Hüquqi öhdəliklər
Mühasibat uçotunun beynəlxalq standartları müqavilə şərtlərindən yaxud qanuni tələblərdən irəli gələn öhdəlikləri hüquqi öhdəliklər (legal obligation) kimi xarakterizə edir (bax: 37 №-li MUBS-un (IAS37) 10-cu bəndi). “ Hüquqi öhdəliklər, digər borc öhdəlikləri” kimi, müddətinə görə iki qrupa bölünür və mühasibat uçotunun hesablar planının aşağıdakı hesabları üzrə uçota alınır:
- 413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər”;
- 513 saylı “Qısamüddətli hüquqi öhdəliklər.
Öhdəlik” anlayışı isə yuxarıda qeyd edilən standartda belə şərh olunur: “Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.”
Müddəti 12 ayda az olan hüquqi öhdəliklər müəssisənin qısamüddətli hüquqi öhdəlikləri, 12 aydan artıq olanlar isə müəssisənin uzunmüddətli hüquqi öhdəlikləri hesab edilir. Nümunə kimi, məhkəmə qərarlarından (məsələn, təzminat ödənişi) yaranan borc öhdəliyini göstərmək olar.
Qiymətləndirilmiş öhdəliklər
513 saylı Hesablar Planının 51-ci “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə açılan hesablardan biridir. “Qiymətləndirilmiş öhdəliklər” anlayışı ödəniş vaxtı, dəyəri qeyri müəyyən olan yaxud da ödənilmə ehtimalı aşağı olan öhdəlikləri şərh etmək üçün istifadə edilir. Onlar ehtimaldan yaranır, əsasən hesabat dövrünü əhatə edir, aşağıdakı şərtlərlə müəyyən olunur:
- müəssisənin sahib olduğu cari öhdəlik keçmiş hadisələrin nəticəsidir;
- öhdəliyin ödənilməsi üçün iqtisadi səmərələri təzahür etdirən mənbələrin xaric olunmasının tələb ediləcəyi ehtimal olunmalıdır;
- öhdəliyin dəyəri etibarlı qiymətləndirilə bilməlidir.
Qanunlar əsasında qiymətləndirilən öhdəliklərə qısamüddətli hüquqi öhdəliklər deyilir. Sözügedən öhdəliklər hüquqi öhdəliyin bilavasitə nəticəsi olaraq yaranırlar. Qanunvericilikdə baş verən dəyişikliklər nəticəsində də hüquqi öhdəlik yarana bilər. Hüquqi öhdəliklərin nəticəsi məhkəmə qaydasında rəsmiləşdirilir.
513 №-li “Qısamüddətli hüquqi öhdəliklər” hesabı üzrə tənzimləmələr
Şirkətlərdə mühasibat uçotu hesablarının açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. Qaydaların 41.1-ci maddəsinə əsasən “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:
- 511 nömrəli “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər”;
- 512 nömrəli “Qısamüddətli zəmanət öhdəlikləri”;
- 513 nömrəli “Qısamüddətli hüquqi öhdəliklər”;
- 514 nömrəli “Mənfəətdə iştirak planı və müavinət planları”;
- 515 nömrəli “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;
- 515-1 nömrəli “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” (subhesab).
513 №li “Qısamüddətli hüquqi öhdəliklər” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan hüquqi öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Belə öhdəliklər yaradıldıqda yuxarıda qeyd edilən qaydaların 41.13, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə 41.13.-ci bəndi tətbiq edilir.
Məzənnə fərqi üzrə mühasibat yazılışları qaydaların 41.14-ci bəndi əsasında aparılır.
Qısamüddətli hüquqi öhdəliklərlə bağlı görülən işlər və ya göstərilən xidmətlərlə bağlı mühasibat yazılışları qaydaların 41.15, həmin işlərə və göstərilən xidmətlərə hesablanmış əlavə dəyər vergisi üzrə mühasibat yazılışı 41.16.-cu bəndinə əsaslanaraq verilir.
Belə öhdəliklər ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi halları qaydaların 41.17.-ci bəndilə nizamlanır.
Qısamüddətli öhdəliklər yaradıldıqda müxabirləşmə nümunəsi
“A” MMC və “B” MMC arasında anlaşılmazlıq nəticəsində yaranan münaqişənin həlli üçün “A” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən verilən qərar “A” MMC-nin lehinə olmuşdur və “B” MMC “A” MMC-ə cərimə ödəməlidir. Nəticədə yaranan 5000 manat dəyərindəki hüquqi öhdəliyin 3000 manatı “B” MMC tərəfindən qarşı tərəfin bank hesablaşma hesabına köçürüləcəkdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Qısamüddətli hüquqi öhdəlik yaradıldıqda | 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (bölüşdürülməmiş zərər) | 513 – Qısamüddətli hüquqi öhdəliklər | 5000.00 |
2 | 3000 manat dəyərindəki cərimə “A” MMC-ə ödəndikdə | 513 – Qısamüddətli hüquqi öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 3000.00 |