Suvenirlərin alqı-satqısının rəsmiləşdirilməsi və xərc kimi gəlirdən çıxılması qaydası

posted in: Xəbər | 0
birbank biznes

Son illərdə Azərbaycanda turizm sektorunun inkişafı bir çox xırda əlaqəli sahələrin də formalaşmasına təkan verib. Bu fəaliyyətlərdən biri də mikro sahibkarlar tərəfindən suvenirlərin (oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin) hazırlanması və onların ixtisaslaşmış mağazalarda fəaliyyət göstərən sahibkara satışından ibarətdir.

Bəs müxtəlif materiallardan suvenirlər hazırlayan şəxslərin vergi öhdəliyi varmı? Suvenirlərin alqı-satqısı necə rəsmiləşdirilir? Alqı-satqı əməliyyatlarında hər hansı bir məhdudiyyətlər varmı? Bütün bunlarla bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir: 

Praktiki olaraq bu sahədə əməliyyatlar aşağıdakı kimi formalaşır:

  • Suveniri hazırlayan (istehsal edən) şəxs məhsulu alıcıya satır.
  • Alıcı həm sıravi vətəndaş, həm də sahibkar və ya pərakəndə satış mağazası olan hüquqi şəxs ola bilər.
  • Adətən, təcrübədə sondakı kimi əməliyyatlar çoxluq təşkil edir.

İkinci ən vacib məsələ suvenirləri hazırlayan şəxslərin vergiyə cəlb olunması məsələləridir. Normalda suveniri hazırlayıb (istehsal edən) satan şəxs artıq sahibkardır və sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlir. Sahibkardırsa, deməli, vergi ödəyicisi kimi uçota alınmalıdır. Bəs hesabatlılıq necə olmalıdır?

Vergi ödəyicisi kimi uçota alındıqdan sonra suveniri hazırlayan şəxsin alıcılarına uyğun olaraq hesabatlılıq formalaşır. Əgər onun alıcıları əhali olarsa, artıq suveniri istehsal edən şəxs Vergi Məcəlləsinin 218-ci maddəsinin tələblərini nəzərə almaqla sadələşdirilmiş verginin ödəyicisi olur və vətəndaşlara satdığı suvenirləri mədaxil qəbzləri ilə rəsmiləşdirməklə satır. Əvvəldə də qeyd etdiyim kimi, bu məsələlər ancaq suvenir istehsalı ilə məşğul olan şəxslərə aiddir.

İkincı hal kimi suvenirləri sahibkarlara sata bilər. Bu zaman artıq şəxs sadələşdirilmiş verginin ödəyicisi mükəlləfiyyətindən çıxır və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərir. Həmçinin, alıcılara elektron qaimə-fakturalar təqdim edir.

Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə olunan və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə olunan gəlir gəlir vergisindən azaddır.

Məcəllənin 102.1.12-ci maddəsində isə göstərilib ki, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.

Həmin maddələrin tələblərinə görə, suvenir istehsal edən fiziki şəxs olan sahibkarların bu fəaliyyətdən əldə etdikləri gəlirləri vergidən azaddır. Odur ki, belə sahiblarlar heç bir vergi ödəməyəcək, sadəcə, sadələşdirilmiş vergi bəyannamələrini boş təqdim edə bilər. Sırf bu fəaliyyətlə məşğul olacaqlarsa, vergi orqanlarına müraciət etməklə mükəlləfiyyətini ləğv edə bilərlər. Əgər gəlir vergisi ödəyici olacaqdırsa, onda bəyannaməyə Əlavə 3-ün 9-cu və 13-cü sətirlərində dövriyyəni əks etdirməklə vergidən azad oluna bilərlər.

Ancaq təcrübədə rəsmiləşdirmələr başqa formada da həyata keçirilir. Belə ki, suvenirlər istehsal edən şəxslər, sadə formada desək, heç bir vergi öhdəliyi yaranmadığından, vergi ödəyicisi kimi uçota durmurlar və onlardan suvenirləri alan şəxslər malların alış aktlarına əsasən rəsmiləşdirirlər.

Normalda malların alış aktları şəxslərin özləri üçün, şəxsi istehlaka istifadə edəcəkləri, etdikləri əşyaların, inventarların sahibkarlar tərəfindən əldə etdikləri zaman həmin alıcılar tərəfindən tərtib olunur.
Mahiyyət etibarilə bütün hallarda nəticə eyni olduğundan, vergi orqanları bunu qəbul edir və nəzərə alır. Yəni, hər bir şəxs öz istehlakı üçün əldə etdiyi, düzəltdiyi suveniri sata bilər və sonda onun heç bir vergi öhdəliyi yaranmır.

Bəs belə olan halda malların alış aktı ilə alışı rəsmiləşdirən sahibkarın hər hansı bir vergi öhdəliyi yaranırmı? Vergi Məcəlləsinin 101.6-cı maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim olunmasından əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad edilən gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin həm 102.7-ci, həm də 101.6-cı maddələrinə görə, suvenirləri malların alış aktlarına əsasən rəsmiləşdirən şəxslərin ödəmə mənbəyində heç bir vergi tutmaq öhdəliyi yoxdur. Həmçinin, 01.01.2024-cü ilə kimi bu qaydada rəsmiləşdirdiyi suvenirlərin dəyərini tam olaraq xərcə sala bilərdi. Ancaq Vergi Məcəlləsində edilmiş son dəyişikliyə görə, 01.01.2024-cü il tarixindən tələblər dəyişib.

Məcəllənin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Maddədən də aydın olur ki, artıq malların alış aktları ilə suvenirlərin alışını rəsmiləşdirmiş vergi ödəyiciləri vergitutma məqsədləri üçün onların dəyərini tam olaraq xərcə sala bilməyəcəklər. Artıq 2 faiz həddində bir limit qoyulub.

Misal: Tutaq ki, suvernirlərin alışını və satışını həyata keçirən sahibkar mart ayında malların alış aktı ilə 5.000 manatlıq suvenirlər alıb və 10.000 manata satıb. Bu zaman sahibkar 200 manatlıq suvenirin dəyərini xərc kimi gəlirdən çıxa biləcək: 10000 x 2% = 200 manat, yerdə qalan 4.800 manatlıq dəyər isə gəlirdən çıxılmayaraq xalis mənfəət hesabına bağlanacaq: 5000 – 200 = 4800 manat.

Vergi Məcəlləsində edilmiş bu dəyişiklik ümumi olaraq bir çox neqativ halların aradan qaldırılması məqsədi daşıyır. Yəni, bir çox vergi ödəyiciləri malların alış aktları formasında rəsmiləşdirmələr aparmaqla bnir sıra neqativ əməliyyatlar aparırdılar və vergidən yayınma hallarına yol verirdilər. Artıq bu məsələlərdə də suvenirləri alıb-satan sahibkarlar diqqətli olmalıdırlar. Yaxşı olardı ki, suvernirləri VÖEN-i olan səxlərdən əldə etsinlər ki, sonda dəyərini elektron qaimə-fakturalar hesabına tam xərcə sala bilsinlər.

Torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanması metodları

Print Friendly, PDF & Email