Əsas və əlavə məzuniyyət
Məzuniyyət hər bir işləyən vətəndaşın istirahət hüququnun, habelə digər zəruri ehtiyaclarının təminatıdır. O, qanunvericilikdə müəyyən edilmiş müddətə verilir, ödənişli yaxud ödənişsiz ola bilər. Ödənişli məzuniyyət Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada işəgötürənin hesabına ödənilir. İnsanın istirahət hüququ ölkə konstitusiyasında təsbit olunub. Məzuniyyətin verilməsi və ya ödənilməsi qaydalarını pozduqda işəgötürən inzibati məsuliyyətə cəlb olunur.
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
- əmək;
- sosial;
- təhsil
- ödənişsiz məzuniyyət.
İşçilərin əmək məzuniyyəti AR Əmək Məcəlləsinin on yeddinci fəsli ilə tənzimlənir. Əmək məzuniyyəti əsas və əlavə kimi iki hissədən ibarətdir. Əmək müqaviləsi bağlanmış hər bir işçinin illik ödənişli əsas məzuniyyət hüququ vardır. Bəzi işçilərin illik ödənişli əlavə məzuniyyət hüququ vardır. Ümumi qəbul edilmiş qaydalara görə əsas əmək məzuniyyətini müddəti 21 təqvim günündən az ola bilməz. Amma istisnalar da var, bəzi kateqoriya işçilərə müddəti uzadılmış əmək məzuniyyəti verilir, məsələn, pedaqoji fəaliyyətlə məşğul olanlar.
İşçi müəyyən bir işəgötürənlə altı ay fasiləsiz işlədikdən sonra ilk iş ili üçün illik məzuniyyət məqsədi ilə müraciət edə bilər, amma Məcəllənin 131.4 maddəsində bir sıra istisnalar var. İşin ikinci və sonrakı illərinə görə məzuniyyətin vaxtı işəgötürənlə qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Əlavə məzuniyyət işçinin əsas məzuniyyətinə əlavə edilmiş günlərdən ibarətdir. Onu əsas məzuniyyətdən fərqləndirən başlıca cəhət müddəti, verilmə qaydasıdır. Əlavə məzuniyyətin təyini zamanı nəzərə alınan xüsusiyyətlərinə görə onları aşağıdakı qruplara ayıra bilərik:
- iş şəraiti və əmək funksiyasına görə təyin olunanlar;
- iş stajı nəzərə alınmaqla müəyyən olunan;
- uşaqlı qadınlara əlavə məzuniyyətlər.
Əmək şəraitinə və əmək funksiyasına görə əlavə məzuniyyətlər
Belə məzuniyyət iş şəraitinin xüsusi qiymətləndirilməsinin nəticələrinə görə zərərli və ya təhlükəli hesab edilən, habelə əmək funksiyası yüksək həssaslıq, zehni və fiziki gərginliklə bağlı olan işçilərə verilir.
Əmək şəraitinə və əmək funksiyasına görə əlavə məzuniyyətin müddəti ən azı 6 gün olmalıdır. Belə iş yerlərinin siyahısı AR NK-ın xüsusi siyahısı ilə müəyyən edilir. Siyahıya nəzər salsaq əlavə məzuniyyətin müddətini 24 gün olan iş yerinə də rast gəlmək olar (məsələn, dəniz səviyyəsindən 4000 m-dən yuxarıda hündürlükdə çalışan işçilər).
Əmək stajına görə verilən əlavə məzuniyyət
Məzuniyyət müddəti təqvim günləri ilə hesablanır. ƏM 116-cı maddəyə uyğun olaraq staj üzrə məzuniyyətlərin təsnifləşdirilməsi aşağıdakı şəkildə aparılır:
- 5 -10 il arası – 2 təqvim günü;
- 10-15 il arası – 4 təqvim günü;
- 15 ildən yuxarı – 6 təqvim günü.
Əlavə məzuniyyətlər işçinin bütövlükdə malik olduğu iş stajı əsasında təyin olunur. Onun müddəti isə əməl müqaviləsi bağlayaraq işlədiyi dövrə uyğun müəyyənləşir.
Sual yaranır ki, bəs işçinin stajı dedikdə tam olaraq hansı müddətlər nəzərdə tutulur? ƏM-nin 116-cı maddəsinə əsasən həmin müddətlərə aşağıdakılar daxildir:
- müqaviləyə uyğun işçinin faktiki iş müddəti;
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
- iş yerinin, əməkhaqqının saxlandığı müddət. (ƏM maddə 179).
Uşaqlı qadınlara verilən əlavə məzuniyyət
İşçilərə verilən əlavə məzuniyyətin növlərindən biri uşaqlı qadınlara müvafiq məqsədlər üçün təyin edilən məzuniyyətdir. Bu məzuniyyətlər iş stajı nəzərə alınmadan müəyyən olunur və onun müddəti ƏM-də maddə 117 ilə tənzimlənir. Təsnifləşdirmə aşağıdakı şəkildədir:
- 14 yaşına çatmayan iki uşağı olanlar – 2 təqvim günü;
- 14 yaşına çatmayan üç, ya da daha artıq uşaqları olanlar – 5 təqvim günü;
- 18 yaşınadək əlil uşaqları olanlar- 5 təqvim günü.
Əgər uşaqlardan hər hansı birinin 14 yaşı tamamlanmış olarsa, işçinin məzuniyyətdən istifadə hüququ ilin sonuna qədər qüvvədə qalmış hesab olunur.
Yuxarıda sadalanan məzuniyyət günləri həmçinin, aşağıdakı qeyd olunan şəxslərə də aiddir:
- təkbaşına uşaq böyüdən atalar;
- övladlığa uşaq götürmüş şəxslər.
Əlavə məzuniyyətdən istifadə hüququnun tənzimlənməsi
İşçilərin əlavə məzuniyyətdən istifadə hüququ Əmək Məcəlləsinin 115, 116, 117-ci maddələri üzrə tənzimlənir. Həmçinin, həmin maddələrdə fərqli xüsusiyyətlərə əsasən verilən məzuniyyətlərin müddətləri təyin edilib.
Həm staj üzrə, həm də uşaqlı qadınlara təyin olunan məzuniyyətlər (ƏM maddə 116, 117) aşağıdakı şəxslərə şamil edilmir:
- pedaqoji, elm sahəsində fəaliyyət göstərən işçilər;
- fizioloji keyfiyyətlərinə görə məzuniyyətin verildiyi işçilər;
- Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər;
- teatr-tamaşa, televiziya, radio, kinematoqrafiya qurumlarında çalışan işçilər.
Təcrübədə yaşanan hallardan biri də, işçinin bir, ya da daha artıq məzuniyyətlərdən istifadə hüququnun olmasıdır. Belə olan halda, ƏM-də 136.1 maddəyə müvafiq olaraq əsas məzuniyyətlə əlavə məzuniyyətlər birləşərək verilə bilər. İşçiyə iki, ya da daha çox məzuniyyətlər təyin edildikdə əsas məzuniyyətə müddəti daha çox olan əlavə məzuniyyət birləşdirilməlidir (ƏM maddə 136.2). Həmin məzuniyyətlərin cəmlənməsi qaydaları haqqında daha ətraflı şəkildə buradan məlumat əldə etmək olar. Müqaviləyə xitam verildikdə, staja görə təyin olunan məzuniyyətə görə pul əvəzi ödənilmir. Pul kompensasiyası yalnız əsas məzuniyyətə görə verilir (ƏM maddə 144.3).