Dünya bankının 2018-ci il üçün “Biznesin aparılması” reytinqinə daxil olan vergi ödənişlərinin sadələşdirilməsi indikatoruna görə, Ukrayna keçən il qərarlaşdığı 84-cü yerdən 43-ü yerə yüksəlməyə nail olmuşdur. Ölkə bu nailiyyəti ödənişlərin şəffaflığının və asanlığının artırılması ilə bağlı əhəmiyyətli dəyişikliklər sayəsində əldə etmişdir. Mühüm tədbirlər arasında ƏDV-nin qaytarılmasının online rejimdə avtomatlaşdırılmış şəkildə aparılması sistemi də vardır: İndiyədək tətbiq olunan sistem qapalı olduğuna görə korrupsiyaya şərait yaradır. Ukrayna internet üzərindən vergi ödənişlərinin sayını əsaslı şəkildə artırmışdır ki, bu da tranzaksiyaların daha sadə və şəffaf olmasını təmin edir.
Onu da qeyd edək ki, vergi ödənişi sahəsində ciddi irəliləyiş olsa da, Dünya Bankının ümumi reytinqində Ukraynanın mövqeyi cəmi 4 pillə irəliləmişdir: 190 ölkə arasında 76-cı yer (keçən il isə 80-ci yerdə idi). Hazırda Ukraynada fəaliyyət göstərən şirkətlər öz mənfəətlərinin 37 faizini vergilər şəklində dövlət büdcəsinə ödəyirlər. Avropa və Mərkəzi Asiya ölkələri üçünsə orta göstərici 33,1 faiz təşkil edir.
Mənbə: vergiler.az