Təhsil məzuniyyəti
Əmək qanunvericiliyi eyni vaxtda işləyən və təhsil alan işçilər üçün əlavə təminatlar müəyyən edir. Təhsil məzuniyyətləri belə təminatlardandır. Təhsil alan işçilərə həm ödənişli, həm də ödənişsiz məzuniyyətlər verilə bilər.
Ödənişli təhsil məzuniyyətinin tənzimlənməsi Əmək Məcəlləsinin 123-124-cü maddələri əsasında aparılır. Məzuniyyət işçilərə aşağıdakı hallarda təyin olunur:
- müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, imtahanları vermək üçün;
- dövlət imtahanları dövründə;
- diplom layihəsinin hazırlanması və müdafiəsi zamanı.
Bu məzuniyyətin verilməsi üçün əsas, bir qayda olaraq, təhsil müəssisəsindən alınan xüsusi arayışdır. Təhsil məzuniyyəti həmin arayışda qeyd edilən vaxtda verilməlidir, onun başqa vaxta keçirilməsi yolverilməzdir. Məzuniyyətin müddəti əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Əmək Məcəlləsi 124-cü maddədə nəzərdə tutulmuş vaxtdan artıq ola bilməz.
Məzuniyyət ərizəsi
Təhsil məzuniyyəti haqqında əmr işçinin ərizəsi və təhsil aldığı müəssisədən verilən arayış əsasında rəsmiləşdirilir. Məzuniyyət üçün ərizənin vahid forması yoxdur, buna görə işçi onu istənilən formada və ya müəssisənin daxili qaydalarına uyğun yazmaq hüququna malikdir. Əsas odur ki,ərizədə aşağıdakı məlumatlar:
- müəssisənin adı;
- ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
- ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
- məzuniyyətin növü, müddəti;
- işçinin təhsil aldığı müəssisəsinin adı;
- işçinin tam adı və imzası;
- ərizənin tarixi qeyd edilsin.
Müəssisə və təşkilatlarda müəyyən edilmiş qaydalardan asılı olaraq təhsil məzuniyyəti üçün ərizə kadrlar şöbəsinə şəxsən və ya elektron informasiya sistemi vasitəsilə təqdim edilə bilər.
Ödənişli təhsil məzuniyyət üçün ərizə formasını yüklə
Ödənişsiz təhsil məzuniyyət üçün ərizə formasını yüklə
Təhsil məzuniyyəti əmri
Müəssisənin rəhbəri ərizə və ona əlavə edilmiş arayışa əsasən məzuniyyətin verilməsi haqqında müvafiq əmr verməlidir. Əmr əsasında müəssisənin mühasibatlıq şöbəsi məzuniyyət dövrü üçün orta əməkhaqqını hesablayır və kadrlar şöbəsi isə işçinin məzuniyyəti barədə məlumatları məzuniyyət cədvəlinə daxil edir.
Əmrdə aşağıdakı məlumatlar qeyd olunur:
- təşkilatın adı;
- əmrin nömrəsi və onun hazırlanma tarixi;
- işçinin adı, atasının adı və soyadı;
- işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
- verilən məzuniyyətin növü, müddəti;
- məzuniyyətin başlanğıc və bitmə tarixi;
- məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
- işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
- işçinin imzası.
Təhsil məzuniyyəti əmri (sərəncam, qərar) məzuniyyətin başlamasına azı 5 gün qalmış verilir və uyğun məzuniyyət məbləği ən azı 3 gün qalmış ödənilir . Əmr bir nüsxədə tərtib edilir və müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olur və onu imzalayır. Təhsil məzuniyyəti üçün əmrlərin saxlanma müddəti ən azı 5 ildir .