Vergilər naziri Mikayıl Cabbarov ticarət mərkəzlərində POS-terminalların işləməməsinə münasibət bildirib.
Nazir Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edir.
M.Cabbarov qeyd edib ki, hökumət bu istiqamətdə tədbirlər görməkdədir: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu, rəqəm dinamikanın və vektorun hansı istiqamətə yönəldiyini göstərir. Eyni zamanda 2016-cı illə müqayisədə POS-terminalların sayında 16 faizə qədər azalma olub. Əgər 2016-cı ildə 80 min 301 POS-terminal var idisə, 1 iyun 2018-ci il tarixə 67 032 POS-terminal qeydiyyatdadır”.
Mənbə: apa.az