Məzuniyyət vaxtı işçinin təminatları
Azərbaycan Respublikasının Konstitusiyasının 37 maddəsi ilə təsbit edilmiş istirahət hüququnun ən mühüm təminatlarından biri məzuniyyətdir. İşçiyə hər iş ili üzrə bir dəfədən az olmayan ən azı 21 təqvim günü olmaqla məzuniyyət verilməsi təmin edilməlidir. Bu zaman işçinin qanunvericiliklə müəyyən olunmuş hüquqi təminatları var: onun iş yeri, vəzifəsi saxlanılır, habelə ona orta əməkhaqqı ödənilir.
Əməkhaqqının məzuniyyətin başlanmasına 3 gün qalmış ödənilməsi təmin edilməlidir (Əmək Məcəlləsi, maddə 140).
Orta əməkhaqqının hesablanması
Əmək məzuniyyəti vaxtı orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 140-cı maddəsində şərh olunub. Hesablamalar zamanı nəzərə alınan qazancların tərkibi AR NK-nın 137 saylı qərarının 1 saylı əlavəsi ilə tənzimlənir.
Hesablamalar məzuniyyətin başladığı vaxtdan əvvəlki 12 təqvim ayının gəliri nəzərə alınır. Həmin aylar üçün cəmlənmiş əməkhaqqı məbləği 12-yə bölünərək orta aylıq əməkhaqqı məbləği müəyyən edilir. Sonra isə alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına (30,4) bölünür və bir günlük əməkhaqqı tapılır.
Əgər məzuniyyətə buraxılan işçinin işlədiyi müddət 12 aydan az olarsa, hesablamada faktiki işlənmiş aylar əsas götürülür.
Məzuniyyət zamanı orta əməkhaqqının hesablanması haqqında burada daha geniş məlumat verilib.
Orta əməkhaqqının əmsallaşdırılması
Belə hala baxaq: müəssisədə kütləvi əməkhaqqı artımı olub və aylıq ödənişlər dəyişib. Orta əməkhaqqının hesablanması üçün istifadə edilən əvvəlki ayların qazancların məbləği işçinin məzuniyyətə çıxdığı aya nisbətən azdır. Bu zaman işçinin məzuniyyət üçün almalı olduğu orta əməkhaqqı onun həmin dövr üçün faktiki qazancdan his ediləcək qədər az olur. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının 2 saylı əlavəsi – “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydası” tətbiq edilir.
Həmin qaydalar əsasən orta əməkhaqqının əmsallaşdırılması aşağıdakı hallarda həyata keçirilir:
- büdcədən maliyyələşdiriliən idarə və təşkilatlarda əməkhaqqı kütləvi şəkildə artırıldıqda;
- təsərrüfat hesablı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən vəzifə maaşları kollektiv şəkildə artırıldıqda.
Deməli, əmsallaşdırma kütləvi əməkhaqqı həyata keçirilmiş bütün büdcə təşkilatlarına aiddir. Digər sahələrdə çalışanlar üçün əməkhaqqının əmsallaşdırılması kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda həyata keçirilir.
Nəzərə almaq lazımdır ki, tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.
Məzuniyyətin zamanı orta əməkhaqqının əmsallaşdırılması qaydası
Orta əməkhaqqı aşağıdakı qaydada əmsallaşdırılır:
OƏH = ((ƏN1*Ə1 + ƏN2*Ə2 + …….) + ƏN) / N
Burada:
OƏN –orta əməkhaqqı;
ƏN1, ƏN2, ….. – taarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əməkhaqqının cəmi;
ƏN – vəzifə maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əməkhaqqının cəmi;
Ə1, Ə2….. – son kütləvi artımdan sonra taarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində vəzifə maaşlarına olan nisbətdən alınan təshih əmsalları;
N – məzuniyyət haqqı hesablanan zaman nəzərə alınan ayların sayıdır.
Əmsallaşdıma zamanı diqqət edilməli məqamlar
Əmək məzuniyyətinin hesablanarkən orta əməkhaqqının əmsallaşdırılması zamanı yuxarıda qeyd edilən düsturun tətbiq zamanı bəzi məqamlar diqqət etmək vacibdir, məsələn:
- hansı halda əməkhaqqı artımları kütləvi artım hesab olunur?
- təshih əmsalları hansı qaydada hesablanır?
- sonuncu və son artım bir-birindən nə ilə fərqlənir?
Məzuniyyətin hesablanması zamanı orta əməkhaqqının əmsallaşdırılması barədə bu və digər suallara sərbəst auditor Altay Cəfərov vergilər.az saytında aydınlıq gətirib. Həmin yazıdan yuxarıdakı sualların cavabını təqdim edirik:
“Qaydalarda diqqət edilməli məqamlar aşağıdakı kimi şərh edilə bilər:
- “ƏN” termininin açılışından görünür ki, hesablanan cəmi əməkhaqqı sonuncu kütləvi artım ilə bağlıdır. Yəni son 12 ayda bir neçə kütləvi artım ola bilər, amma bu termin sonuncu kütləvi artımı nəzərdə tutur və hesablama onun əsasında aparılır. Burada diqqət yetiriləsi məqam “son” yox, “sonuncu” ifadəsidir.
- İkinci diqqət yetiriləsi termin “ƏN1” və “ƏN2”nin açılışlarıdir. Burada da “sonuncu” ifadəsi vardır. Yəni “ƏN1” və “ƏN2” hesablananda son hər kütləvi artımdan əvvəlki ayrı-ayrı artım dövrlərində olan əməkhaqqılarının cəmi nəzərdə tutulur.
- Üçüncü diqqət yetiriləsi məqam isə “Ə1,Ə2” terminidir. Bu terminin açılışına diqqət yetirsək, burada “sonuncu” ifadəsi yoxdur. Burada “son kütləvi artımdan” ifadəsi yazılıb. Yəni əmsallaşdırmada “sonuncu” və “son” kütləvi artım ifadələrinin çox təsiri vardır.
- “Ə1, Ə2” son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsallarıdır. Burada “sonuncu kütləvi artım” ifadəsi yazılsa idi, onda bütün təhsis əmsalları ƏN-də olan sonuncu artırılmış əməkhaqqına görə hesablanacaqdı. “Son” dedikdə – əvvəlki əməkhaqqından sonrakı artmış əməkhaqqı əvvəlki üçün son artım sayılır. Həmçinin, bu son artmadan sonrakı növbəti artım da onun üçün son artım sayılır.
- Yəni burada “son” dedikdə pilləli formada hesablamalar aparılır.” (mənbə: https://vergiler.az/news/economy/13632.html)
Orta əməkhaqqının əmsallaşdırılmasına nümunə
Büdcə təşkilatında mühasib vəzifəsində çalışan işçinin vəzifə maaşı fevral ayından etibarən artaraq 800 manat olmuşdur. Daha əvvəllər onun maaşı 3 ay müddətində 400 manat, sonra isə artaraq 5 ay ərzində 600 manat idi. İyun ayında 30 günlük əmək məzuniyyətinə çıxan işçinin məzuniyyət haqqı nə qədər olacaq? Orta əməkhaqqının əmsallaşdırılması neçə aparılacaq?
OƏH= ((400 * 1,5 * 3+ 600 * 1,33 * 5) + 800 * 4) / (3+5+4) = 8990 / 12 = 749,16
Əmsallaşdırmadan sonra orta əməkhaqqı 749,16 manat olacaq. Burada təshih əmsalları aşağıdakı kimi hesablanır:
Əmsal 1: Ə1= 600/400 = 1,5;
Əmsal 2: Ə2= 800/600 = 1,33.
Bir günə düşən orta əməkhaqqı: 749,16/30,4= 24,6;
Əmək məzuniyyəti üçün orta əməkhaqqı : 24,6 * 30 gün = 738 manat.

