Sadələşdirilmiş vergi ödəyicilərində dividend məsələləri

posted in: Xəbər | 0
birbank biznes

Dividend nədir?

Sadələşdirilmiş vergi ödəyicilərində dividend üzrə yarana biləcək vergi öhdəliyi haqqında danışmazdan öncə gəlin dividendin nə olduğuna baxaq. “Dividend nədir?” sualına cavab burada verilib. Odur ki, sadələşdirilmiş vergidə dividend məsələləri haqqında danışarkən, dividend haqqında qısa qeydlərlə kifayətlənəcəyik.

Bu anlayışın izahı Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində verilib. Dividend dedikdə kommersiya qurumunun qazandığı xalis mənfəəti qurum sahiblərinə verməsi, onlar arasında bölüşdürməsi prosesi başa düşülür. Paylı cəmiyyətdə bunlar payçılar, səhmdar cəmiyyətində səhmdarlardır. Dividend həm pul, həm də natura formasında verilə bilər. Lakin təsisçilərə edilən hər ödəniş dividend sayılmır. Məsələn, onların nizamnamədəki paylarının nominal dəyəri onsuz da özlərinin olduğu üçün, o hissə dividend anlayışına aid edilmir. Təbii ki, biz artırılmış nominal dəyəri nəzərdə tutmuruq. Şirkətin bağlandıqda aktivlərin payçılara (səhmdarlara) verilməsi dividend anlayışına da daxil edilir.

Sadələşdirilmiş vergi ödəyicilərinin satışdankənar gəlirləri

Bir sıra hallarda sadələşdirilmiş vergi ödəyicilərinin əldə etdiyi satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı suallar yaranır. Bu suallardan biri də sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin dividend gəlirlərinin vergiyə cəlb edilməsidir.

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi satışdankənar gəlirlərin tərkibinə aşağıdakıları aid edir:

  • digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir;
  • müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər;
  • mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər.

Sonuncunun tərkibinə bunlar daxildir:

  • cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ;
  • xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi;
  • qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğlər.

Göründüyü kimi, dividend gəlirləri də satışdankənar gəlirlərdir.

Sadələşdirilmiş vergidə dividend gəlirlərinin vergiyə cəlb edilməsi

Vergi Məcəlləsinin 219.1-ci maddəsi, hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, həmçinin satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicisi həm gündəlik əsas fəaliyyətindən əldə etdiyi gəlirlərdən, həm də əsas və ya əlavə fəaliyyəti ilə bağlı olmayan, yəni satış ilə bağlı olmayan digər gəlirlərdən  vergi ödəməlidir. Burada əsas şərt gəlirin daha əvvəl vergiyə cəlb edilmiş olmamasıdır.

Dividend gəlirləri Vergi Məcəlləsinin 122-ci maddəsi ilə ödəmə mənbəyində 10 faiz vergiyə cəlb edilir. Bu halda dividend alan fiziki və hüquqi şəxslər həmin gəlirindən yenidən vergi ödəmir. Həmin gəlir dividend formasında yenidən verildiyi halda da ondan vergi tutulmur.

Beləliklə, vergi ödəyicisinin hər hansı hüquqi şəxsdə payı, səhmi dividend gəliri əldə edərkən, ondan ödəmə mənbəyində vergi tutulubsa, həmin gəlir yenidən vergiyə cəlb edilmir.


Vergilər haqqında daha çox bilik və bacarıqlar əldə edin


Sadələşdirilmiş vergi ödəyicilərində dividend hesablanması

Bəzi mühasiblər yanlış olaraq elə bilirlər ki, sadələşdirilmiş vergi ödəyicisi öz iştirakçısına dividend verərsə, xərclərini çıxa bilməz.  Digər qismi isə səhvən gəlirdən yalnız xərcləri çıxdıqdan sonra qalan məbləğdən dividend verirlər. Belə bir fikir formalaşıb: dividend yalnız xalis mənfəətdən verilir,  xalis mənfəət anlayışı isə yalnız mənfəət vergi ödəyicilərinə məxsusdur.  Düzdür, xalis mənfəət bildiyimiz kimi vergi çıxıldıqdan sonrakı mənfəətdir, lakin VM sadələşdirilmiş vergi ödəyicilərində dividend hesablamaları zamanı vergi məbləğini çıxmağa da izin verir.

Nümunə: Sadələşdirilmiş vergi ödəyicisinin il ərzində təqdim etdiyi malların dəyəri: 40000 manat, Ümumi xərclər 30000 manat, o cümlədən 25000 manat e-qaimə faktura ilə çəkilmiş xərclər təşkil edir. Təqdim edilmiş mallara görə il ərzində 2000 man dəyərində debitor borc formalaşmışdır. Müəssisənin tək payçısı olan şəxsə verilə biləcək dividend məbləğini hesablayaq:

Mühasibat uçotu üçün mənfəət: 40000-30000=10000

Mühasibat uçotu üçün xalis mənfəət: 10000 – 760 = 9240

Payçıya verilə biləcək dividend: 9240 azn.

(Burada 760 hesablanmış sadələşdirilmiş verginin məbləğidir. Belə ki satış dəyəri 40.000 azn olan mallar üçün 2000 azn dəyərində debitor borc formalaşmışdırsa, 38.000 hasilat olduğu məlum olur. Sonra isə: 38000*2%=760) edilir.

Sadələşdirilmiş vergi ödəyicilərində dividendlə bağlı diqqət edilməli olan növbəti bir məqam  vergidən azad edilmədir. Son 1 il üzrə satış dövriyyəniz iki yüz min manatı aşmırsa, həmçinin uçotu tələb olunan qaydada da aparılırsa təsisçiyə dividend ödəyən zaman vergi tutmaya bilərsiniz.

Rezident müəssisə yuxarıda qeyd edilmiş meyarlara cavab verərsə, onun təsisçisinə ödədiyi dividend vergidən azaddır. Əks halda payçıya ödəmə mənbəyində 10% vergi tutulmaqla geridə qalan hissə ödənilir. Onu da qeyd edək ki, ödəmə mənbəyində vergi tutmuş müəssisələr əlavə olaraq rüb bitdikdən sonra növbəti ayın 20-sinədək sadələşdirilmiş vergi bəyannaməsi ilə birgə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini də təqdim etməlidirlər. Baxmayaraq ki, sadələşdirilmiş vergi bəyannaməsinin tərkibində ödəmə mənbəyində tutulan verginin hesablanması hissəsi var, həmin hissə yalnız daşınar yaxud daşınmaz əmlakla bağlı vergilər üçün nəzərdə tutulmuşdur.


Print Friendly, PDF & Email