Sınaq balansı necə tərtib olunur

posted in: Xəbər | 0

Sınaq balansı nədir?

Sınaq balansı mühasibatlıqda baş kitabın tərtib edilməsindən sonra qurulur. “Baş kitab nədir?” sualını verənlər, cavab üçün buraya keçid edə bilər.  Sınaq balansının tərtib edilməsi üçün hansı nəzəri biliklərə sahib olmaq lazımdır? Minimum biliklərin siyahısını belə tərtib etmək olar?

  • müəssisənin maliyyə balansı;
  • mühasibat uçotu hesabları;
  • təsərrüfat əməliyyatlarının hesablara təsiri;
  • uçot hesablarının qalıqlarının hesablanması.

Adından göründüyü kimi sınaq balansı müəssisənin əsas maliyyə hesabatlarından  olan balansın test olaraq hazırlanması mərhələsidir. Əgər əməliyyatların mühasibat uçotunu düz qurmuşuqsa, maliyyə bərabərliyi təmin edilib, balansımız da düzdür. Lakin mühasib gün ərzində onlarla, bəzən yüzlərlə təsərrüfat əməliyyatlarının uçotunu aparır, hər dəfə maliyyə bərabərliyi çəkə bilmərik. Ümumiyyətlə, səhvdən heç kəs sığortalanmayıb, mühsib də uçot xətasına yol verə bilər. Bu səbəbdən vaxtaşırı sınaq balansı tərtib edilir. Bunu biz mühasiblər əllə, kağız-qələmdən istifadə edərək yaxud mühasibat proqram təminatı  vasitəsi ilə hazırlaya bilərik.

Sınaq balansının mahiyyəti:

  • balans elementləri daxil, bütün hesablar üzrə debet, kredit qalıqlarını üzləşdirmək;
  • ikili yazılış, debet, kredit qaydalarına əməl edilməsini öyrənmək;
  • balansın qorunmasını yoxlamaqdır.

Sınaq balansı mühasibə yol verdiyi nöqsanları vaxtında aşkar edib aradan qaldırmağa kömək edir. Onu mühasibat işçisi özü üçün hazırlayır, kimsə onu təsdiqləmir, kiməsə təqdim edilmir. O, müəssisənin balans hesabatı kimi (MVHH) konkret anı, bir qayda olaraq tərtib edildiyi tarixə maliyyə vəziyyətini əks etdirir.

Mühasibat xidmətləri

Mövcud mühasibat proqramları istənilən an üçün sınaq balanslarını tərtib etməyə imkanı verir.

Sınaq balansı necə tərtib edilir?

Sınaq balansının əsas mahiyyəti hesab qalıqları üzrə balansın qorunmasına əmin olmaqdır. Onu aşağıdakı formalardan birini seçərək hazırlamaq olar:

  • mühasibat balansı;
  • dövriyyə-qalıq cədvəli.

Dövriyyə qalıq cədvəli formasında sınaq balansı digər formadan fərqli olaraq müəyyən dövrü əhatə edir. Belə tərtibat nəinki hesab qalıqları üzrə yekun nəticəni əks etdirir, eyni zamanda əhatə etdiyi dövrün əvvəlinə ilkin qalıqları, hesabları artıran yaxud azaldan məbləğləri görməyə imkan verir.

Bir daha vurğulayırıq ki, sınaq balansı əslində əməliyyatların baş kitablar üzrə ledger hesablara köçürülməsindən sonra tərtib edilir.

Köməkçi hesabların (gəlir və xərc) bağlanılması maliyyə hesabatlarının hazırlanması maliyyə hesabatlarının hazırlanmasının növbəti mərhələsində  olduğu üçün sınaq balansında köməkçi hesablar da açıq vəziyyətdə olduğu kimi görsənir.
Yəni sınaq balansının tərtibi üçün elə ledger hesabların qalıqlarının köçürülməsi kifayətdir.

Lakin unutmayaq ki, sınaq balansı balansın tərəflərinin bərabərliyinin qorunmasını təmin etmək üçündür. Amma, debet qalıqlar kredit qalıqlara bərabərliyi, heç də bütün əməliyyatlar üzrə düzgün uçot ilə aparılmışı mənasına gəlmir. Belə ki, bir sıra yanlış əməliyyatlar sınaq balansı vasitəsi ilə üzə çıxmaya bilər.

Məsələn, əgər siz hansısa bir öhdəlik hesabınıza qeyd etməli olduğunuz məbləği başqa bir öhdəlik hesabında qeyd etmisinizsə və ya uzunmüddətli öhdəliyini qısamüddətli öhdəlik hesabınızda və ya əksinə qeyd etmisinizsə bu sınaq balansında bilinməyəcəkdir. Eyni sözü aktiv hesablarınız barədə də söyləyə bilərik.

Həmçinin bu və ya digər təsərrüfat əməliyyatı tamamilə unudulub uçota alınmayıbsa bu da sınaq balansında üzə çıxmaya bilər.

Nəticə

Sınaq balansı əsasında yalnız hesabların debet və kredit qalıqlarının bərabərliyi haqqında əminliklə mühakimə yürüdə bilərik. Əgər belə bərabərlik yoxdursa, bu, aşağıdakı mümkün səhvləri göstərir:

  • debet qeydi əvəzinə kredit qeydi aparılıb və ya əksinə;
  • hesabın qalığı səhv hesablanıb;
  • hesab üzrə qalıq sınaq balansına köçürülərkən səhvə yol verilib;
  • sınaq balansı üzrə yekunlar düzgün hesablanmayıb.

Əgər səhvi tapa bilmirsinizsə, əvvəlcə baş kitabdakı hesablar üzrə saldonu yenidən hesablamaq lazımdır. Bundan sonra da səhv tapılmadıqda, uçot qeydlərinin baş kitaba düzgün köçürüldüyünü yoxlamaq lazımdır.

301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabı üzrə uçot