda olan şəxslərə edilən ödəmələrdən 10 faiz vergi tutulmalıdır.

Axı dividendən bir dəfə vergi tutulub və yuxarıdakı 122-ci maddədə göstərilib ki, ikinci dəfə vergi tutula bilməz. Məsələyə və maddələrə daha geniş ölçüdən baxaq.

Vergi Məcəlləsinin 125-ci maddəsində mallara, işlərə və xidmətlər görə ödənilən ödəmələrin 10 faiz vergiyə cəlb edilməsi qeyd edilməyib. Maddədə ümumi ödəmələrdən vergi tutulması bildirilir. Məcəllədə də ödəmə anlayışının açılışı dəqiq yoxdur.

Odur ki, həm mallara, işlərə və xidmətlərə görə və həm istənilən digər ödəmələrdən 10 faiz vergi tutulmalıdır.

Həmçinin, Məcəllənin 122-ci maddəsinə əsasən, dividend ödənilən andan ondan 10 faiz vergi tutulur və bu normaldır. Növbəti addım artıq həmin vergi tutulandan sonra qalan məbləğin kimə ödənilməsi mərhələsi gəlir. Yəni, burada iki addım vardır. Növbəti addım kimi ödəməni normal şəxsə ödəyiriksə, onda Məcəllə hər hansı əlavə verginin tutulmasını bildirmir, yox ofşor zonada olan şəxsə ödəyəcəkdirsə, onda əlavə olaraq 10 faiz vergi tutulacaqdır.

Odur ki, birinci addım dividend vergisinin tutulması mərhələsidir, ikinci addım isə ödəmənin ödənilməsi mərhələsidir. Yəni, ofşor zonada olan şəxsdən tutulan 10 faiz vergi dividend vergisi deyildir.

Cavab: “SS LTD”-yə ödənilən 100.000,00 manat dividenddən 10 faiz dividend vergisi tutulacaq:

100.000 x 10% = 10.000 manat

Nəticədə, qarşı tərəfə 90.000 manat ödəniləcək və “SS LTD” ofşor zonada qeydiyyatda olduğundan, aparılan ödəmədən 10 faiz vergi tutulmalıdır.

90.000 x 10% = 9000 manat.

Nəticə olaraq 81.000 manat vəsait ofşorda qeydiyyatda olan “SS LTD”yə çatacaq.

90000 – 9000 = 81.000 manat.

Yaxşı olardı ki, vergi orqanları ilə problemlərin yaşanmaması üçün ofşor zonalarda qeydiyyatda olan şəxslərə hər hansı ödəmələr həyata keçirməsinlər.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email