Məzuniyyətin hansı növləri var?
Məzuniyyətlər işçinin, iş yerinin, vəzifəsinin saxlanması şərti ilə, iş günləri müddətində müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. İş təcrübəsində əmək məzuniyyəti daha çox istifadə olunur. Onun minimum müddəti 21 təqvim günüdür.
Məzuniyyətin Əmək Məcəlləsinin 112-ci maddəsi ilə müəyyən olunmuş daha bir neçə növü mövcuddur. Onlar aşağıdakılardır:
- sosial məzuniyyət;
- ödənişsiz məzuniyyət;
- təhsil və yaradıcılıq üçün verilən məzuniyyətlər.
Eyni zamanda əmək müqaviləsində, kollektiv müqavilələrdə başqa məzuniyyət növlərinin də nəzərdə tutulması mümkündür.
Sosial məzuniyyət nədir?
Sosial məzuniyyət işçilərə Əmək Məcəlləsinə uyğun olaraq hamiləlik, analıq, uşağa qulluq hallarında onlara əlverişli şərait yaratmaq və digər sosial məqsədlərlə əlaqəli təyin edilir. Bu məzuniyyət növü, onun verilməsi halları AR ƏM-in XIX fəsli ilə nizamlanır.
İşçilərin sosial məzuniyyət hüququ işin müddətindən, yerindən və növündən, müəssisənin təşkilatı-hüquqi formasından asılı deyil. Əmək məzuniyyətinin istifadəsindən asılı olmayaraq, işçinin onu almaq hüququ olan təqvim ili üçün verilir. Cari təqvim ilində sosial məzuniyyətdən istifadə edilməzsə, o, növbəti iş ilinə keçirilmir, işdən çıxma da daxil olmaqla, pul kompensasiyası ilə əvəz edilmir.
Əmək məzuniyyəti ilə onun arasındakı əsas fərq bunlardır:
- sosial məzuniyyət istirahət və əmək qabiliyyətinin bərpası üçün deyil, sosial faydalı hesab edilən digər məqsədlər üçün verilir;
- sosial məzuniyyət hüququ görülən işin müddətindən asılı deyil;
- sosial məzuniyyət işçinin əsas və əlavə əmək məzuniyyətlərinə əlavə olaraq, onlarla birlikdə və ya ayrıca verilən məzuniyyətin müstəqil növüdür;
- sosial məzuniyyət müddəti üçün əmək haqqı Əmək Məcəlləsində, kollektiv müqaviləlilərdə, əmək müqaviləsində nəzərdə tutulmuş hallarda saxlanılır; sosial məzuniyyət müddəti üçün dövlət sosial sığorta müavinəti ödənilir;
- sosial məzuniyyət iş ili üçün deyil, təqvim ili üçün verilir.
Sosial məzuniyyətlərin spesifikliyi, ilk növbədə, onların məqsədli təyinatı, əsasları, şərtləri olması və verilməsi qaydalarıdır.
Sosial məzuniyyətlərin növləri
Qanunvericiliyə əsasən sosial məzuniyyətlərin 3 növü mövcuddur:
- hamiləlik və doğuşa görə məzuniyyətlər;
- uşaqları övladlığa götürən qadınların məzuniyyəti;
- qismən ödənişli məzuniyyət.
Hamiləlik və doğuşa görə məzuniyyətdən əmək müqaviləsi üzrə işləyən bütün qadinların istifadəsi mümkündür. Məzuniyyətin müddətləri qadınların işlədiyi sahədən, doğuşun çətinliyindən asılı olaraq dəyişir. İş sahələri aşağıdakı iki qrupa ayrılır:
- kənd təsərrüfatı istehsalı;
- iqtisadiyyatın digər sahələri.
Kənd təsərrüfatı sahəsində çalışan qadınlar üçün bu sosial məzuniyyətin müddəti 140 gün, digər sahələrdə işləyən qadınların məzuniyyəti 126 gün olmaqla, doğuşdan əvvəlki və sonrakı vaxtı əhatə edir (ƏM, maddə 125). Belə fərqli müddət kənd təsərrüfatında işin daha ağır, çətin olması, qadınların daha çox fiziki əməyə cəlb olunması ilə bağlıdır. Həmçinin, doğuşun normal, ya da çətin olması, iki, yaxud daha çox uşağın doğulmasından asılı olaraq məzuniyyətin müddəti artırıla bilər.
Hamiləlik və doğuşa görə məzuniyyət haqqında buradan daha ətraflı məlumat ala bilərsiniz.
Uşaqları 2 aylıq yaş həddinə qədər övladlığa qəbul edilmiş qadınlara, doğuşdan sonra müəyyən edilən 56 günlük sosial məzuniyyət verilə bilər. Bu uşağı övladlığa götürmədən böyüdən qadınlara da aiddir.
Sosial məzuniyyətin bu növündən istifadə edən qadınlar həm uşaqlı qadınlara təyin edilən əlavə məzuniyyətlərdən, həm də qismən ödənişli məzuniyyətdən istifadə edə bilərlər.
Qismən ödənişli məzuniyyətlər 3 yaşdan kiçik uşaqlara qulluq etmək məqsədilə təyin olunur (ƏM maddə 127). Məzuniyyətin müqavilə ilə işləyən valideynlərdən hər hansı birinə, yaxud da ailənin digər üzvünə verilməsi mümkündür, lakin təcrübədə bu məzuniyyətdən daha çox analar istifadə edir. Qismən ödənişli məzuniyyətdə olan işçinin müqaviləsinin işəgötürən tərəfindən ləğvi yolverilməzdir, uşağa qulluq edən şəxsin işlədiyi yerin, vəzifəsinin saxlanması zəruridir.
Sosial məzuniyyətlərin üzrə ödənişlərin hesablanması
Hamiləlik, doğuşa görə məzuniyyətlərdə ödənilən müavinətlər xəstəlik vərəqəsi əsasında müəyyən edilən müddətlərə görə təyin olunur. Həmin müavinətlərin işçinin qazancının 100 faizi mıqdarında müəyyənləşməsi və müraciət müddətini məhdudlaşdırmadan ödənməsi tələb olunur. Ola bilər ki, işçi məzuniyyətdə olduğu müddətdə onun vəzifə maaşında dəyişiklik olsun. Bu halda təyin olunmuş müavinət əmək haqqının artmış miqdarı nəzərə alınaraq təzədən hesablanmalıdır.
Əgər hamiləliyə, doğuma görə məzuniyyətin müddəti həm əmək məzuniyyəti, həm də qismən ödənişli məzuniyyətlə (həmçinin, əmək haqqı saxlanılmadan) eyni vaxtda olarsa, bu halda xəstəlik vərəqəsi əsasında məzuniyyətin bütün günləri üçün müavinət verilməlidir. Sosial məzuniyyətlər üçün müavinətlərin düzgün təyin olunmasına və hesablanmaşına həmkarlar ittifaqı təşkilatları nəzarət edərək məsuliyyət daşıyırlar.