Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində sadələşdirilmiş vergi rejimində yeni qaydalar tətbiq edilməyə başlanıb. Yeni yanaşma xüsusilə ictimai iaşə, pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əhəmiyyətli vergi üstünlükləri yaradır.

Yenilikləri “Business Service Center” MMC-nin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli şərh edib.

2025-ci ilin sonunadək qüvvədə olan qanunvericiliyə görə, sadələşdirilmiş vergi ödəyiciləri xərclər çıxılmadan əldə edilən gəlirin 2%-i məbləğində vergi ödəyiblər. Təkcə ictimai iaşə və müəyyən xidmət sektorunda fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün bu göstərici 8% olub. Bu ildən tətbiq edilən dəyişiklər də məhz ictimai iaşə və müəyyən xidmət sahələrində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinə aiddir. 2% dərəcə ilə vergi ödəyənlər üçün heç bir dəyişiklik yoxdur.

2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, ictimai iaşə və müəyyən xidmət sahələrində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi dərəcələri ödəniş formasından asılı olaraq fərqli qaydada tətbiq olunur. Bundan sonra:

Mühasibat xidmətləri

• POS-terminal vasitəsilə qəbul edilən nağdsız ödənişlər üzrə sadələşdirilmiş vergi dərəcəsi — 6%;
• nağd qaydada həyata keçirilən əməliyyatlar üzrə isə — 8% müəyyən edilib.

Misal 1

Tutaq ki, “AA” MMC-nin 2026-cı ilin I rübü üzrə göstəriciləri aşağıdakı kimi olub.

• Ümumi dövriyyə – 112.000 manat;

• POS-terminal vasitəsilə əldə olunan dövriyyə – 85.000 manat;

• Nağd dövriyyə – 27.000 manat.

Bu halda sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:

POS-terminal dövriyyəsi üzrə:
85000 x 6% = 5100 manat;

Nağd dövriyyə üzrə:
27000 x 8% = 2160 manat.

Ümumi ödənilməli vergi məbləği:
5100 + 2160 = 7260 manat.

Beləliklə, müəssisənin ödəyəcəyi sadələşdirilmiş vergi məbləği 7.260 manat təşkil edir.

6 faiz dərəcəsinin tətbiqi 3 illik müddət üçün nəzərdə tutulmuş güzəşt mexanizmidir. (Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.) Bu yanaşmanın əsas məqsədləri aşağıdakılardır:

• Sahibkarların elektron ödənişlərə marağının artırılması;

• Nağdsız hesablaşmaların genişləndirilməsi;

• “Kölgə iqtisadiyyatı”nın azaldılması;

• Dövriyyələrin daha şəffaf uçotunun təmin edilməsi;

• Vergi nəzarətinin effektivliyinin artırılması.

Sadələşdirilmiş vergi ödəyiciləri üçün digər bir dəyişiklik POS-terminal vasitəsilə qəbul edilən dövriyyəyə 0,5 əmsalının tətbiqi ilə bağlıdır. Vergi Məcəlləsinin 218.1-1-ci maddəsinə əsasən, pərakəndə satış və vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə qəbul edilən ödənişlərin yalnız 50 faizi üzrə dövriyyə limitinin hesablanması zamanı nəzərə alınır.

Qeyd edək ki, bu güzəşt verginin hesablanmasına deyil, yalnız sadələşdirilmiş vergi rejimində qalmaq üçün nəzərə alınan dövriyyənin müəyyən edilməsinə tətbiq olunur.

Misal 2

“BB” MMC 2026-cı il üzrə fəaliyyət nəticələrinə əsasən satış dövriyyəsi haqqında aşağıdakı məlumatları təqdim edib:

Şirkətin POS-terminal vasitəsilə həyata keçirilən dövriyyəsi 146.000 manat, nağd qaydada həyata keçirilən dövriyyəsi isə 60.000 manat təşkil edib. Bu halda nəzərə alınan dövriyyə belə hesablanır:

146000 x 0.5 = 73000 manat;
73000 + 60000 = 133000 manat.

Beləliklə, müəssisənin nəzərə alınan dövriyyəsi 133.000 manat təşkil edir. Bu məbləğ ƏDV ödəyicisi olmaq üçün müəyyən edilmiş həddən aşağı olduğundan MMC-nin sadələşdirilmiş vergi ödəyicisi statusu saxlanılır.

Mənbə: vergiler.az

Azərbaycanda orta aylıq əməkhaqqı artıb