Vergi güzəşti və azadolmalarına yeni yanaşma

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi güzəştiHazırda vergi sistemində aparılan islahatların əsas prioritetlərindən biri güzəşt və azadolmalarla bağlı siyasətə yenidən baxılması, bu sahədə ünvanlılığın təmin edilməsidir. Aparılan monitorinqlər  zamanı meydana çıxan bir sıra məqamlar güzəştlərin səmərəliliyinin təmin edilməsini daha da aktuallaşdırıb. Xüsusilə bəzi iqtisadi sahələrdə nəzərdə tutulan hədəflərə xidmət etmədiyindən, güzəştlərə yeni baxış zəruri məsələyə çevrilib.

Təhlillər və araşdırmalar göstərir ki, güzəştlər heç də həmişə iqtisadi inkişafı, ictimai və dövlət maraqlarını gözlənilən səviyyədə təmin etmir. Bəzən verilən güzəştlərdən sui-istifadə hallarına rast gəlinir. Vergi güzəştlərinin «itirilməsi» onun ünvanlı olmamasından, vergitutmanın ədalətlilik prinsipinin pozulmasından və verilmiş güzəştdən təyinatı üzrə istifadə edilməməsindən yaranır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Güzəşt hüququ olan sosial kateqoriya adından sui-istifadə edilir

Bir sıra hallarda güzəştlər istehsalçı və ya ixracatçı şəxslərin maddi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarsa da ölkənin əsas istehlakçıları, aztəminatlı təbəqələr və dövlət bundan fayda görmür. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalçıları vergidən azad olunduğundan, bəzi hallarda emalla məşğul olan sahibkarlar da istehsal təyinatı adı altında vergidən yayınmağa çalışırlar. 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş əlavə dəyişikliklərlə həmin məsələ ilə bağlı konkretlik təmin olunsa da, bəzi emalçılar yenə də sui-istifadəyə cəhd edirlər.

Bundan başqa, investisiya məqsədləri üçün tətbiq olunan vergi güzəştləri də təyinatı üzrə istifadə edilmir, investor həmin vəsaiti təkrar istehsal və iqtisadi layihələr üçün deyil, digər məqsədlərə yönəldir. Müşahidələr göstərir ki, bəzi hallarda güzəşt nəticəsində əldə edilən dövriyyə vəsaitinin təxminən 70%-i mənimsənilir və yalnız 30%-i təyinatı üzrə istifadə olunur.

Güzəştlərdən sui-istifadə hallarına sosial məqsədli vergilərdə də rast gəlinir. Vergi güzəştləri – məqsədlərinə görə həm də sosial xarakterlidir: vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Son illərdə tələbələrin, əlillərin və əhalinin digər aztəminatlı təbəqələrinin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğinin 2 dəfəyədək artırılması, 2016-cı il yanvarın 1-dən fiziki şəxslərin aylıq əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştləri də qeyd etmək mümkündür. Ticarət, xidmət, ictimai iaşə və digər sahələrdə həmin kateqoriyadan olan şəxslərin adları rəsmiləşdirilir ki, bu da həm hüquqi, həm iqtisadi, həm də mənəvi cəhətdən yolverilməzdir. 2017-ci ildə vergi güzəşti və azadolmalarının strukturuna diqqət yetirsək, birinci yeri gəlir vergisinin tutduğunu görmək olar (ümumi azadolmaların 35%-i). Yaxud vergi güzəşti və azadolmalarından istifadə edənlərin 92,2%-ni fiziki şəxslərin təşkil etməsi qeyd olunan sahələrdə bu rəqəmin kifayət qədər böyüklüyündən xəbər verir və şübhələrə yol açır.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin güzəşt və azadolmaların həcmini müəyyən etmək məqsədilə apardığı monitorinqin nəticələri göstərir ki, itirilmiş vergi məbləğinin həcmi son 5 ildə 13 dəfədən çox artıb. Bu fakt bir daha güzəştlərdən bəzi hallarda məqsədsiz və ünvansız istifadə olunduğunu təsdiqləyir.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Güzəştlər ələbaxımlılıq və tənbəllik yaratmamalıdır

«İqtisadi resursların öyrənilməsi» İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev hesab edir ki, vergi güzəştləri istehsal və xidmət sahələrinin genişləndirilməsi, yeni sahibkarlıq subyektləri  və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Dövlət bu və ya digər sahənin dirçəldilməsinə kömək etmək, onun regional və beynəlxalq səviyyədə rəqabətədavamlı olmasını təmin etmək məqsədilə öz büdcə gəlirlərindən imtina edir. Bir çox ölkələrin təcrübəsindən də göründüyü kimi, vergi güzəşti və azadolmaları müəyyən dövr üçün həmin sahənin «ayağa qaldırılmasına» və inkişaf etdirilməsinə kömək məqsədilə verilir. Yəni bu güzəştlər əbədi deyil və müəssisənin normal gəlir əldə etmək imkanları yarandıqdan sonra dayandırılır. Ona görə də sahibkarlar güzəşt tətbiq olunduğu dövrdə yaradılmış bu fürsətdən sərfəli istifadə etməli, istehsal və xidmət sahələrini genişləndirməli, vergi güzəşti sayəsində əldə olunan vəsaitləri təkrar investisiya mənbəyi kimi istifadə etməlidirlər.

Təəssüf ki, bəzi üzdəniraq sahibkarlar güzəştləri həyat tərzinə çevirir və tənbəlləşir, vergi ödəmək vərdişindən uzaqlaşırlar. Vergi azadolmaları dövrü başa çatdıqdan sonra onlar vergi ödəməyi sanki ağır yük kimi qəbul edirlər, vergi intizamına əməl etməkdə çətinlik çəkirlər.

Dünya təcrübəsindən də göründüyü kimi, sahibkarlığı stimullaşdırmağın ən yaxşı vasitəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, optimal vergi mexanizminin yaradılmasıdır. Bu siyasət özünü daha yaxşı doğruldur və bütün sahibkarların fəaliyyəti üçün əlverişli və bərabər imkanlar yaradır.

Əsas hədəf vergi dərəcələrinin optimallaşdırılmasıdır

Vergi orqanları ilə bərabər digər iqtisadi strukturlar, maliyyə orqanları da ölkədə həyata keçirilən büdcə-fiskal siyasətin əsas hədəflərindən biri kimi iqtisadi səmərəlilik baxımından vergi-gömrük rejiminin təkmilləşdirilməsini məqsədəuyğun hesab edir. Maliyyə və İqtisadiyyat nazirliklərinin ölkəmizin 2018-2020-ci illərə dair hazırladıqları iqtisadi inkişaf proqnozlarında bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxılması, güzəştlərin məhdudlaşdırılması, bir sıra sahələrdə vergi dərəcələrinin optimallaşdırılması, sadələşdirilməsi ilə əlaqədar istiqamətlər öz əksini tapıb. Hökumət müasir mərhələdə vergi güzəştlərinin əsas etibarilə kiçik və orta sahibkarlığın həvəsləndirilməsinə və fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət etməli olduğunu vacib sayır. Proqnozlara görə, həmin hədəflərin gerçəkləşdirilməsi sahibkarlığın inkişafına əlavə təkan verəcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email